Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:56

Namizədlər Facebook-a, Youtube-a güvənir


►Deputatlığa namizədlərin təbliğat boxçasında hansı yeniliklər var?

Oktyabrın 9-da parlament seçkilərində təbliğat-təşviqat mərhələsi başlayıb.

Namizədlər 23 gün ərzində seçicinin qəlbini fəth etməlidir. Bəs namizədlər seçici qəlbinə hansı vasitələrlə yol axtaracaqlar?

İlkin müşahidələr göstərir ki, bəzi namizədlər sosial şəbəkələrdən, xüsusilə Facebook-dan istifadəyə üz tutub, artıq Facebook səhifələrini namizədlərin plakatları, şüarları bəzəyir.

Gədəbəy-Tovuz ərazisindən namizədliyini irəli sürən iş adamı Nazim Məmmədov seçici qapısına getməzdən öncə Facebook hesabının “qapısını açıb”:

“Vaxtilə deputat olduğum müddətdə - 2005-2010-cu illərdəki, eləcə də 2010-2015-ci illərdəki ictimai fəaliyyətimlə, gördüyüm işlərlə bağlı məlumatları, müsahibələrimi yerləşdirməyə başlamışam”.

Buna da bax: Deputatını özün seç [Virtual səsvermə]

“Kəndlərdə internet də yoxdur, seçici də”

Nazim Məmmədov
Nazim Məmmədov

Gədəbəy-Tovuz seçicilərinin əli internətə çatırmı? Nazim Məmmədov etiraf edir ki, onun seçicilərinin yaşadığı bəzi dağ kəndlərində internetin sürəti zəifdir:

Biz də başa düşürük ki, YAP-ın namizədi inzibati resurslara arxalanır, mənsə inzibati resursların seçkidə istifadə edilməsinin qanunsuz olmasını, bu qanunsuzluğu dəf etmək üçün müşahidəçiləri seçki prosesinə qoşmağı düşünürəm.

“Mənim bölgəmdə telefon qovşağı da zəifdir. Ancaq apardığım müşahidə və aldığım məlumatlara əsasən onu da deyim ki, dağ kəndlərinin sakinlərinin 50-60 faizi soyuq havada həmin yerlərdə yaşamırlar. Təbii ki, bunun özü təbliğat zamanı müəyyən çətinliklər ortaya çıxaracaq”.

Nazim Məmmədovun seçki texnoloqu yoxdur, sadəcə, əvvəlki təcrübəsinə əsaslanacaq. Kəndlərə gedib seçicilərin çayını içməyi düşünən namizəd onlara müxtəlif forumlardakı çıxışlarının çap edildiyi bukletləri aparacaq:

“2010-15- ci illərdə dairəmizin deputatı yaşlı olduğundan, Bakıda işləri çox olduğundan demək olar ki, seçki dairəsində işləməyib, ona görə də biz əsasən fərqliliyi göstərəcəyik”.

Buna da bax: “Oliqarx nazirləri yeniləri əvəzləyəcək”

“Müzakirələri evlərə daşıyacağıq”

Fərqlilik deyəndə Nazim Məmmədov “müzakirələri evlərə daşımağı” nəzərdə tutur:

“Biz də başa düşürük ki, YAP-ın namizədi inzibati resurslara arxalanır, mənsə inzibati resursların seçkidə istifadə edilməsinin qanunsuz olmasını, bu qanunsuzluğu dəf etmək üçün müşahidəçiləri seçki prosesinə qoşmağı düşünürəm. Mən bu dairədə seçicidən səs almaq üçün mübarizə aparmağa vaxt sərf etməyəcəm, çünki o seçkiyə gələnlər onsuz da səs verəcəklər, mən kəndlərdə yaşayan əhalinin ictimai qınağı vasitəsi ilə seçki siyahısında olanların əvəzinə "bülleten salanları" ifşa etmək niyyətindəyəm”.

“Velosiped ixtira etməyə” ehtiyac yoxdur”

İlhamiyyə Rza
İlhamiyyə Rza

Bakının Yasamal rayon ərazisində yerləşən seçki dairələrinin birindən namizədliyini irəli sürən keçmiş telejurnalist İlhamiyyə Rza deyir ki, bütün qanuni, icazə verilmiş metodlardan istifadə etməklə təbliğatını aparacaq:

Gücüm çatdığı qədər görüşəcəyəm. Qoy yaxından tanısınlar və qərar versinlər, inanmağa, etimad göstərməyə dəyər, ya yox.

“Seçicilərlə görüşü, təbliğat materiallarının yayılması və ödənişsiz efir vaxtından istifadəni nəzərdə tuturam. Əlbəttə ki, sosial şəbəkənin geniş imkanlarından istifadə edəcəm. Onsuz da televiziya fəaliyyətimi dayandırandan sonra öz auditoriyamla daim ünsiyyətdə, dialoqda olmağım məhz sosial şəbəkələrin hesabına baş tutub”.

İlhamiyyə Rza təbliğatında hansı yeniliklərdən istifadə edəcək? Millət vəkilliyinə namizəd deyir ki, “velosiped ixtira etməyə” ehtiyac yoxdur:

“Heç bir yeni texnologiya insanlarla üz-üzə ünsiyyətin yerini verə bilməz. Gücüm çatdığı qədər görüşəcəyəm. Qoy yaxından tanısınlar və qərar versinlər, inanmağa, etimad göstərməyə dəyər, ya yox”.

İlhamiyyə Rza də hər hansı seçki texnoloqundan yardım istəməyib:

“Ətrafımda işini bilən, mənə inanan, öz sahəsinin peşəkarı olan xeyli sayda insan var. Bütün qərarları məsləhətli şəkildə veririk. Zənnimcə, seçkinin sonunda, nəticədən asılı olmayaraq, hamımız seçki texnoloquna çevriləcəyik. Bu, çətin və maraqlı prosesdir. Yeganə istədiyim, nəzərdə tutduğum bütün işlərin öhdəsindən vaxt etibarilə gələ bilməkdir, çatdırmaqdır. Ərazi böyükdür, namizəd olduğum dairənin bir hissəsi sökülən yerlərə düşür, seçicilərin bir qismi artıq köçüb. Qədirli küçəsinin əhatə etdiyi ərazi boşalıb, qalanlar isə ciddi şəraitsizlikdən əziyyət çəkirlər. Onların yanında olmaq gərəkdir”.

Buna da bax: Dəməşqdəki Rusiya səfirliyinə iki raket düşüb

10 manatdan ianə

Ramin Hacılı
Ramin Hacılı

Bakının Nərimanov rayonunda yerləşən seçki dairələrinin birindən namizəd olan ictimai fəal Ramin Hacılı təbliğatına ianə toplamaqla başlayıb. Onun seçki qərargahından Facebook istifadəçilərinə belə bir mesaj yayılır:

Unutmayaq, Barak Obama hərədən 10 dollar kampaniyası ilə milyonlar toplayıb qalib gəldi.

“…Bu vasitə ilə üzləşdiyimiz maddi problemi həll etmək qərarına gəldik. Siz, hər hansı bir məbləğ ilə (10 AZN-dən başlayaraq…) seçki qərargahımıza dəstək ola bilərsiniz. Unutmayaq, Barak Obama hərədən 10 dollar kampaniyası ilə milyonlar toplayıb qalib gəldi”.

Ramin Hacılı AzadlıqRadiosuna müsahibəsində deyir ki, onlar təbliğat zamanı bəzi yeniliklər düşünüblər, ancaq vaxtı qabaqlayıb indidən ideyalarını açmaq istəmir:

“Amma bir-ikisini deyə bilərəm, himn hazırlamışıq. Bethovenin simfoniyası əsasında Nazim Hikmətin yaşamağa dair şeirini Azərbaycancaya uyğunlaşdırmışıq. Bunu yayacağıq”.

“Tvitter, Facebook, YouTube kimi imkanlar var”

Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Sosial şəbəkələrdə hətta seçici olmayan istifadəçiləri könüllü kimi seçki qərargahına cəlb etmək və onların vasitəsi ilə “qapı-qapı” kampaniyasını aparmaq olar.

Ötən parlament seçkisində müstəqil namizəd kimi fərqli təbliğat nümayiş etdirən Bəxtiyar Hacıyev deyir ki, indiki namizədlər üçün təbliğat aparmaqda müəyyən maneələr var. O, İctimai TV-də debatların olmadığını, pullu efir vaxtının əlçatan sayılmadığını, plakatların yayılma dislokasiyasının məhdudlaşdırıldığını xatırladıb əlavə edir ki, bunun müqabilində Tvitter, Facebook, YouTube kimi sosial şəbəkələr imkanı yaranıb:

“Artıq bu, namizədin seçki qərargahından asılıdır ki, bu sosial şəbəkələrdən necə uğurlu istifadə edəcəklər”.

Bəxtiyar Hacıyevin fikrincə, ilkin müşahidələr göstərir ki, heç də bütün namizədlər onlayn imkanlardan yararlana bilmir:

“Birincisi, sosial şəbəkələrdə ödənişli reklam ucuzdur. Bundan başqa, hədəf kütləsini çox dəqiq müəyyən etmək olur, məsələn, qadınlara ünvanlanan mesaj üçün konkret auditoriya seçmək imkanı var. İkincisi, sosial şəbəkələrdə hətta seçici olmayan istifadəçiləri könüllü kimi seçki qərargahına cəlb etmək və onların vasitəsi ilə “qapı-qapı” kampaniyasını aparmaq olar”.

(Bu deyilənlər fikrini öyrəndiyimiz namizədlərin şəxsi mülahizələridir və AzadlıqRadiosunun mövqeyini əks etdirmir)

XS
SM
MD
LG