Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:55

"Dedilər pul icra başçısına çatacaq"


İllüstrasiya. Qaçqın ailəsi
İllüstrasiya. Qaçqın ailəsi

►“Əşyalarımızı gətirib tökdülər bura, özümüzə də hədə- qorxu gəldilər ki, “harasa şikayət etsəniz, burdan da qovulacaqsız””

“İcra nümayəndəsi 1500 manat istədi, təzə inşa olunan şəhərcikdən bizə də 3 otaqlı mənzil vəd etdi. Biz də borca-xərcə girib pulu düzəltdik, verdik icra nümayəndəsinə, gəlib oturduq evdə, başladıq gözləməyə... Ötən ilin iyulunda şəhərciyin açılışı oldu, mənzillər paylandı, biz yenə qaldıq kənarda...”

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Bərdə rayonunda internat məktəbin yataqxanasında yaşayan Şuşa köçkünü Mehdi Mehdiyev deyir.

Onun sözlərinə görə, 1992-ci ildən rayonun Şirvanlı kəndində anası və bacısı ilə birlikdə bir qohum evində məskunlaşıblarmış. Bərdədə köçkün şəhərciyi tikilməyə başlayanda o da çoxları kimi mənzil sahibi olmaq üçün özünü oda-közə vurub. Hətta deməsinə görə, rüşvət də verib. Ancaq bir də xəbər tutub ki, mənzillər paylanıb:

“Şuşa köçkünüyük. Atam Şuşa polisinin əməkdaşı idi, Şuşa alınanda şəhid olub. 1992-ci ildən Şirvanlıda məskunlaşmışdıq. Anam, bacım və mən Şirvanlıdakı Şuşa rayon 19 saylı tam orta məktəbdə müəllim işləyirik. Nümayəndə bizdən pulu alanda dedi ki, “başçıya çatır”. Evləri ötən ilin iyulunda payladılar. O vaxtdan indiyə kimi nə qədər çalışsaq da, nə pulumuzu, nə də evi ala bilməmişik. Buna görə də dekabrın 25-də ailəlikcə getdik həmin şəhərciyə, aksiya keçirtdik. Ya pulumuzu, ya da evimizi versinlər deyə, tələblər səsləndirdik. Polisi töküb anamı, bacımı, məni şil-küt elədilər”.

Elə həmin gün ailə üzvlərini də, əşyaları da yük maşınına yükləyib rayonda “köhnə bazar” adlanan ərazidəki yataqxanaya gətiriblər:

Buna da bax: Yanvar aksiyalarından sonra bircə məhsul ucuzlaşıb

“HƏDƏ-QORXU GƏLDİLƏR”

“Əşyalarımızı gətirib tökdülər bura, özümüzə də hədə- qorxu gəldilər ki, “harasa şikayət etsəniz, burdan da qovulacaqsız”. Yataqxanada şərait yoxdur, anamın gözləri zəif görür, 4-cü mərtəbədən dəmir pilləkənlərdən düşəndə bir neçə dəfə yıxılıb, xəsarət alıb”.

Bərdə rayon icra hakimiyyətindən bildirdilər ki, 588 məcburi köçkün ailəsi üçün inşa olunmuş yaşayış kompleksindəki mənzillər növbəli qaydada köçkün ailələrinə paylanıb. Mehdiyevlər ailəsinə isə növbəti dəfə inşa olunacaq kompleksdən mənzil verilməsi nəzərdə tutulub. İcra Hakimiyyəti köçkünün rüşvət ittihamını da rədd edib.

Köçkün ailəsini indi bir sual maraqlandırır: İqtisadi böhran keçirən ölkədə növbəti yaşayış kompleksinin tikintisi baş tutacaqmı?

XS
SM
MD
LG