Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:30

Kəndli: 'İnəyi satdım, kartof əkdim, o da susuzluqdan məhv oldu'


Su kanalı
Su kanalı

«İnəyi satdım, xeyli də kredit götürdüm, 3 hektar sahədə kartof əkini işləri apardım. İçimdə ümid vardı ki, sahədən məhsul götürüb həm kreditimi qaytaracam, həm inəyimi geri alacam, həm də qışa tədarük görəcəm. Susuzluq ümidimi qırdı».

Ümidləri yarıda qalan Tovuzun Xatınlı kəndinin sakini Azər Kərimovdur. O, 3 hektar sahədə əkin işləri aparmaq üçün həm inəyini satıb, həm də 9 min manat borca girib. Əkdiyi sahə isə susuzluqdan məhv olub.

«9 MİN MANAT ZƏRƏRDƏYƏM»

Kəndli AzadlıqRadiosuna danışır ki, kartof əkininə görə qapıdakı yeganə heyvanı – inəyi satıb. Əkin uğurlu olsa da, sonrakı susuzluq problemi kəndlinin ümidini alt-üst edib. İndi onu məhsuldan daha çox borcları narahat edir:

***Buna da bax-Hökumət su quyuları məsələsinə bir də qayıtdı

«Elə bil, qəsdən xalqı zülm içində saxlayırlar. Bunu Allah götürməz. Mən ailəmin dolanışığı olan sonuncu inəyimi satıb bu işə qoymuşam. O inəyin südü ilə dolanırdıq. Azuqəmi artırmaq istədim, məmurlarsa əkin sahələrinə gedən suyu kəsməklə məni və mənim kimi yüzlərlə ailəni fəlakətə, aclığa sürükləyir. Onsuz da qarnımız tox deyil, dövlətdən qara qəpik yardım görmürük, heç olmasa, olanımıza qənim kəsilməsinlər. Mən tələb edirəm ki, borc-xərclə, inəyimi satmaqla, kredit götürməklə əkin apardığım sahəyə su versinlər, əkinim yanmasın. Kəndli çörək almağa 9 manat tapmır, 9 min manatı necə qaytarsın? Suyu kəsdikləri üçün bu dəqiqə 9 min manat zərərdəyəm. Rayonun su idarəsi, icra hakimiyyəti sahələrimizi susuzluqdan yandırmaqla bizi birbaşa məhv edir».

«KARTOFA NECƏ BAŞA SALASAN Kİ...»

A.Kərimov hesab edir ki, məmurlar suyu qəsdən kəsib öz sahələrinə yönləndirirlər. A.Kərimov davam edir:

***Buna da bax-Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'

«Su idarəsinə gedirik, deyirlər, narahat olmayın, 1-2 gün də gözləyin, su olacaq. Hər gün eyni sözləri eşidirik, onlar bir tərəfdən bizi yola verirlər, bu biri tərəfdənsə sahələrdən əsər-əlamət qalmır. Axı torpağa, kartofa necə başa salasan ki, «bir az da döz». Xahiş edirik, bizə kömək edin, səsimizi yuxarı qurumlara çatdırın, bir tədbir görsünlər. Məhsulun məhv olması elə kəndlinin məhvi deməkdir. İmkan verməyin ki, məhv olaq».

HEKTARA GÖRƏ 16 MANAT

Tovuz rayon İcra Hakimiyyətindənsə əkin sahələrinin susuz qalması ilə bağlı iki cavabı var – ya su buxarlanıb, ya da kanal qeyd olunan sahələrdən bir neçə kənd o tərəfdə olduğundan su gəlib bu kəndə çatmır:

«Ancaq su kanalı idarəsinin işçiləri çalışırlar ki, əkin sahələri susuz qalmasın, yaxın günlərdə bu problem yerli-dibli həll olunacaq».

Xatınlı sakinləri isə su kanalının fotolarını AzadlıqRadiosuna göndəriblər və qeyd ediblər ki, su kanalı ilə əkin sahələrinin arası vur-tut 3 kilometrdir.

Kəndlilər bildirirlər ki, kartof sahələri həftədə bir dəfə suvarılır və hər dəfə onlardan suvarılan 1 hektara görə onlardan 16 manat alınır.

A.Kərimovun deməsinə görə, rayonun icra başçısı tapşırıb ki, su yalnız çuğundur sahələrinə verilsin. İcra hakimiyyətindənsə bunu təkzib ediblər.

XS
SM
MD
LG