Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:10

Birinə 40, birinə 7 şifer...


Tovuza dolu düşüb
Gözlə
Embed

No media source currently available

0:00 0:00:23 0:00

Tovuza dolu düşüb

«Əsasən kəndin yuxarısındakı evlərin 90 faizinin dam örtüyü dağılıb. Kəndin aşağısına isə dolu az yağmışdı, evlərə, demək olar, zərər dəyməmişdi. İş orasındadır ki, kəndin aşağısında yaşayanlara 30-40, ancaq mənə 7 şifer verilir. Və iş orasındadır ki, o 7 şiferi də sözdə verirlər, əməldə heç o da ortada yoxdur».

Tovuzun Qaraxanlı kəndinin sakini Rəhman Abbasov deyir, bu il iyunun 10-da yağan dolu kəndin yuxarı hissəsindəki evlərin dam örtüklərini dağıdıb, evləri qəzalı vəziyyətə salıb. Hadisənin ilk günləri evlərə və təsərrüfatlara dəyən zərər hesablansa və fəsadların aradan qaldırılacağı vəd olunsa da, hələ də zərərdən çıxmayanlar var.

«TANIŞLIQ, QOHUMLUQ XATİRİNƏ...»

Rəhman Abbasovun iddiasına görə, aidiyyəti üzrə yerli qurumlar evlərin dam örtüklərinin təmirinə gərəkən materialları öz yaxınları arasında bölüşdürürlər:

***Buna da bax-Tovuz kəndlərinin sakinləri: 'Təbiət bizə toy tutub'

«Üzü yağışlara gedir. Özüm də, həyat yoldaşım da ağır xəstədir, ünvanlı sosial yardımı kəsiblər, pay torpağımı əlimdən alıblar, iş yerim yoxdur, bank da kredit vermir. Deməyim odur ki, mənim dam örtüyünü təmir etməyə imkanım yoxdur. Bildiyim də odur ki, təbii fəlakət nəticəsində dəymiş zərəri dövlət aradan qaldırmalıdır. Buna görə vəsait də ayrılıb, ancaq vəsaiti istədikləri kimi xərcləyiblər, tikinti materiallarını, şiferləri istədikləri kimi sağa-sola dağıdıblar, adamların evlərinin dam örtükləri hələ də təmirsiz qalıb. Kəndin aşağı tərəfinə çox az dolu düşmüşdü, orda fəsad yox idi, ancaq orada yaşayan adamlar tanıyıram ki, onlara tanışlıq, qohumluq xatirinə tikinti materialları verilib».

Rəhman Abbasov deyir, aradabir yağan yağışın suları açıq dam örtüyündən divarlarla evin içərisinə süzülüb döşəməyə axır deyə, getdikcə ev də qəzalı vəziyyətə düşür.

Ağstafanın Yuxarı Göycəli kəndindən də eyni məzmunlu şikayət var. Sakinlərin deməsinə görə, eyni gündə kəndə düşən dolu azı 200 evə ziyan vurub. Ancaq bu günədək fəsadlar aradan qaldırılmayıb.

«KƏNDLİLƏR BATIR»

Kənd sakini Hüsniyyə Qafarova:

«Biz icra hakimiyyətinin nümayəndələrini və Fövqəladə Hallar Komissiyasının üzvlərini hadisədən sonra bircə dəfə gördük. Gəlib zərərləri hesablayıb, sənədləri ev sahiblərinə imzaladıb getdilər. İki aydan çox keçib, hələ də xəbər yoxdur. Adam da fikirləşir ki, yəqin bunlara elə bizim imzamız lazım imiş, indi o sənədlərlə nə qədər pul silib keflərinə baxıblar, bir özləri bilir...».

***Buna da bax-'Bizim kənd bu dəqiqə ölü kənddir'

Sakin deyir, kəndlinin son ümid yeri olan əkin sahələrindən də bu mövsümdə qazanc əldə olunmayacaq:

«Hamısı dolu nəticəsində məhv oldu. Heç olmasa, əkindən götürəcəyimiz pulla düzəltdirərdik. İndi bu da mümkün deyil. Kəndlilər batır. Dolu onsuz da hamının həyatını iflic edib, heç olmasa, bir də yağışlar başlayanda yaşamağımıza peşman olmayaq. Bu boyda dövlətdən ötrü bir kəndin evlərinin dam örtüyünü təmir etmək nədir ki... Vallah, hesablayanda bir məmurun uşağının naharının hesabından azdır».

«DEYİLƏNLƏRİN HAMISI YALANDIR»

AzadlıqRadiosu hər iki rayonun icra hakimiyyəti ilə əlaqə saxlayıb. Tovuzun icra hakimiyyətindən bildirilib ki, paylanan tikinti materiallarının həcmi tələbatdan asılıdır:

«Birinin evi səkkizotaqlıdır, ona 30 şifer verilir, birinin evi birotaqlıdır, ona 5 şifer ayrılır. Materiallar evlərin sahəsinə görə hesablanır. Deyilənlərin hamısı yalandır, adamlar hər şeyi fürsət hesab edirlər. Kəndin aşağı, yuxarı hissələrində – hər ikisində fəsadlar olub və aradan qaldırılır».

Ağstafanın icra hakimiyyətindən də iki ay əvvəl yağan dolunun kəndlərə vurduğu zərərin aradan qaldırıldığı, hazırda da bu proseslərin davam etdiyi bildirilib:

«Kimin dam örtüyü düzəlməyibsə, həmin ev Fövqəladə Hallar Komissiyası tərəfindən siyahıya alınıbsa, mütləq təmir olunacaq».

Kəndliləri narahat edən yağışlı havaların yaxınlaşmasıdır. Onlar düşünürlər ki, indi tədbir görülməsə, yağış sularının evlərə dolmasının qarşısını almaq mümkün olmayacaq.

XS
SM
MD
LG