Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:55

Rusiyada Qazaxıstanın varlığına hədələr səslənir


Vladimir Putin (sağda) və Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev (Arxiv fotosu)
Vladimir Putin (sağda) və Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev (Arxiv fotosu)

AzadlıqRadiosunun müxbiri Brüs Pannier yazır ki, bu yaxınlarda Rusiyada Qazaxıstanın bir dövlət kimi möcudiyyətinin sual edilməsi və bu istiqamətdə hərəkətlər heç şübhəsiz bir çox qazaxın hiddət və narahatlığına səbəb olacaq.

Dekabrın 10-dan bəri Rusiya Dövlət Dumasının iki deputatı iddia edib ki, Qazaxıstanın hazırkı ərazisi ona Rusiya tərəfindən “hədiyyə” edilib.

Bundan xeyli əvvəl, 2014-cü ildə Rusiya prezidenti Vladimir Putin demişdi ki, 1991-ci ildə Sovet İttifaqı çökənədək “qazaxların heç bir dövlətçiliyi” olmayıb.

Rusiya Dövlət Dumasının deputatı və parlamentin təhsil və elm komitəsinin rəhbəri Vyaçeslav Nikonov Rusiyanın 1-ci dövlət telekanalının “Böyük oyun” proqramının 1991-ci il Beloveja Razılaşmasına (bu razılaşma SSRİ-nin dağılmasını təsbit edib – red) həsr edilmiş verilişində çıxış edib.

Nikonov deyib ki, 1917-ci ildə Sovet İttifaqı yaradılanda “Qazaxıstan bir dövlət kimi sadəcə olaraq mövcud deyildi, onun şimal ərazilərində insan yaşamırdı”.

Deputat bildirib ki, bu ərazilər sonradan SSRİ və ya Rusiya tərəfindən qazaxlara “peşkəş” edilib.

Səxavətli ilə nankor

Bunun ertəsi gün Rusiyanın Vətənpərvərlik hərəkatının bir fəalı Qazaxıstanın Moskvadakı səfirliyinin darvazasına plakat yapışdırıb. Plakatda yazılmışdı: “Şimali Qazaxıstan Rusiya torpağıdır”.

Nikonov daha sonra Telegram postunda yazıb:

“Mən inanıram ki, sonradan Qazaxıstan Respublikasının sərhədlərinə çevrilmiş Qazaxıstan Sovet Sosialist Respublikasının sərhədləri çəkilərkən Qazaxıstanın bütün maraqları gözlənib. Mən fürsətdən istifadə edərək qardaş Qazaxıstan xalqına ən səmimi hisslərimi ifadə etmək istərdim”.

Məqalədə deyilir ki, bu məsələ burada bitə bilərdi, amma bitməyib.

Qazaxıstan
Qazaxıstan

Dövlət Dumasının başqa bir deputatı Yevgeni Fyodorov dekabrın 13-də BELRUSINFO YouTube kanalında görünüb.

O deyib ki, Nikonovun Qazaxıstan ərazisi barədə dedikləri ilə tam razıdır və bu, Rusiyanın “doğrudan da böyük peşkəşi” olub.

Amma Fyodorov əlavə edib ki, Qazaxıstan bu “hədiyyənin” müqabilində “nankorluq” nümayiş etdirib:

“Biri var ki, səxavətli rus sənə hədiyyə verir və sən onunla dost olursan, biri də var ki, Qazaxıstan Xarici İşlər Nazirliyi kimi hədiyyə verənin üzünə tüpürürsən”.

Fyodorov daha sonra deyib ki, 1991-ci ilin Beloveja Razılaşması qanunsuzdur və Qazaxıstan texniki baxımdan Rusiyanın “lizinq” torpağıdır.

Millət vəkili bildirib ki, “bu məsələdə Rusiyanın qabağını kəsən bircə hədd var – o da mənəvi həddir, lakin bu hədd də Qazaxıstan Xarici İşlər Nazirliyinin son arqumentindən sonra yıxılıb”.

Qazaxıstan Xarici İşlər Nazirliyi əvvəlcə Nikonovun dediklərinə reaksiya verməmişdi.

Özünün o boyda torpağı olan Rusiya

Qazaxıstan xarici işlər nazirinin müavini Marat Sızdıkov dekabrın 12-də Rusiyanın Qazaxıstandakı müvəqqəti işlər müvəkkili Aleksandr Komarovla görüşüb və Nikonovun bəyanatından “çaşqınlığını” ifadə edib.

Qazaxıstan Xarici İşlər Nazirliyinin bəyanatında, baş verənlər Qazaxıstan və Rusiya arasında münasibətlərə “ciddi ziyan vuran təxribatçı hücum” adlandırılıb.

Qazaxıstan parlamenti - Majlisin deputatı Baxıtbek Smaqul Nikonovun qeydlərinə Facebook səhifəsində münasibət bildirib:

“Hər şeydən əvvəl rus əhalisi dünyanın ən böyük ölkəsini dolduracaq qədər böyük deyil”.

O yazır ki, Rusiya Statistika Komitəsinin 2010-cu il əhalinin siyahıya alınmasından sonra verdiyi məlumatda Rusiyada “8500 şəhər və kəndin yoxa çıxdığı və daha 19 min şəhər və kəndin boş olduğu bildirilir”.

Duma deputatları Vyaçeslav Nikonov (solda) və Yevgeni Fyodorov
Duma deputatları Vyaçeslav Nikonov (solda) və Yevgeni Fyodorov

Pannier yazır ki, Rusiya deputatlarının bəyanatlarına və Moskvadakı səfirliyin qapısından asılmış plakata əhəmiyyət verməmək də olardı, amma bu, Rusiya rəsmilərinin Qazaxıstanın dövlətçiliyini və suverenliyini inkar etdikləri ilk hallar deyil.

Ultramillətçi Vladimir Jirinovski bir vaxtlar Qazaxıstanın Rusiyaya birləşdirilməsinə çağırıb. Nobel mükafatı laureatı, yazıçı Aleksandr Soljenitsın Qazaxıstan dövlətçiliyini şübhə altına alıb. Başqa bir Rusiya yazıçısı və dissident Eduard Limonov Qazaxıstanın şimalında separatçı çevriliş planlaşdırdığına görə 2001-ci ildə Rusiyada azadlıqdan məhrum edilib.

Putindən başlanan ritorika

Bundan əvvəl qeyd olunduğu kimi bütün bu əhval-ruhiyyə Putinin sözlərindən qaynaqlanıb.

Putin demişdi ki, Nursultan Nazarbayev “əvvəllər heç vaxt dövlətçiliyi olmayan ərazidə dövlət yaradıb”.

O əlavə etmişdi ki, “qazaxların heç vaxt dövləti olmayıb, bu dövləti onlar üçün Nazarbayev yaradıb”.

O vaxt Putinin bəyanatı çox vahiməli təəssürat yaratmışdı, çünki Moskvanın Ukraynanın Krım yarımadasını ilhaqından az sonra səsləndirilmişdi.

Məqalədə deyilir ki, Qazaxıstanda bir çoxlarını vahiməyə salan təkcə bu bəyanatlar deyil.

1990-cı illərdə Qazaxıstanın müstəqilliyinə ən böyük təhlükə ölkənin şimalındakı ruslardan və kazaklardan gəlirdi.

Qazaxıstanın şimalında bu ölkənin Rusiyaya birləşdirilməsini tələb edən bir neçə qrup vardı.

Bəzi şərhçilər inanırlar ki, o vaxt Qazaxıstan paytaxtının Almatıdan ölkənin şimalındakı Astanaya (indiki Nur-Sultan) köçürülməsi də bu təhdidlərlə bağlı idi. Qazaxıstan narahat idi ki, Rusiya dövləti günlərin bir günündə separatçıların dediyi ilə razılaşa bilər.

Separatçı qruplaşmanın lideri Viktor Kazimirçuk idi. Onun yaratdığı təhlükə o qədər böyük idi ki, Qazaxıstan onu həbs etmiş və o 18 il müddətinə azadlıqdan məhrum olunmuşdu.

Hərçənd Kazimirçuk 2006-cı ildə azad edildi və Rusiyaya getməsinə imkan yaradıldı.

Hələ Qazaxıstan Rusiyanın ən yaxın müttəfiqidir

Rusiya Dumasının MDB işləri və Avrasiya inteqrasiyası komitəsinin sədr müavini Viktor Vodolatski Nikonovun bəyanatı ilə bağlı dekabrın 14-də açıqlama verib:

"Rusiya Federasiyası Qazaxıstan Respublikasının suverenliyini onun mövcud olduğu sərhədlər daxilində tanıyır…və Qazaxıstan bizim çox sayda razılaşma və müqavilələr imzaladığımız dost ölkədir”.

Pannier yazır ki, Nikonov və Fyodorov kimi adamları Rusiya hökumətinin siyasətlərini idarə etməyən “boşboğaz” adlandrımaq da olar, lakin reallıqda bu cür bəyanatlar Qazaxıstan müstəqil olandan 30 il sonra da dilə gətirilir.

Krım Rusiya tərəfindən ilhaq olunandan bəri bir çox qazaxlar narahatdırlar ki, Qazaxıstan qəsb olunan növbəti ölkə olacaq.

Bütün bunlar həm də ona görə qəribə görünür ki, MDB-nin, Avrasiya İqtisadi İttifaqı və ODKB-nin üzvü olan Qazaxıstan Rusiyanın ən güclü müttəfiqi sayılır.

Bütün bunlara baxmayaraq Qazaxıstanda bir çoxları bu ən yaxın müttəfiqin “gizli niyyətlərindən” həmişə narahatdırlar.

XS
SM
MD
LG