Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:14

'Pulumu tələb etdiyimə görə Sahil Babayev məni həbs elətdirdi'


Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev

Qarabağ döyüşlərində əlil olmuş şəxslərə evlərin tikintisi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2016-cı ildə keçirdiyi tenderin qalibi olmuş "TUA TT" MMC-nin faktiki rəhbəri Tural Alışanlı 3 ildən çoxdur ki, həbsdədir. O, ayrılan vəsaitləri təyinatı üzrə istifadə etməyib mənimsəməkdə ittiham olunur.

37-yaşlı Alışanlı isə deyir ki, bu ittiham həbsə göndərilməsi üçün uydurulub. Onun sözlərinə görə, həbsinin əsl səbəbi müqavilə üzrə nazirlikdən şirkətin hesabına köçürülməli olan pulu tələb etməsi olub.

"154 minin əvəzinə 20 min götür"

"TUA TT" MMC qardaşı Ülvi Alışanlının adına qeydiyyatdan keçib. 2016-cı ilin iyununda nazirliklə bağlanmış 893 min manatlıq müqavilənin şərtlərinə əsasən, Masallı, Astara, Lənkəran və Lerik rayonlarında 13 ədəd fərdi yaşayış evi tikilib təhvil verilməli idi.

Təqsirləndirilən Alışanlı deyir ki, bu məbləğin bir hissəsi köçürülüb və ona uyğun da işlər artıqlaması ilə görülüb – evlər tikilib təhvil verilib, uzun müddətdir ki, içində də adamlar yaşayır: "Nazirliyin müqavilə üzrə mənə borcu vardı. Nazir müavini Vüsal Nəsirli ilə görüşdüm. Mənə nazirin mesajını çatdırdı ki, 154 minin əvəzinə 20 min götür, yoxsa heç onu da almayacaqsan. Razılaşmadım, bunlarla dirəşdim. Müxtəlif orqanlara şikayət elədim. Bu məsələni mediaya çıxardım, radioda səsləndirdim. Ondan sonra Sahil Babayev məndən Baş Prokurorluğa məktub göndərib məni həbs elətdirdi...".

Vergini belə düzgün hesablamayıblar

Alışanlı onu da əlavə edib ki, istintaq qərəzli aparılıb, rəqəmlər düzgün hesablanmayıb. Onun sözlərinə görə, hətta 892 min manatın 18 faizlik vergisini belə, düzgün yazmayıblar. Bu rəqəm 160 min olduğu halda, 136 min yazıblar: "Bu məsələdə belə, saxtakarlığa yol veriblər... Ekspert rəyi var ki, 577 min manatlıq işlər görülüb. Bunlar haradan aldılar 500 mindən yuxarı rəqəmi ki, məni ittiham edirlər?".

Təqsirləndirilən şəxs vurğulayıb ki, nazir Babayev və müavini Nəsirlinin sifarişi ilə 3 ildən çoxdur dəmir barmaqlıqlar arxasındadır. Onun sözlərinə görə, bu gün də nazirliyin ona borcu var.

"Mənə olan borclarının bir hissəsini YAŞAT Fonduna, bir hissəsini də Heydər Əliyev Fonduna köçürsünlər. Onlarla işim yoxdur, əlimdən alınmış azadlığım qaytarılsın, heç nə istəmirəm", – Alışanlının sözləridir.

515 min manatlıq mülki iddia

Nazirliyin nümayəndəsi isə onun iddialarının əsassız olduğunu deyir. Bu qurumun təmsilçisi məhkəmədə 515 min manatlıq mülki iddia qaldırıb. Yanvarın 25-də məhkəmədə çıxışında bildirib ki, mülki iddianın təmin olunmasını istəyirlər. Hesablamaya görə, işlərin görülüb başa çatdırılması üçün bu qədər vəsaitə ehtiyac var.

Yanvarın 25-də məhkəmədə prokuror da çıxış edib. Dövlət ittihamçısı Alışanlıya 12 il həbs cəzası verilməsini təklif edib.

Nazirliyin nümayəndəsi də prokurorun bu çıxışını müdafiə edib.

Fevralın 1-də Alışanlının vəkili çıxış edəcək, özü son sözünü deyəcək, ardınca isə 2 ildən çoxdur davam edən məhkəmənin yekun hökmü elan olunacaq.

XS
SM
MD
LG