Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:46

Azərbaycanın buğdayla özünütəminatı bir qədər də azalıb


Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi'
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Ekspert: 'Rusiyadan buğda asılılığı çoxdan aradan qaldırılmalı idi' (Arxiv. 2022)

Dövlət Statistika Komitəsi (DSK) ötən illə bağlı ərzaq balansı göstəricilərini açıqlayıb. Bəlli olub ki, Azərbaycanın özünü buğda ilə təminat səviyyəsi bir qədər də aşağı enib (2021-ci ildəki 61.5 faizdən 56.7 faizə düşüb). Bu, son illər ölkədə buğda ilə təminat baxımından ən aşağı göstəricidir.

Ötən il digər dənli bitkilərlə bağlı təminat səviyyəsi də aşağı düşüb. Ən ciddi azalma qarğıdalı ilə bağlıdır. İki il öncə Azərbaycanda yerli istehsal qarğıdalıya ehtiyacı 94 faizi təmin etmişdisə, ötən il bu rəqəm 78 faizə enib. Bütün dənli bitkiləri götürəndə ölkə özünütəminat səviyyəsini ötənilki 74 faizdən 69 faizə endirib. Ərzaqlıq buğda ilə təminat səviyyəsi daha aşağı – 25 faiz civarındadır. Yerli istehsalın keyfiyyətcə yetərsizliyi üzündən yerli buğda, əsasən, heyvandarlığın yem tələbatının ödənilməsinə sərf edilir.

Ötən il Azərbaycanda buğdayla təminat məsələsi tez-tez gündəmə gəlib və bu, başlıca olaraq, Rusiya-Ukrayna savaşından qaynaqlanıb. Azərbaycan daxili istehsal hesabına buğdaya ehtiyacını ödəyə bilmədiyindən ölkənin ərzaq güvənliyi ciddi təlaş doğurub, axı buğda, əsasən, Rusiyadan gətirilirdi. DSK-nın açıqladığı rəqəmlərdən bilinir ki, ötən il ölkədə ən çox bahalaşan azuqə çörək olub. Buğda və unun bahalaşması çörəyin orta bazar qiymətini 50 faizdən çox artırıb.

İdxal göstəriciləri dəyişib

Taxıl bazarındakı problemlər Azərbaycanın idxal göstəricilərinə də təsirsiz ötüşməyib. Ötənilki "taxıl böhranı" Azərbaycanın buğda ilə təminatında Rusiyanın payını nisbətən azaldıb. Əvəzində Qazaxıstandan buğda idxalı kəskin artıb. Di gəl, Azərbaycanın buğda ilə təminatında Rusiya hələ də çox böyük paya sahibdir. Ötən il Qazaxıstandan 280 min ton buğda gətirilib. Bu, 2021-ci ilin göstəricisindən 5.3 dəfə çoxdur.

2022-ci ildə Rusiyadan buğda idxalı, əksinə, 8 faiz azalaraq 1 milyon ton olub. Şimal qonşusundan buğda idxalının həcmi 8 faiz azalsa da, bahalaşma üzündən ötən il Azərbaycan buğda gətirdiyinə görə 2021-ci illə müqayisədə Rusiyaya 17 faiz daha çox – 337.5 milyon dollar ödəməli olub. Beləcə, 2022-ci ilin nəticələrinə görə, ölkəyə buğda idxalının 78 faizi Rusiyanın, 22 faizi Qazaxıstanın payına düşüb. Başqa deyimlə, il ərzində Rusiyanın Azərbaycanın buğda idxalındakı payı 95 faizdən 78 faizə geriləyib. Ekspertlərin fikrincə, Azərbaycanın buğda ilə təminatında Rusiyanın bu qədər böyük paya sahib olması iqtisadi risklərlə yanaşı, siyasi risklər də doğurur.

Təminat səviyyəsi niyə aşağı düşüb?

Ötən il Azərbaycanda buğdayla təminat səviyyəsinin aşağı düşməsinin əsas səbəbi ölkədə daha az taxıl yetişdirilməsidir. DSK-nın açıqladığı rəqəmlərə görə, 2022-ci ildə ölkədə buğda istehsalı 1 milyon 736 min ton olub. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton idi. Bu isə buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalma deməkdir. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsi və buğda əkinləri sahəsinin azalması ilə bağlıdır. Belə ki, 2022-ci ildə ölkədə buğda əkinlərində məhsuldarlıq hər hektarda 31.9 sentner olub. 2021-ci ildə bu rəqəm 32.9 sentner idi. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul toplanan sahə həcmi də həmin müddət ərzində 572 min hektardan 547 min hektara geriləyib.

İstehsal niyə azalıb?

Ötən il Kənd Təsərrüfatı Nazirliyi açıqlamışdı ki, Azərbaycandakı kəskin quraqlığa görə təxminən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub. Bu baxımdan, heç şübhəsiz, taxılla özünütəminatın azalması həm də ölkədə su çatışmazlığından qaynaqlanıb. Aqrar Tədqiqatlar Mərkəzinin açıqladığı rəqəmlərdə vurğulanır ki, Azərbaycanda buğda əkilən ərazilərin 64 faizində su çatışmazlığı var. Ölkə üzrə toplam buğda əkinlərinin təqribən 38 faizi dəmyə ərazilərdir. Suvarılan sahələrin cəmi 5 faizində müasir suvarma sistemləri tətbiq edilir. Bu baxımdan, su çatışmazlığı və suvarmada itkilərin böyük olması probleminin aradan qaldırılması ölkədə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına təkan verən amillərdən biri ola bilər.

Hökumət nə fikirləşir?

Ötən il ərzində taxıl istehsalının artırılması ilə bağlı bir sıra addımlar atılıb. Məsələn, prezident "ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzalayıb. Burada təklif edilən yeniliklərdən biri məhsul subsidiyaları ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən, ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslərin yetişdirdiyi, eləcə də Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya subsidiya veriləcək. Ancaq bu yenilikdən təkcə müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlar yararlana biləcək. Bu isə o deməkdir ki, subsidiyalardan, əsasən, böyük aqroholdinqlər və iri torpaq sahibləri faydalanacaq. Axı müasir suvarma sistemlərinin tətbiqi yetərincə məsrəfli işdir və bir çox kiçik fermerlərin imkanlarını aşır.

XS
SM
MD
LG