Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:38

Taliban DW jurnalistinin qohumunu öldürüb


Kabildə Tolo TV, 2018-ci il
Kabildə Tolo TV, 2018-ci il

Yayım şirkətinin Baş direktoru Piter Limburq Almaniya hökumətini tədbir görməyə çağırıb

Almaniyanın Deutsche Welle (DW) ictimai yayım şirkəti bildirir ki, Taliban döyüşçüləri onun jurnalistlərindən birinin yaxın qohumunu güllələyərək öldürüblər. Bu hadisə Əfqanıstanda media işçilərinin və onların ailələrinin təhlükəsizliyi ilə bağlı beynəlxalq narahatlığı artırıb.

Avqustun 20-də yaraqlılar jurnalisti ev-ev axtararkən onun qohumunu öldürüb, digərini isə ağır yaralayıblar.

DW jurnalistin digər qohumların qaça bildiyini, hazırda gizləndiyini bildirir.

“Vaxtımız tükənir!”

Yayım şirkətinin Baş direktoru Piter Limburq Almaniya hökumətini tədbir görməyə çağırıb. O deyib ki, hazırda Almaniyada işləyən redaktorun qohumunun öldürülməsi “əməkdaşlarımızın və ailələrinin Əfqanıstanda ciddi təhlükə ilə üzləşdiyini göstərir”.

“Talibanın həm Kabildə, həm də əyalətlərdə jurnalistləri mütəşəkkil şəkildə axtardığı aşkardır. Vaxtımız tükənir!” – o vurğulayıb.

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) qətl xəbərindən təlaşını bildirib, bunun “ən pis qorxularımızı təsdiqlədiyini” deyib.

“Talibanın qəddar hərəkəti Əfqanıstanda müstəqil media işçilərinin həyatına böyük təhlükə olduğunu göstərir”, – Parisdə mənzillənən təşkilatın Almaniya bölümündən Katya Qloqer deyib.

Taliban avqustun 15-də paytaxt Kabili tutandan sonra əfqanları və beynəlxalq ictimaiyyəti təhlükəsizliklə bağlı əmin etməyə çalışıb, rəqiblərinə ümumi “amnistiya” vəd edib, bu dəfə 1996-2001-ci ildəki qəddar idarəçilikdən “müsbət baxımdan fərqli” olacağını deyib.

XS
SM
MD
LG