Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:33

'Soğanın qiyməti də göz yaşardır...'


Ə.İsmayılov
Ə.İsmayılov

Novruz bayramı ərəfəsində Azərbaycan bazarlarında meyvə-tərəvəzin qiymətində artım oldu. Daha çox diqqəti çəkən isə soğandır. Son üç həftədə onun qiyməti iki dəfə artıb. Ölkənin əvvəllər bu bol və ucuz məhsulu ilə bağlı nə baş verib, qiymət artımına nə təsir edib?

İmişlidəki məhsul bazarında söhbətləşdiyimiz satıcı Əjdər İsmayılov deyir ki, soğanın bahalanmağının bayramla əlaqəsi yoxdur: «Ötən ilin yayında kiloqramı 20 qəpik idi. Payızdan başlayaraq qiymət tədricən qalxdı. İl başlanandan ta martın əvvəlinədək 50-70 qəpik arasında satılırdı. Novruz bayramı günlərində qəfildən 1 manat oldu. Bahalaşma bundan sonra da davam etdi. Hazırda, soğanın qiyməti 1 manat 20 qəpik ilə 1 manat 50 qəpik arasında dəyişir. Çünki topdan alış qiyməti 1 manat 10 qəpik olub. Bazara az mal çıxarılır. Buna görə deyilən qiymətə almalı oluruq».

Ağdamlı fermer: «Dövlət dəstək versə,...»

Ağdamın Xındırıstan kəndində yaşayan Bəxtiyar Cəfərov hesab edir ki, xaricə daşındığından daxili bazarda soğan azalıb: «Dünyanın 50-dən çox ölkəsini Türkiyə soğanla təmin edirdi. Bu il nə səbəbdənsə Türkiyədə bu məhsul qıt oldu. Nəticədə Türkiyəli iş adamları Azərbaycana üz tutdu. Bundan əlavə, Rusiyaya, Ukraynaya, Belarusa, Gürcüstana, hətta Yunanıstana qədər bizim soğanımız daşındı. İndi ölkənin özündə soğana ehtiyac var. Hazırda əldə olan məhsul tələbatı ödəmir».

İmişlidəki məhsul bazarında soğanın topdan satışı
İmişlidəki məhsul bazarında soğanın topdan satışı

Fermer deyir ki, ilin əvvəlində qiymət ucuz olub: «Yazlıq soğanın bir kiloqramının qiyməti 6 qəpiyə düşürdü. 35 kiloqramlıq kisəni 2 manat 20 qəpiyə qəbul edirdilər. Əvvəl çəkilən xərclər qalsın bir yana, hazır məhsulun sahədən yığımı, qablaşdırılması və daşınması üçün elə bu qədər pul çıxırdı. Ona görə mayda 14 hektar sahədəki soğanımı heç çıxartmadım, torpaqda qalıb batdı. Soğanda məhsuldarlıq var, bir hektardan 80 ton götürmək olur. Amma yaxşı qiymətə satmaq üçün gərək saxlayasan. Bunun da riski var. Soğanın qiyməti noyabrdan sonra qalxmağa başladı».

B.Cəfərov bildirir ki, ötən ilin məhsulundan kisələrdə soğan saxlayıb. Yanvarda türkiyəli iş adamlarına kisəsini 16 manata satmaqla 70 min manat pul əldə edib. O, çəkdiyi xərcləri və bəzi zərərlərini örtməklə yanaşı, gəlir də götürdüyünü deyir: «Təsəvvür edin, soğan bol, qiymət isə ucuz olsaydı, bu qədər məhsul çürüyüb gedəcəkdi, böyük məbləğdə zərərə düşəcəkdim. Uzun müddətə qala bilən soğanın maya dəyəri baha başa gəlir. Ergi düzündə torpağın 1 hektarını 1000, hətta bəzi ərazilərdə 1500 manata icarəyə götürürük. Əkinlər damla üsulu ilə suvarılır. Xaricdən gətirilən gübrə və dərmanlardan istifadə edirik. İşçi qüvvəsi çalışır. Bütün xərcləri hesablayanda məhsulun bir kiloqramı 14 qəpiyə başa gəlir. İmkanı olmayanlar onu dəyər-dəyməzinə satmağa məcbur olur. Bu şərtlər altında Ağdam ölkənin soğana olan tələbatının yarıdan çoxunu ödəyir. Dövlət dəstək versə, ixrac imkanları yaradılsa, daha yaxşı olar».

Ağdamın Əfətli kəndində soğan əkilmiş sahə, 2016
Ağdamın Əfətli kəndində soğan əkilmiş sahə, 2016

«Hər 5-6 ildən bir soğanın bahalaşması olur»

Amma Ağdamın Ergi kəndində yaşayan başqa bir fermer- Qurban Rüstəmov ixracla bağlı deyilənlərlə razılaşmır. O, bildirir ki, soğanın bahalaşmağı az məhsul istehsalı ilə bağlıdır: «Ötən il yay çox isti və quraq keçdi. Həm də soğanın xəstəlikləri baş qaldırdı. Dədə-baba qaydasında əkənlər yüksək məhsuldarlıq əldə etməsələr də, ziyana da düşmədilər. Amma boru ilə suvarılan əkinlər məhv oldu. İndi anbarlarda çox az soğan qalıb. Azaldıqca da qiymət qalxır. İlk dəfə deyil ki, belədir. Hər 5-6 ildən bir soğanın bahalaşmağı olur. Elə illər də var ki, soğan bol olur, alıcı tapılmır və məhsul əlimizdə qalıb çürüyür».

Nazirliyin gözləntisi özünü doğrultmadı

Ötən ilin sentyabrında Kənd Təsərrüfatı Nazirliyi soğanın əvvəlki illərdəkindən daha çox əkildiyini, yüksək məhsuldarlıq gözlənildiyini açıqlamışdı. Komersant.az saytının məlumatına görə, qurumun sektor müdiri Səfəralı Nəsirov bu göstəricilərə əsaslanaraq soğanın qiymətinin artacağını gözləmədiklərini bildirmişdi.

Soğan yığımı
Soğan yığımı

Ekspert: «Soğanın qiymətini qaldıran pis idarəçilikdir»

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov statistika ilə real vəziyyətin uzlaşmamasına diqqət çəkir: «Rəsmi açıqlamaya görə, ölkənin illik tələbatından 70 min ton çox soğan istehsal edilib. Bu məhsulun ixracının isə 40 min ton olduğu bəyan edilib. Bu statistik göstəricilərə görə, belə kəskin qiymət artımı yaranmamalı idi. Görünür, ya istehsal şişirdilib, ya da ixrac azaldılıb. Bazar isə güzgüdür və soğanın qıt olmağını göstərir».

Mütəxəssisə görə, ərzaq təhlükəsizliyi ilə bağlı dövlətin görməli olduğu tədbirlər də hiss olunmur: «Kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, belə məhsulların dövlət sifarişi ilə satın alınmasını təşkil etmək üçün illər öncə səhmdar cəmiyyət yaratmışdılar. Bundan fermerlərə fayda, bazara təsir olmayıb. Nəticədə elə keçən il məhsul yetişən vaxt Ağdamda soğan, Gəncəbasarda kartof, Qubada alma, Balakəndə xurma çürüyüb getdi. Bir il sarımsaq baha olur, o biri il soğan. Yəqin ki, gələn il də digər meyvə və tərəvəzdə bu hal müşahidə ediləcək. Soğanın qiymətini qaldıran qıtlıq yox, pis idarəçilikdir».

Ekspertin bu açıqlamasına, hələlik, Kənd Təsərrüfatı Nazirliyi və başqa əlaqəli qurumlardan münasibət almaq mümkün olmayıb.

Bəzi alıcılar isə deyirlər ki, «İndi soğanın tək özü yox, qiyməti də göz yaşardır...».

XS
SM
MD
LG