Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:38

Hollivud filmləri ilə yarışan toy videoları


Toy edən cütlük
Toy edən cütlük

LoveStoriesTV.com saytında toy videolarına baxdığınız zaman Hollivudla real həyat arasındakı sərhəd silinmiş olur.

Müasir toy videoları əsl kino prodakşnıdır. Bu filmlərin kinematoqrafiyası böyük ekrandakı filmlərlə rəqabət apara bilər.

«Düşünürdüm ki, bu, gördüyüm ən gözəl kontentdir. Real insanlar, real hekayələr və peşəkar prodakşn», – «Love Stories TV»nin rəhbəri və yaradıcısı Rachel Silver deyir.

«Love Stories TV» texniki olaraq TV kanalı deyil, onlayn platformadır. Burada peşəkar hazırlanmış toy videoları paylaşılır və izlənilir.

R.Silver-in qadın həmkarları rəfiqələri ilə birlikdə gəzintidən sonra internetdə toy videolarına baxdıqları haqda danışıblar. Çoxu da videolara hansı saytda baxdığını xatırlamırmış. Bundan sonra o, «Love Stories» saytını yaratmaq qərarına gəlib.

«Netflix»lə müqayisə

«The Knot» və «Style Me Pretty» kimi populyar toy planlaşdırma saytları bu sahədə daha ətraflı məlumat təklif edir. Ancaq onların heç biri, sadəcə, toy videolarına fokuslanmır, yaxud belə videolardan əyləncə vasitəsi kimi yararlanmır. Bir qayda olaraq, videoların müəllifləri çəkdikləri məhsulları öz səhifələrinə yerləşdirir, müştərilərsə bura öz şərhlərini yaza bilirlər.

«Bu yaxınlarda bir nəfər bizi toy videoları «Netflix»i («Netflix» aylıq abunə müqabilində filmlərə baxmağı mümkün edən populyar onlayn platformadır) adlandırmışdı və bu, çox güclü səslənirdi», – Silver deyir.

Bəs bu saytın istifadəçiləri kimlərdir? Doğrudanmı, yad adamların toy videolarına baxmaq istəyən bütöv bir auditoriya var?

R.Silverin sözlərinə görə, saytın izləyiciləri ABC kanalının məşhur «The Bachelor» realiti şousunu izləyərək böyüyən gənc qadınlardan ibarətdir.

«Love Stories TV» əyləncədən başqa həm də öz toyunu planlaşdırmağa çalışan insanlara köməkdir. Burada toy məkanları, makiyaj ustalarının, dərzilərin adları, ünvanları və s. göstərilir. Bundan başqa, videoları məkan, dini etiqad, mədəniyyət və cinsi oriyentasiyaya görə axtarmaq mümkündür.

Rançoda sadə, bohema tərzində müsəlman toyu istəyirsiniz? Yoxsa geyləri normal qarşılayan beşulduzlu çimərlik məkanında latın üslubunda bir şey axtarırsınız? Bunların hamısını saytda tapa bilərsiniz.

Toy biznesində çalışanlarsa öz işlərini burada sərgiləyə bilərlər.

Korrupsiya idarəsi toyda qonaqları saydı
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Məhsulu satmaq

«Siz marketoloq kimi hərəkət edərək məhsulunuzun reklamına aktyorları çəkə bilərsiniz. Ancaq bu, tikdiyiniz kostyumu geyinmiş real sağdışın gözəl nitq söyləyərək hamını ağlatmasının yerini verə bilməz. Burada siz məhsulunuzla emosional bağlılıq əldə etməyə çalışırsınız və heç nə bu işin öhdəsindən bir toy filmi qədər yaxşı gələ bilməz», – Silver deyir.

R.Silver gələcəkdə saytın xidmətlərini maraqlı tərəflərə satmağı planlaşdırır. Məhsullarını satmaqda maraqlı tərəflər aylıq abunə haqqı müqabilində öz məhsullarını tamaşaçılara göstərə biləcəklər.

Videoqrafiya şirkətində çalışan Jennifer Thompson deyir ki, bu sayt onun çalışdığı biznesin çiçəklənməsinə kömək edib.

«Bu, işimizi daha çox potensial müştərinin qarşısına çıxara bilməyimiz üçün əla yerdir», - Thompson deyir.

Videosunu bu sayta yerləşdirən cütlükləri lağa qoyanlar da tapılacaq, ancaq Silver deyir ki, bu videolar toyunuz haqda «The New York Times» qəzetində, yaxud «Town&Country» jurnalında elan verməkdən fərqli deyil. O, öz toyu üçün belə bir film çəkdirmək şansını qaçırdığına peşman olduğunu deyir.

XS
SM
MD
LG