Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:40

Mərhum əsgərin anası: 'Həqiqəti söyləyin, özüm sizi oradan çıxarım'


Tapdıq Babaşovun anası Kifayət Süleymanova.
Tapdıq Babaşovun anası Kifayət Süleymanova.

"Mənim oğlum intihar eləyəsi oğul deyildi. Mən balamın boğazında gömgöy ip izini, bədənindəki xəsarətləri görmüşəm. Onu vəhşicəsinə döyüblər, möhkəm boğublar, sonra da öldü bilib, üçüncü mərtəbədən atıblar ki, qətlin üstünü ört-basdır eləsinlər" - hərbi hissədə dünyasını dəyişmiş bir ayın əsgəri Tapdıq Babaşovun anası Kifayət Süleymanovanın sözləridir.

Tapdıq Babaşovun intihar həddinə çatdırılmasına, Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində əsgərlərin döyülüb təhqir olunmasına görə üç çavuş həbs olunub - Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Ruslan Cavadova 10 il, qalan iki nəfərinsə hərəsinə 8 il 6 ay həbs cəzası kəsilib.

Buna da bax:​ Əsgər ölümü işi yekunlaşdı: Narazılıq qaldı...

Hər iki tərəf hökmdən narazıdır

Həbs cəzası alanlar da, əsgər anası Kifayət Süleymanova da hökmdən narazı qalaraq, apellyasiya şikayəti veriblər. Çavuşlar əsgərləri döymələrini etiraf eləsələr də, Tapdıq Babaşovun ölümü ilə əlaqələrinin olmadığını deyirlər. Kifayət Süleymanova isə Bakı Hərbi Məhkəməsinin bu işi obyektiv araşdırmadığını düşünür və bildirir ki, oğlu qətlə yetirildiyi halda, onun ölümü intihar kimi rəsmiləşdirilib və məhkəmə də buna göz yumub. Ananın hökmdən yuxarı instansiyaya şikayəti də elə bu düşüncədən qaynaqlanıb.

"Hərbi hissənin generalı da müttəhimlər kürsüsündə oturmalıdır"

Bakı Apellyasiya Məhkəməsində bu işə Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır. Kifayət Süleymanova cinayət işinin yenidən istintaqa qaytarılmasından ötrü məhkəmədə vəsatət qaldırıb: "Hərbi hissə rəhbərliyi niyə cəzalandırılmayıb? Bu gün müttəhimlər kürsüsündə hərbi hissənin komandirləri, general da oturmalıydı. Amma təəssüf ki, Hərbi Prokurorluq onları kənarda saxladı. Onları qorumaq üçün yüz cür oyunlar oynandı, versiyalar ortaya atıldı. Həqiqətin ortaya çıxmasından ötrü bu iş yenidən istintaqa qaytarılmalıdır".

Buna da bax: ‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’

Kifayət Süleymanova deyir ki, oğlunun ölümündən dərhal sonra hərbi hissə rəhbərliyindən dəhlizdəki kamera görüntülərini istəyiblər. Cavabında kameraların işləmədiyi bildirilib: "Möhtərəm hakim, siz də yaxşı bilirsiniz ki, əlinizin altındakı iş saxtadır, burada ədalət qara pərdənin altındadır. Bu qara pərdəni yerə atıb ədalət işığını ətrafa yaymaq istəyirsinizsə, işi prokurorluğa qaytarın, deyin ki, bu əsgərin qanı batmamalıdır. Bilirsinizmi ki, təkcə 2015-ci ildə 50-dən çox əsgər balamızı öz içimizdə olan ermənilər qətlə yetiriblər? Bütün qətllərin də üstü ört-basdır edilib, hərəsinə bir ad qoyulub – bu, ehtiyatsızlıqdan, bu, günvurmadan, bu, özünü atdı, bu, özünü asdı... Hamısı yalandır".

“O zaman həqiqəti açıb-söyləyin”

Ardından mərhum əsgərin anası təqsirləndirilən şəxslərə üz tutub: "Deyirsiniz ki, Tapdığın ölümündə günahınız yoxdur. O zaman həqiqəti açıb söyləyin. Əgər həqiqəti söyləsəniz, özüm sizi oradan çıxararam".

Buna da bax:​ Ölən əsgərin anası generalı tələb edir

Zərərçəkmişin nümayəndəsi Hüseyn Həsənov iş materiallarındakı ziddiyyətlərdən danışıb. Vəkil deyir ki, Tapdıq Babaşov yerdə olarkən, onun cibindən bir çəkməsinin ipi çıxıb: "İntihar edən adam çəkmənin ipini cibinə qoyardımı? İş materiallarında göstərilib ki, Tapdıq Babaşov yerdə olanda bir ayağında çəkmə olub, o birində yox. Ayağında olmayan çəkmə isə düşdüyü yerin yanında olub. İntihar eləyən adam ayağında olmayan çəkməni özü ilə niyə götürsün?".

Təqsirləndirilənlərin vəkilləri də işin yenidən istintaqa qaytarılmasını istəyiblər.

Hakimlərin bu vəsatətlə bağlı qərarı fevralın 1-də keçiriləcək növbəti məhkəmədə bəlli olacaq.

Buna da bax: «...Əsgərlərin kürəyində ayaqqabı ilə gəzməmişəm»

Xatırlatma

BDU-nun tarix fakültəsini fərqlənmə diplomuyla bitirmiş Tapdıq Babaşov evin yeganə oğlu olub. O, 2015-ci ilin aprelində hərbi xidmətə gedib, mayın 22-də dünyasını dəyişib.

Hərbi hissədə əsgərlərin döyülməsinə görə məsuliyyətə cəlb olunan üç nəfər Cinayət Məcəlləsinin 125-ci (özünüöldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə) və 332-ci (hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə suçlu bilinir.

XS
SM
MD
LG