Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 01:52

Saxta imza gerçək problem və 'kimdir müqəssir' sualını doğurub


Bank Respublika
Bank Respublika

Paytaxt sakini Qulu Quliyev deyir ki, bankda imzasını saxtalaşdırıb, onu işə salıblar və heç nədən xəbəri olmadığı halda, evinin üstünə həbs qoyublar. Dediyinə görə, həmin vaxt evini satmaq istəyirmiş, hətta bir nəfərdən beh də alıbmış. Ancaq evin üstündə həbs olduğuna görə alqı-satqı baş tutmayıb. İddia edir ki, bunun ucbatından aldığı behi ikiqat qaytarmağa məcbur qalıb və beləcə, durduğu yerdə ziyana düşüb.

Q.Quliyev və eyni ünvanda yaşayan yaxınları «Bank Respublika»nı məhkəməyə verərək, 50 min manat təzminat tələbini irəli sürüblər – 20 min manat maddi, 30 min manat mənəvi ziyanın əvəzi kimi. Ancaq məhkəmə Q.Quliyevin yaxınlarını (öz ailə üzvləri, qardaşı və onun övladları) iddiaçı kimi qəbul etməyib. Qərar verilib ki, iddiaçı Q.Quliyev özü olsun, qohumları da sadəcə, maraqlı şəxs. Məhkəmə «Bank Respublika» ilə bağlı qalmaqalın yalnız Q.Quliyevə aid məsələ olması qənaətinə gəlib.

Olay 6 il öncə baş verib

Məsələnin kökü gedib 2014-cü ilə çıxır. O zaman «Bank Respublika» bir müştərisinə - Əhməd Əliyevə kredit verib. Sonradan həmin kreditin qaytarılmasında problem yaranıb və bir il sonra bank məhkəməyə üz tutub. Şuşa rayon Məhkəməsi 2015-ci ilin avqustunda qərar çıxarıb ki, banka qalmış borcu (17 min 692 dollar) Əhməd Əliyevlə ona zamin durmuş Q.Quliyev ödəməlidir. Ardınca da məhkəmə icraçılarının təqdimatı əsasında Suraxanı rayon Məhkəməsi Q.Quliyevin evinin üstünə həbs qoyub.

Məhkəmə qərarı: İmza saxtalaşdırılıb

Müqavilədə zamin yerindəki imzanın ona aid olmadığını deyən Q.Quliyev bu məsələyə görə məhkəməyə üz tutub. Səbail rayon Məhkəməsi xətşünaslıq ekspertizası təyin edib.


Ekspertiza rəy verib ki, doğrudan da o imzanı Q.Quliyev atmayıb. Yəni müqavilədə zamin kimi göstərilsə də, əslində, xəbəri yoxdur, imzası saxtalaşdırılıb. Bu rəyi əsas götürən məhkəmə sözügedən zaminlik müqaviləsinin ləğvinə qərar verib.

Bundan sonra Q.Quliyev kredit borcunu onun ödəməsi barədə qərardan şikayət verib. Sumqayıt Apellyasiya Məhkəməsi də eyni əsasla vaxtilə Şuşa məhkəməsinin onun haqqında çıxardığı qərarı ləğv edib. Ötən ilin iyununda evin üzərindən həbs də götürülüb.

«Onda bilmirdik ki, evin üstündə həbs var»

«Saxta müqavilə ilə məni nə qədər ziyana saldılar. Evi satanda 3 min manat beh götürmüşdüm. Onda bilmirdik ki, evin üstündə həbs var. Alqı-satqıda üzə çıxdı. Məcbur olub behi ikiqat qaytardım. Həm bu məsələ, həm də məhkəmə xərcləri bizə nə qədər ziyan vurub. Özümün də, ailəmin də səhhətində problemlər yaranıb», - şikayətçinin sözləridir.

Ancaq məhkəmə onun 5 min manatlıq təzminat tələbini təmin etməyib. Səbəbi də belə izah edib ki, Q.Quliyev ona maddi ziyan dəyməsi (evi almaq istəyən şəxsə 6 min manat ödəməsi və s.) haqda iddiasıyla bağlı sübutlar ortaya qoya bilməyib. Yuxarı məhkəmə instansiyalarına şikayət də, nəticəni dəyişməyib.

Kimdir müqəssir?

«İddiaçı Qulu Quliyev «Bank Respublika»nın hərəkətləri nəticəsində onun və ailəsinin səhhətinə 20 min manatlıq ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Evin üzərinə həbs qoyulmasına görə onun aldığı behi qaytarmaqla zərərə uğraması birbaşa bankın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan deyil», - Ali Məhkəmənin qərarında belə yazılıb.

Beləcə, «Kimdir müqəssir» sualı cavabsız qalır.

XS
SM
MD
LG