Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:13

Ukrayna müharibəsini iş yeri sayanlar. 'Kimsə qəbri dağıda bilər'


Arxiv fotosu
Arxiv fotosu

Cənubi Sibirin Zabaykalye regionunun adinistrativ mərkəzi Çitadan 35 kilometr cənub-qərbdə yerləşən yoxsul Domna qəsəbəsində insanlar üçün hərbi xidmətdən başqa elə bir iş imkanı yoxdur.

"Bizdən ötrü hərbi xidmət dolanmağın əsas yoludur. İndi yeni könüllülər yığırlar. Artıq demək olar, hamı müharibəyə gedib… Başqa regionlardan səfərbər olunmuş əsgərləri də bura gətirirdilər. Onlara burada təlim verir, sonra da müharibəyə yollayırdılar”,Aleksey (ad dəyişdirilib) adlı yerli sakin deyir.

Domnanın müharibədən öncə 6 min olan əhalisi Rusiyanın Ukraynaya hücuma başlamasından sonra xeyli azalıb. Çox sayda gənc könüllü, yaxud çağırışçı kimi orduya yazılıb, digərləri isə Prezident Vladimir Putinin ötən ilin sentyabrında səfərbərlik elan etməsindən sonra yoxa çıxıb.

Qədim bir buryat əfsanəsinə görə, Domna bir qızın ölən döyüşçü üçün ağladığı yerdə salınıb. Yerlilər deyirlər ki, şəhər elə o vaxtdan ağlayır.

Qəsəbənin ən böyük obyekti olan hərbi hava bazasında döyüş aviasiyası qvardiyasının 120-ci alayı və Rusiya hərbi nəqliyyat təyyarələrinin xidmət mərkəzi yerləşir.

“İş tapmağın yeganə yolu rüşvətdir”

Domnanın reputasiyası yaxşı deyil.

"Ora gecələr getmək demək olar ki, mümkün deyil. Yerli sakinlər durduqları yerdə sizi başınızdan vura bilər. Orada normal iş-güc yoxdur. Hər şey dəmir yolu, ya da həbi hissələrin ətrafında dolanır. İş tapmağın yeganə yolu rüşvətdir… Müharibə başlayan kimi bütün yerli kişiləri Ukraynaya apardılar”, – bir yerli taksi sürücüsü danışır.

Sergey Anufriyev adlı başqa bir taksi sürücüsü isə son zamanlar çoxlu əsgər Ukraynadan məzuniyyətə gəldiyi üçün Çita ilə Domna arasında çox maşın sürdüyünü deyir.

"Onları daşıyanda elə hekayələr eşidirsən ki, tüklərin biz-biz olur. Bizim orada ölən uşaqlardan çox danışırlar. Yaralananların da çoxu geri göndərilir. Cavan uşaqlardır, ancaq gözlərində həyat əlaməti yoxdur”, – o deyir.

“Pul da lazımdır”

22-yaşlı Aleksandr Ryabçenko 2022-ci ilin sentyabrında səfərbər olunub. O vaxta qədər yerli hava bazasında fəhlə işləyib.

"Vətənim təhlükədə olanda qaçmalı idim? Yox. Mən vətənpərvərəm, onu qorumağa getdim. Əlbəttə, pul da lazımdır”, – o deyir.

"Bizi …Rostova apardılar. Bizə hətta təyyarədə siqaret çəkməyə də icazə verdilər. Çünki yarımız evə sağ qayıtmayacaqdıq. Zabitlər elə bizim qarşımızda bu haqda açıq danışdılar. Onlara qulaq asa-asa siqaretimizi çəkirdik. Bu dəhşətli idi”, – Aleksandr xatırlayır.

Onun sözlərinə görə, yeni əsgərləri təlim görmədən birbaşa təyyarədən Ukraynaya gedən avtobuslara doldurublar.

"Elə gəlib çatan kimi mərmi atəşinə tutulduq. Səkkiz adam yerindəcə öldü. …Mən özüm yarısağ vəziyyətdə düşündüm ki, elə burada öləcəyəm”, – o deyir.

"Mən Vaqner muzdlu qrupuna hələ 2016-cı ildə qoşulmuşam. Çünki Domnada normal iş yox idi, yeməksə lazımdır. Mədəndə işə girə bilmirdim, çünki həbsdə olmuşdum”, – 48-yaşlı İqor danışır.

Bir qadının sözlərinə görə, yerli sakinlərin çoxunun cinayət keçmişi var:

"Burada hər iki adamdan biri polis şöbəsinə aparılıb. Çoxu oğurluğa görə həbsdə yatıb. Onlar birtəhər dolanmalıdırlar axı. Bütün normal adamlar Çitaya köçür və geri baxmır”.

“Burada çox adamı dəfn edirik”

Bu il az qala bütün kənd Baxmutda ölən Aleksey Lukyanov adlı Vaqner döyüşçüsünün dəfninə yığışıb. Ölümünün detallarını onun ailəsinə deməyiblər.

"Uşaqları bayraqsız dəfn edirik. Bu iş belədir. Kimsə qəbri dağıda bilər. Nə qədər olmasa, müharibəni hər kəs dəstəkləmir. Özü də burada çox adamı dəfn edirik”, – ailənin dostu Kristina deyir.

Onun sözlərinə görə, Lukyanovun nə üçün Vaqnerə yazıldığını heç kim bilmir.

"Bəlkə vətənpərvərliyə görə, bəlkə də dolanışıq üçün. Adamlar fikirləşir ki, burada şəhərin yarısı kimi narkotikdən ölməkdənsə, orada qəhrəman kimi ölmək yaxşıdır. Onun dostlarının hamısı ya yüksək dozadan, ya da narkotiklə bağlı başqa şeydən ölüb”, – o söyləyir.

XS
SM
MD
LG