Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:23

Sabiq nazir müavininin qohumu: 'Məmur övladlarının cəzasını çəkirəm'


Həbs
Həbs

«Mən birinci dəfə tutulanda atası gördü ki, oğlunun həbsi qaçılmazdır. Çünki bu işləri birbaşa o görüb. 40 milyon pulu «bandotdel»də payladı, məcbur olub adamların pulunu verdi. Mənim işimə də xitam verildi...» – söhbət 2004-2015-ci illərdə «Azərbaycan Dəmir Yolları» QSC-nin rəhbəri, 2015-ci ildən Nəqliyyat Nazirliyi ləğv olunana qədər isə nazir müavini olmuş Arif Əsgərov və oğlu Elnardan gedir. Onlar haqqında bu sözləri deyən isə sabiq nazir müavininin baldızı oğlu Rahib Hüseynovdur.

«Məmur övladları kef edir, mən isə gün sayıram»

R.Hüseynov dekabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 9 il azadlıqdan məhrum edilib. Hökmdən öncə o, məhkəmədə son sözünü deyib. Bildirib ki, təqsirsizdir, məmur övladlarının toruna düşüb: «Mənim günahsız olduğunu hamı bilir. Sadəcə, məmur övladlarının günahının cəzasını mən çəkirəm. Arif Əsgərovun oğlunun, icra başçısının oğlunun oyunlarına görə mən həbs olunmuşam».

R.Hüseynov birgə biznes adıyla pul alıb aldatmaqda suçlanaraq, CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə məhkum edilib. Biznes isə dəmiryoluna aid avadanlıqların, vaqonlar üçün yataq dəstlərinin xaricdən gətirilib «Azərbaycan Dəmir Yolları» QSC-yə satılmasından ibarət olub. R.Hüseynov deyir ki, bu işlərin başında xalası oğlu E.Əsgərov dayanıb. Bu işə pul qoyan məmur övladlarıyla danışıqları da o aparıb: «Mənim işim ancaq verilən tapşırığı yerinə yetirməkdən ibarət olub. Məmur övladları öz imkanlarından istifadə edib məni günahkar çıxardılar. Onlar indi kef edir, mən isə gün sayıram».

R.Hüseynovun sözlərinə görə, xaricdən ucuz qiymətə alınan mallar dövlətə bir neçə dəfə baha qiymətə satılıb. Bu cinayət işi 2013-cü ildən başlayıb, həmin vaxt R.Hüseynov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Dediyinə görə, o zaman A.Əsgərov zərərçəkənlərin pullarını qaytarandan sonra onun işinə də xitam verilib, azadlığa buraxılıb. Bir müddət keçəndən sonra Tovuz rayonunun sabiq icra başçısı Tofiq Zeynalovun oğlu, Dövlət Yol Polisi İdarəsinin zabiti Qoşqar Zeynalov ondan şikayətçi olub. İddia edib ki, biznes məqsədilə R.Hüseynova verdiyi 7 milyonun 3 milyon 925 min manatını ala bilmir:

«Mənim günahım olsaydı, o vaxt işimə xitam verilməzdi. Qoşqar Zeynalovla Elnar Əsgərov bacanaqdırlar. İndi onlar düşmən olub, məni güdaza veriblər. Onlar barışsaydılar, belə olmayacaqdı. Qoşqar polis zabitidir. Bir soruşan yoxdur ki, sən dövlət qulluqçusu ola-ola sahibkarlıqla necə məşğul olmusan? Qanun imkan vermir axı. Sahibkarlıq bir tərəfə, sən faizə pul vermisən...».

9 il həbs

R.Hüseynov deyir ki, Əsgərovgilin dövlətə vurduğu milyonlarla ziyan, büdcədən dəmiryolu idarəsində ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı konkret faktları apellyasiya məhkəməsində ortaya qoyacaq: «Bu qədər haqsızlıq, özbaşınalıq olmaz...».

R.Hüseynov son sözündə məhkəmədən bəraət hökmü çıxarılmasını istəsə də, Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra onun 9 il azadlıqdan məhrum olunduğunu elan edib.

R.Hüseynovun anası Lətifə Hüseynova da AzadlıqRadiosuna açıqlamasında oğlunun başına gələnlərə görə E.Əsgərovu suçlamışdı. Ananın sözlərinə görə, icra başçısının oğlu da daxil, xeyli vəzifəli şəxslərin övladları pulları R.Hüseynova yox, E.Əsgərova veriblər: «Rahib o adamları haradan tanıyırdı? Mənim oğlum kim idi ki, ona milyonlarla pul versinlər? Elnar Rahibə nə deyirdi, o da onu eləyirdi. Elnar bankdan milyonlarla kredit götürüb, atasına sürpriz edib holdinq yaradıb, sonra qaytara bilməyəndə adamların pullarını xərcləyib. İndi də hər şeyi yıxıb mənim oğlumun üstünə...».

E.Əsgərov isə məhkəmədə şahid qismində dindirilərkən bildirib ki, onun xalası oğlunun əməllərindən xəbəri olmayıb. Sabiq nazir müavininin oğlu deyir ki, R.Hüseynov onun və atasının adından istifadə etməyə çalışır.

XS
SM
MD
LG