Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:04

Suriyanın qara siyahıdakı yeni rəhbərləri Qərbi dilemma ilə üz-üzə qoyub


Suriyalılar Berlində Bəşər Əsəd hakimiyyətinin sonunu qeyd etmək üçün aksiya keçirərkən Suriya və Almaniya bayraqlarını dalğalandırırlar.
Suriyalılar Berlində Bəşər Əsəd hakimiyyətinin sonunu qeyd etmək üçün aksiya keçirərkən Suriya və Almaniya bayraqlarını dalğalandırırlar.

Suriyada Əsəd rejiminin dramatik çöküşündən sonra Qərbin bir sıra ölkəsi Suriyanın terrorçu saydığı yeni rəhbərləriylə əməkdaşlıq edə biləcəyini siqnallarını verib.

AzadlıqRadiosunun əməkdaşları Rey Förlonq və Abubakar Siddikin yazdığına görə, Avropanın üç aparıcı ölkəsi dekabrın 8-də Dəməşqi fəth edən "Həyat Təhrir əş-Şam"a (HTŞ) qarşı mövqelərini dəyişə bilər. Bu, Co Baydenin qruplaşma ilə bağlı fikrini səsləndirəndən, həmin qruplaşmaların "əl-Qaidə"dən uzaqlaşdığını və ritorikalarını dəyişdirdiyini söyləyəndən sonra baş verib.

"Getdikcə üzərilərinə daha çox məsuliyyət götürdüklərindən biz onların təkcə sözlərini deyil, əməllərini də qiymətləndirəcəyik", – Baydenin sözləridir.

Suriyada baş verənlərə "Bu bizim mübarizəmiz deyil" deyən Trampın administrasiyası da bu ölkəylə münasibətlərini necə quracağına qərar verməli olacaq.

"İsraillə münasibətlər normallaşdırılarsa…"

"HTŞ-nin hansı hökuməti formalaşdıracağına dair danışıqların uzun çəkəcəyini düşünürəm", - Yaxın Şərq və Cənubi Asiya üzrə araşdırıcı, Vaşınqtonda yaşayan politoloq Fatima Ayub belə deyib və sözünü belə bitirib: "Ola bilsin, Sudanla olduğu kimi, məlum bir dinamikanı görəcəyik. İsraillə münasibətlər normallaşdırılarsa, sanksiyaların götürülməsini görə bilərik. Qarşıda çoxlu sual ortaya çıxır. Bu mərhələdə HTŞ-nin onları cavablayacağına əmin deyiləm".

Bir gerçək danılmazdır: Əsəd rejiminin devrilməsindən sonra qruplaşmanın Suriyada aparıcı oyunçu olması Qərb hökumətlərini dilemma ilə üzləşdirir. HTŞ əvvəllər elə böyük deyildi və Suriyanın şimal-qərbindəki İdlib vilayətinə nəzarət etdiyindən yasaqlansa da, ciddiyə alınmırdı.

Ancaq HTŞ-nin önəmi xeyri artıb və bu üzdən Qərb hökumətləri, ehtiyatla da olsa, geriyə addım atır.

Dəməşqdə Bəşər Əsədin portretləri yığışdırılır.
Dəməşqdə Bəşər Əsədin portretləri yığışdırılır.

Fransa XİN başçısının səlahiyyətlərini icra edən Jan-Noel Barro dekabrın 8-də "France Info"ya müsahibəsində bildirib ki, islamçı hərəkat sayılan HTŞ Suriyanın keçid dönəmini ekstremizmdən, islamçılıq və cihadçılıqdan qurtarmaq üçün bütün səmimiliyini göstərməlidir. O bu həftə Dəməşqə öz elçisini göndərəcəyini söyləyib.

Almaniya da qruplaşma barədə birmənalı mövqe tutmayıb. XİN nümayəndəsi Sebastyan Fişer bildirib ki, HTŞ-nin öz keçmişindən uzaqlaşıb-uzaqlaşmaması mülki əhaliylə, etnik və dini azlıqlarla davranışından görünəcək.

Qərb yeni reallığa uyğun davranacaq?

Böyük Britaniya hökumətinin naziri Pet Makfaddenin fikrincə, hökumətin terrorçu təşkilatlar siyahısından HTŞ-nin çıxarılması haqqında təcili qərar verilməlidir.

Əsəddən sonra HTŞ-nin Suriyada hansı rol oynayacağı hələ bilinmir. Qruplaşma aparıcı rol oynasa, Qərb dövlətləri onun bütün imkanlardan yararlanmaq istəyəcək.

"Məncə, Qərb ərazidəki yeni reallıqla üzləşəcək və ona uyğun davranmalı olacaq", - Beynəlxalq Böhran Qrupunun baş məsləhətçisi Darin Xalifanın sözləridir. "Onlar HTŞ-yə dəqiq nəzarət göstəriciləri müəyyənləşdirməlidir. Yerinə yetirilərsə, Əsədsonrası Suriyada barış və güvənliyi əngəlləyəcək sanksiya və anlayışı gözdən keçirməli olacaqlar".

Bu, Talibanın yönəltdiyi Əfqanıstana tətbiq edilən yanaşmadan fərqlənir. Qərb hökumətləri orada ekstremist qrupdan uzaq duraraq insan haqlarının kütləvi şəkildə pozulmasını və qadınlara sərt məhdudiyyətləri dəfələrlə qınayıb.

İslamçı döyüşçülər Dəməşqdə.
İslamçı döyüşçülər Dəməşqdə.

"İnanmıram ki, HTŞ qız uşaqlarına məktəbə getməyi yasaqlasın. Onlar taliblərdən daha mülayimdir", – F.Ayub belə deyir və davam edir: "HTŞ-nin cavablayacağı çoxlu sual var, axı müharibə aparmaqla ölkəni idarə etmək tam fərqli məsələlərdir. Biz gördük ki, "Taliban"ın elan etdiyi addımlar müvəqqəti idi. Bu üzdən, cavabı açıq qalan suallarımız çoxdur".

Qərb hökumətləri HTŞ-yə münasibətdə ehtiyatlı addım atsalar da, qruplaşmanın bütün sözlərinə inanmadıqlarını göstəriblər. Bayden qruplaşmanın insan haqları pozuntularına və terrorçuluqla bağlı mənfi tarixçəsinə diqqət çəkib.

Qərb hər varianta hazırlaşır

Qərb Suriyada sabit yeni hökumətin qurula bilməyəcəyi və İŞİD-in yenidən dirçələcəyi ssenarisinə də hazırlaşır. Dekabrın 8-də ABŞ hərbi təyyarələri İSİD-in Suriyadakı 75 hədəfinə zərbələr endirib.

Digər bir məsələ də Əsəd hökumətinin saxladığı kimyəvi silahlar ehtiyatları və onların kimin əlinə düşə bilməsidir. İsrail bildirib ki, bu üzdən, Suriyadakı məlum müəssisələrə havadan zərbələr endirib.

Suriyadakı durum bir neçə ölkənin daxili siyasətinə də təsir göstərə bilər. Milyonlarla suriyalı 2011-ci ildəki dağıdıcı vətəndaş müharibəsindən sonra ölkədən qaçıb və indi onların nə qədərinin geri dönməyə hazır olduğu və ya bunu bacaracağı bilinmir.

Çox sayda suriyalı Livan və Türkiyə ilə sərhədlərdə, bu ölkələrdə, həm də Avropada məskunlaşaraq gərginlik qaynağına çevrilib.

Durum aydınlaşanadək Almaniyada suriyalılara sığınacaq verilməsi dayandırılıb. Müxalifət suriyalı qaçqınları geri dönməyə həvəsləndirən maliyyə qaynaqları yaratmağa çağırıb. Daxili işlər naziri Nensi Fezer deyib ki, hələ belə danışıqların vaxtı yetişməyib.

XS
SM
MD
LG