Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:59

Rəsulzadənin nəticəsi: 'Böyük bacımı Ankarada babamın yanında dəfn etmək istəyirdik, amma...'


Rəna Əliyeva Firuzə xanım, əri və qardaşı Həsənlə birlikdə
Rəna Əliyeva Firuzə xanım, əri və qardaşı Həsənlə birlikdə

«Böyük bacım Ankarada rəhmətə gedib. Qərara aldıq ki, onu elə orda dəfn edək. Biz əslində, Ankarada babanın yanında dəfn etmək istəyirdik, imkan olmadı, dedilər ki, Azərbaycana sənəd göndərilməlidir, icazə alınmalıdır. Başqa qəbiristanlıqda dəfn etdik».

AzadlıqRadiosunun həmsöhbəti Rəna Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcısı Məmməd Əmin Rəsulzadənin nəticəsidir. Qızı Lətifə xanımın sürgündə salamat qalmış yeganə övladı Firuzə xanımın beş uşağından biridir, Bakıda yaşayır.

O, anası Firuzə xanımın sürgün həyatından, incikliyindən, Cümhuriyyətin yüzilliyindən danışır:

M.Ə.Rəsulzadənin nəticəsi AzadlıqRadiosuna danışır
Gözlə

No media source currently available

0:00 0:15:43 0:00
Direct-ə keçid

- Anam deyirdi ki, 1941-ci ildə anası və kiçik bacısı ilə Qazaxıstana sürgün olunublar. Balaca olsa da, orda qızıl mədənində işləməyə başlayıb. Evdən gedəndə Lətifə xanım apardığı nə vardısa, hamısını oğurlayıblarmış. O, bir xanım-xatın qadın idi, necə deyərlər, qabağında qulluqçu işləmişdi, ona görə əlindən hər iş gəlmirdi. Birdən-birə belə yerə düşəndə isə çətinlik çəkmişdi. Anam danışırdı ki, çörək, «valinka» almaq üçün məktəbə yazılıb. Hər gün 100 qram çörək verirmişlər. Burda Azərbaycan dilində məktəbə getsə də, orda məcbur qalıb qazax dilində oxumuşdu... Qazaxıstanda şaxta kəskin olur, bəzən 40 dərəcə. Ona görə məktəbə də daimi gedə bilmirdi. 1944-cü ilin yanvarında anam yuxudan oyananda görüb ki, artıq anası da donub, bacısı da. Özü onların arasında yatdığından heç nə olmamışdı. Onda 12-13 yaşı varmış. Çıxıb bayıra çığırıb: «Kömək edin». Amma heç kim köməyə gəlməyib. «Xalq düşməni» – «vraq naroda» sayılırdılar. Özü də yaşadıqları komaya girməyə qorxub. İki meyit vardı orda. Qonşudan xahiş edib. Onu evə buraxmayıblar. Axırda tövlədə inəyin yanında qalıb. İnəyə sığınıb yatıb, onun istisinə soyuqdan donmayıb. Kimsə çörək verib, kimsə...

- Bəs anasını və bacısını kim dəfn edəsi olub?

- Bakılı rus qadın varmış, Anya, həm də qohumluğu çatırmış bizə. Bir neçə gün sonra o gəlib, çığır-bağır salıb ki, ölülər ortada qalıb. Ondan sonra «qardaşlıq məzarlığı» deyirlər, bax, orda dəfn ediblər. Orda şaxtadan torpaq az qala betona dönür, qazmaq da çətindi. Bir çala qazırmışlar, neçə nəfəri bir dəfəyə ora basdırırmışlar... Anam sonra çox axtardı onların yerini. Çox istədi onların qəbrini tapsın. Tapa bilmədi. Ona çox ağır gəlirdi... Sonra həmin Anya anamı uşaq evinə düzəldib. Anam danışırdı ki, «mən o komadan heç nə götürmədim, bircə şəkillərdən başqa». İndi qəzetlərdə çıxan şəkillərin çoxunu anam özüylə yığıb gətirib. Deyir ki, anamın yadigarı idi bu şəkillər... Sonra tamam tək qalıb. İnternatda da rusca oxuyub. Həmişə deyirdi ki, 7-8 il oxudum, amma nə oxudumsa, dördüncü sinfə qədər oxudum. Hər dəfə dil dəyişirdi, axı. Ona görə çalışırdı ki, biz hamımız oxuyaq, ali savadlı olaq. Beş uşağıq, hamımız ali savad almışıq. Böyük bacım Ankarada rəhmətə gedib. Qərara aldıq ki, onu elə orda dəfn edək. Biz əslində, Ankarada babanın yanında dəfn etmək istəyirdik, imkan olmadı, dedilər ki, Azərbaycana sənəd göndərilməlidir, icazə alınmalıdır. Başqa qəbiristanlıqda dəfn etdik. Amma yenə də Ankaradadır. Oğlu orda oxuyur, işləyir, orda onun yanında qalırdı, xəstəxanada da vəfat etdi, ona görə elə Türkiyədə dəfn etdik...

- Yeri gəlmişkən, vaxtaşırı Cümhuriyyət qurucularının, o cümlədən Məmməd Əmin Rəsulzadənin nəşinin Azərbaycana gətirilməsi müzakirə olunur. Ailəsi olaraq siz bu haqda nə düşünürsünüz?

- Yox, yox, gətirmək lazım deyil. Harada basdırılıbsa, orda da qalmalıdır. Anam da deyirdi ki, lazım deyil. Orda qalsa, yaxşıdır...

R.Əliyeva M.Ə.Rəsulzadənin qəbri üstündə
R.Əliyeva M.Ə.Rəsulzadənin qəbri üstündə

- Qayıdaq Firuzə xanımın uşaq evindəki həyatına. Burda çətinlikləri nisbətən azalıbmı?

- Anam çox əziyyət çəkib orda. Bir dəfə tif xəstəliyinə də yoluxub. Nə qədər uşaq ölüb. Ölənlərin hamısını bir otağa – morq kimi bir yerə yığıblar üst-üstə. Dedim axı, torpaq donduğundan hamı üçün tək-tək qəbir qazmırlarmış. Ölənləri yığır, dörd-beş gündən bir qəbir qazırlarmış. Elə biliblər, anam da ölüb. Otağa qoyublar. Üç gün sonra ayılıb. Ayılanda görüb ki, üstündə nə qədər adam var. Onların altından birtəhər çıxıb... Bununla ikinci dəfə ölümdən xilas olub. Bir dəfə anasıgil öləndə, bir də onda.... Danışırdı ki, dilimi unutmaq istəmirdim, çalışırdım sözlər yadımdan çıxmasın, gecələr öz-özümə danışırdım. Uşaqlar da «o dəlidir, gecə öz-özünə danışır» deyirmişlər... Daha nə danışım?... Dava vaxtıydı. Aclıq idi. Böyük sümüyü qaynadırmışlar, sonra da onu bir neçə nəfərə növbəylə verirlərmiş ki, sorsunlar, üstündəki xırda əti, sümüyün içindəki iliyi yesinlər. Danışırdı ki, dayısı Azərgildə qalanda evi qızdırmaqdan ötrü təzək yandırırlarmış. Təzək yığmaq üçünsə inəyin dalınca gəzirmişlər, onun üstündə də dava düşürmüş. Çox çətin olub. Danışdıqca məəttəl qalırdım ki, necə bu vəziyyətdə yaşamaq olar.

- Bu çətinliklər onun xarakterinə təsir etmişdimi?

- Anamın çox yaxşı xasiyyəti vardı. Heç kimdən küsmürdü. Çalışırdı hamıya yaxşılıq etsin. Bir başqası bütün həyata küsərdi, deyərdi ki, mənə bu qədər pislik olunub, mən də pis olum. Amma elə deyildi. Hərdən soruşurdum: «Neynirdin beş uşağı?». Cavab verirdi ki, o qədər tənha qalmışam, istəyirdim böyük ailəm olsun, məsələn, qızlarımın biri anamdır, o biri bacımdır, bibimdir, xalamdır.

- Bəs Bakıya necə qayıdıb?

- Müharibədən sonra Azər Qazaxıstana qayıdır. Bakıdan ona məktub gəlir ki, bacın qızı uşaq evindədir. Axtarıb tapır, özüylə evinə aparır. Onun da öz ailəsi, uşaqları vardı: Rəislə Ramiz. Üçüncü uşaq dünyaya gələndə yoldaşı rəhmətə gedir. O vaxta qədər anam orda yaşayırdı. Çox kasıbçılığıymış, uşaqlar balaca, «xalq düşməni» adı üstlərində... Anam danışırdı ki, Azər deyib: «Daha sənin 16 yaşın olacaq, istəmirəm Qazaxıstan pasportu alasan». Birtəhər onu bərəylə Dağıstana göndərib, oradan da Bakıya gəlmişdi. İstəyirdi burda qeydiyyata düşsün. Anam birbaşa atası evinə gəlib. Orda əmisigil qalırdı artıq. Qapını üzünə bağlayıblar ki, səni tanımırıq, tanımaq da istəmirik. Anam İçərişəhərdə yaşayan anasının xalası Ümgülsüm xanımın – Seyid Hüseynin yoldaşının yanına gedir. Onda Seyid Hüseyn də güllələnmişdi. Ümgülsüm xanım da sürgündən qayıdandan sonra ağır xəstə idi, Şamaxıda vəfat edir sonradan. Onların uşaqlarına Səyyarə xanım – baldızı qızı baxmışdı. Anam gələn vaxtlar 1946-1947-ci illər pis vaxt idi. Hər gün gəlib yoxlayırmışlar evdə kim var, qeydiyyatı, sənədi varmı-yoxmu. Anam danışırdı ki, onu çarpayının altında, şkafın içində gizlədirmişlər. Ev sahibləri də qorxurmuşlar... Səyyarə xanım elə bilirdik nənəmizdir. Anama çox, çox böyük kömək etmişdi. Neçə ay orda saxlamışdı, 100 qramlıq çörək payından kəsib ona verirmiş ki, acından ölməsin. Sonra anam Lökbatanda balıq vətəgələrində işə düzəlib. Atamla 1950-ci ildə orda tanış olub. Göyçək qadın idi. Ona çox adam yaxınlaşırmış. Amma anam deyəndə ki, «xalq düşməni»nin qızıdır uzaqlaşırmışlar. Uşaq olanda başa düşmürsən, amma böyüyəndə anlayırsan hər şeyi. Atamı ona görə çox istəyirdim ki, anamın kim olduğunu, başında nə qədər problem olduğunu bilə-bilə onunla ailə qurub. 1952-ci ildə evləniblər. 21 yaşındaymış anam. Atam da, anam da neft mədənində işləyirdilər. Həmişə halva çalırdı. Hərdən səhərlər halvanın iyinə oyanırdıq. Deyirdi ki, yenə yadıma düşüblər.

- Babanız – Rəsulzadə haqda nə vaxt danışdı?

- Biz bilirdik ki, kimsə var. Anam deyirdi ki, mənim xaricdə babam var, Türkiyədə yaşayıb, Polşada yaşayıb. Amma dəqiq bilmirdik. Birinci dəfə Rəsulzadənin adına Səməd Vurğunun şeirində rast gəlmişəm. O vaxt Azər gəlirdi bizə, öz aralarında danışırdılar. Deyirdi ki, məni kimsə tanıdı. Küçədə saxlayıb soruşurmuşlar: «Rəsulzadə sənin atandır?». Atasına çox bənzəyirdi. Ona görə çalışırdı ki, bizə qaranlıqda gəlsin. Qorxurdu. Çox qorxurdu. İcazə də verilmirdi bura gəlməyə. Azərin də çətinliyi çox olmuşdu. Mən uşaq idim deyə, danışdıqlarını başa düşmürdüm. Birinci dəfə 1989-cu ildə hər şeyi öyrəndik. Anamın yanına gəldilər, çəkdilər... Həmişə bilirdik ki, belə adam var, amma nə qədər böyük olduğunu bilmirdik. Bir də anam danışardı ki, 1937-ci ilə qədər babası onlara məktub, bağlama göndərib.

- Rəna xanım, dayınız, ya ananız babanızı onları da vaxtında ölkədən çıxarmadığına görə qınayırdılarmı?

- Onu Stalin apardı Moskvaya. O bilirdi ki, sonu necə olacaq. Ona görə getdi. Amma 1930-cu illərə qədər ona ailəsi ilə yazışmağa qadağa yox idi. Ölkədən ailəsini çıxarmağa isə icazə vermədilər. Gəlməyinə də həmçinin.

- Bir neçə il öncə AzadlıqRadiosuna müsahibə verəndə Firuzə xanım incikliyini gizlətməmişdi. «İndiyə qədər harada idiniz» deyə gileylənmişdi, hətta əvvəlcə danışmaq istəməmişdi. Niyə bu qədər incik idi?

- Bugünlərdə Cümhuriyyətin yüzilliyi qeyd edildi. Bizdən heç kimi çağırmadılar. Mənə də pis təsir etdi. «Xalq düşməni» çıxarmaq lazım olanda o dəqiqə tapırdılar, amma babasının yaxşı əməllərindən danışmaq üçün onu tapan yoxuydu. Bundan küsürdü. Pis olurdu. Bütün həyatı dağılmışdı. Anası, bacısı ölmüşdü, atası Daməd Müslümzadə güllələnmişdi. Rəsulzadənin kürəkəni olduğuna görə öldürmüşdülər onu. Amma indi bir adam demədi ki, Rəsulzadə bu qədər iş görüb, ailəsi pərən-pərən düşüb. Əlbəttə, anam pis olurdu. Kim küsməzdi?

- Rəna xanım, sizcə, Cümhuriyyətin yüzilliyi necə qeyd olundu?

- Mən Cümhuriyyətlə qürur duyuram. Uşaqlar hərdən deyirlər ki, bəlkə Türkiyəyə gedək, orda iş var. Amma anam o qədər istəklə Azərbaycana gəlmək istəmişdi... (ağlayır – A.R.) Bu haqda danışanda həmişə məni ağlamaq tutur. Nə qədər narahat olsa da, Azərbaycanı sevirəm. Anamın, babamın, atamın vətənidir. Əlbəttə, başqa bir... Başa düşürsüz yəqin məni. Nə deyim?.. Yüzillik bizim məktəbdə də keçdi. İstənilən səviyyədə qeyd edilmədi. Ancaq mən uşaqlara ailəmdən, babamdan danışdım. Başqa məktəbə də dəvət olunmuşdum, orda da çıxış etdim. İstərdim tədbirlərin səviyyəsi fərqli olsun, yüksək olsun.

- Firuzə xanım ailəsinin fotolarını bir gün yaradılacaq Rəsulzadə muzeyinə təhvil vermək üçün ehtiyatla qoruyurdu. Muzey yaradılmayıb hələ. Fotolar...

- Həsəndədir, qardaşımda. Muzey olsa, ora verərdik. Muzeydə qalsa yaxşıdır. Amma olmadı... Kim istəməzdi? Anam nə zülmlər çəkib. Muzeydə onunla bağlı da nəsə olsaydı, yaxşı olardı, xatirəsi yadda qalardı...

XS
SM
MD
LG