Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:02

Kurmaşeva, Gerşkoviç, Uilan Birləşmiş Ştatlara qayıdıblar


Alsu Kurmaşeva ailəsi ilə görüşür
Alsu Kurmaşeva ailəsi ilə görüşür

Rusiya, ABŞ və bir neçə başqa ölkələr Soyuq müharibədən bəri ən böyük məhbus mübadiləsini həyata keçiriblər.

Xəbər verilir ki, azadlığa buraxılan 16 nəfərin arasında AzadlıqRadiosunun müxbiri Alsu Kurmaşeva, Wall Street Journal qəzetinin jurnalisti Evan Gerşkoviç və Miçiqan şirkətlərindən birinin təhlükəsizlik direktoru Pol Uilan da var.

Mübadilə nəticəsində 8 rusiyalının Rusiyaya qayıdacağı bildirilir.

ABŞ prezidenti Co Bayden (Joe Biden) avqustun 1-də verdiyi bəyanatda deyib ki, məhbusların azad edilməsi “diplomatiyanın uğuru” sayılmalıdır:

"Bütünlükdə biz, 5 alman və öz ölkəsində siyasi məhbus kimi saxlanılan 7 Rusiya vətəndaşı da daxil danışıqlar yolu ilə 16 nəfərin azadlığa buraxılmasına nail olmuşuq. Bu qadın və kişilərdən bəziləri illərlə ədalətsiz olaraq saxlanıblar. Onların hamısı təsəvvürə gəlməz iztirab və qeyri-müəyyənlikdən keçiblər. Bugün onların məşəqqətinə son qoyulub”.

Bayden qarşılanma mərasiminə qatılıb

Artıq Alsu Kurmaşeva, Evan Gerşkoviç və Pol Uilan Birləşmiş Ştatlara qayıdıb. Onları prezident Co Bayden və ailə üzvləri qarşılayıb.

Vitse-prezident Kamala Harris də Vaşinqton yaxınlığındakı “Joint Base Andrews” aerodromunda qarşılanma mərasimində iştirak edib.

Prezident Bayden təyyarədən enən Uilan, Gerşkoviç və Kurmaşevanı qucaqlayaraq qarşılayıb,

Məhbus mübadiləsi barədə Putinə nə demək istədiyi ilə bağlı suala prezident, amerikalıların əsassız ittihamlarla saxlanmasına eyhamla “Dayan” cavabını verib.

Ağ Evdə mətbuat konfransı

ABŞ hökuməti avqustun 1-də Gerşkoviç, Kurmaşeva və Uilanı Birləşmiş Ştatlara uçan təyyarənin göyərtəsində görüntüləyən video yayıb.

Kara-Murza Almaniyaya uçmalı idi, lakin o Baydenlə telefon söhbətində deyib ki, tezliklə Birləşmiş Ştatlara səfər etməyi arzulayır.

Baydenin keçirdiyi mətbuat konfransına qatılanların arasında Kurmaşevanın əri Pavel Butorin və cültlüyün iki qızı – BibiMiriyam da vardı. Butorin də AzadlıqRadiosunun əməkdaşıdır.

ABŞ prezidenti deyib ki, məhbus mübadiləsi Ağ Evə toplaşan bütün ailələr üçün “misilsiz qəlb rahatlığı” olub və onlar məhbusluqdan qayıdan doğmaları ilə mətbuat konfransından əvvəl birbaşa Ağ Evdən telefonla danışıblar.

Mətbuat konfransı zamanı Kurmaşevanın qızı jurnalistlərə deyib ki, avqustun 2-si onun 13-cü ad günüdür. Konfransa yığılanlar yeniyetmə qızı ad günü münasibətilə təbrik ediblər.

Bu emosional anlarda prezident Bayden əlini Miriyamın çiyninə qoyub:

“İndi o, ad gününü anası ilə birlikdə qeyd edəcək. Bu çox dəyərli andır – ailələr yenidən qovuşublar. Sanki bu, elə həmişə belə olub”.

Bayden bunu da vurğulayıb ki, məhbus mübadiləsi FTX polkovniki Vadim Krasikovu azad etməyə razılaşan Almaniyadan “əhəmiyyətli güzəştlər” tələb edib.

Krasikov 2019-cu ildə Berlində keçmiş çeçen döyüşçünü qətlə yetirdiyinə görə məhkum edilmişdi.

Almaniya kansleri Olaf Şolts deyib ki, məhkum edilmiş qatilin azad edilməsi qərarını qəbul etmək çox çətin olub.

Şolts azad edilmiş bəzi məhbusları qarşılamaq üçün Köln şəhərinə gəlmişdi:

"Bu məsələdə onun (Krasikovun) cəzalandırmasını istəyən dövlətin maraqları ilə Rusiya həbsxanalarındakı günahsız insanların və siyasi məhbusların can və həyatına olan təhlükə arasında seçim edilməliydi”.

Evə uçan təyyarənin göyərtəsində. Evan Gerşkoviç (soldan birinci), keçmiş dəniz piyadası Pol Uilan (sağdan ikinci) və AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva (sağdan birinci)
Evə uçan təyyarənin göyərtəsində. Evan Gerşkoviç (soldan birinci), keçmiş dəniz piyadası Pol Uilan (sağdan ikinci) və AzadlıqRadiosunun jurnalisti Alsu Kurmaşeva (sağdan birinci)

Bayden də Ağ Evdə etdiyi çıxışda deyib ki, Almaniya bu addımı təmənnasız atıb. O əlavə edib ki, məhbus mübadiləsi “bütün dünyada dostların olmasının mühümlüyünü göstərən güclü nümunə” olub.

ABŞ prezidenti vurğulayıb ki, Almaniya, Polşa, Sloveniya, Norveç və Türkiyə bu məsələdə Amerikanın yanında olublar:

"Onlar cəsarətli və mərd qərarlar qəbul ediblər, ölkələrində ədalətli olaraq saxlanan məhbusları azadlığa buraxıblar və amerikalıların evlərinə qayıtması üçün logistika dəstəyi veriblər”.

Türkiyə vasitəçi olduğunu deyir

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MIT) avqustun 1-də keçirilən mübadilədə “əsas vasitəçi rolunu” oynadığını bildirib.

Təşkilat bildirir ki, mübadilədə bütünlükdə 7 ölkədən 26 nəfər dəyişdirilib.

Məlumata görə, sözügedən ölkələr ABŞ, Almaniya, Norveç, Sloveniya, Rusiya və Belarusdur.

Bu mübadilədə habelə Belarusda ölüm hökmü almış almaniyalı Riko Kriger, rusiyalı dissident Yaşin və Almaniyada həbsxanada olan FTX polkovniki Vadim Krasikov azad olunublar.

Ən böyük məhbus mübadiləsi

Avqustun 1-də günorta saatlarından başlayaraq Rusiya, ABŞ və bir neçə ölkə arasında Soyuq müharibədən sonra ən böyük məhbus mübadiləsinin keçirildiyi xəbər verilirdi.

Bloomberg, Sky News, CNN və başqa Qərb media qurumları yazırdılar ki, Rusiya həbsxanalarındakı bir neçə tanınmış siyasi məhbusun harada olması bilinmir. Bunun böyük məhbus mübadiləsinə hazırlıq ola biləcəyi qeyd edilirdi.

Ancaq nə Vaşinqtondan, nə Moskvadan, nə də başqa paytaxtlardan bu barədə heç bir rəsmi açıqlama verilmirdi.

Artıq bir neçə gün idi Rusiya həbsxanalarındakı bir neçə tanınmış şəxsin vəkilləri onların harada olduqlarını bilmirdilər. Belə vəziyyət yalnız məhbusların yeri dəyişdirilərkən baş verır. Bunların arasında Rusiya müxalifətinin nümayəndələrindən Vladimir Kara-Murzaİlya Yaşin də vardı.

Həyəcanla izlənilən uçuşlar

Rusiyanın “Vajnıye istorii” teleqram kanalı yazırdı ki, Moskvadan Ankaraya Rusiya prezidenti işlər idarəsinin iki Tu-204-300 təyyarəsi uçur.

Xəbərə görə, eyni zamanda Almaniyadakı Ramştayn bazasından ABŞ hərbi hava qüvvələrinin Lockheed C-130J-30 Hercules təyyarəsi, habelə Oslodan ABŞ-ın Dassault Falcon 7X kommersiya təyyarəsi havaya qalxıb.

Rusiya, ABŞ və başqa ölkə təyyarələrinin Ankaraya təxminən eyni vaxtda enəcəyi gözlənilir. Mübadilənin Türkiyə paytaxtında həyata keçiriləcəyi deyilir.

Mash teleqram kanalı yazır ki, Kalininqradda Rusiya tərəfinə Xarici Kəşfiyyat İdarəsinin bundan əvvəl Sloveniyada ifşa edilmiş əməkdaşları - Artyom və Anna Dultseva təhvil verilib.

AzadlıqRadiosunun prezidenti bəyanat verdi

AzadlıqRadiosunun prezidenti Stiven Kapusun avqustun 1-də verdiyi bəyanatda jurnalist Alsu Kurmaşevanın az sonra Rusiya həbsxanasından azad ediləcəyi deyilir:

“Biz Alsunun gözlənilən azad olunmasını alqışlayırıq, Amerika hökumətinə və onunla Rusiyadakı ədalətsiz rəftara son qoyulması üçün bütün çalışanlara minnətdarıq”.

Bəyanatda deyilir ki, Alsu yalnız Amerika jurnalisti olması səbəbindən hədəflənmişdi.

Kapus vurğulayıb ki, Alsunun azadlığa çıxması AzadlıqRadiosunu onun Belarusda və Krımda saxlanan daha üç jurnalistinin azadlığı uğrunda mübarizəsində daha qətiyyətli edəcək:

"Biz ədalətsiz olaraq saxlanmış bütün jurnalistlərimiz evlərinə dönməyənədək rahat olmayacağıq. Jurnalistika cinayət deyil”.

AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşeva ötən ilin oktyabrında Kazanda həbs edilib və ona qarşı Rusiya qanununa uyğun olaraq “xarici agent” kimi qeydiyyatdan keçmədiyinə görə ittiham irəli sürülmüşdü.

Kazan məhkəməsi ötən ay, ikili ABŞ-Rusiya vətəndaşlığı olan Alsu Kurmaşevanı 6 il 6 ay müddətinə azadlıqdan məhrum edən hökm vermişdi.

ABŞ hökuməti, habelə jurnalistin tərəfdarları ona qarşı ittihamların siyasi motivli olduğunu bildirirdilər.

Soldan sağa:İqor Losik, Andrey Kuzneçik və Vladislav Yesipenko
Soldan sağa:İqor Losik, Andrey Kuzneçik və Vladislav Yesipenko

Digər jurnalistlər

İnsan haqları təşkilatları və AzadlıqRadiosu dəfələrlə jurnalistlər Andrey Kuzneçik, İqor LosikVladıslav Yesipenkonun azadlığa buraxılmasını tələb edib.

Losik bloqerdir və AzadlıqRadiosunun Belarus xidməti üçün yazan jurnalistdir. O, 2021-ci ilin dekabrında 15 illik həbs cəzasına məhkum edilib. Ona qarşı irəli sürülən bir neçə ittiham arasında "ictimai asayişi kobud pozan hərəkətlərin təşkili və hazırlanması" ittihamı da var. Jurnalist bu ittihamları qəbul etmir.

Həm Ukrayna, həm də Rusiya vətəndaşı olan Yesipenko Ukrayna xidmətinin tərkibində fəaliyyət göstərən Krım.Realii xidməti üçün yazan jurnalistdir.

O, ötən ilin fevralında, işğal olunmuş Krımda qapalı keçirilən məhkəmədə rusiyalı hakim tərəfindən 6 illik həbs cəzasına məhkum edilib.

AzadlıqRadiosunun Belarus xidmətinin vebredaktoru Kuzneçik ötən ilin iyununda bir neçə saatdan çox çəkməyən məhkəmə tərəfindən "ekstremist təşkilat yaratma və ya bu növ təşkilatda iştirak" maddəsi ilə 6 illik həbs cəzasına məhkum edilib.

XS
SM
MD
LG