Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:32

Türkiyədən gətirilib həbs edilənlər...


Avropadakı siyasi mühacirlər axtarışa verildi
Gözlə

No media source currently available

0:00 0:02:33 0:00

Avropadakı siyasi mühacirlər axtarışa verildi (2020)

Bugünlərdə Demokratiya və Rifah Partiyasının (ADR) həbsdə olan sədri Qubad İbadoğlunun işi ilə əlaqədar iqtisadçı Fazil Qasımov Türkiyədə saxlanaraq Azərbaycana gətirilib.

ADR sədri Q.İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1-ci (Mütəşəkkil dəstə tərəfindən saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə ittiham edilir. Elə F.Qasımova da eyni ittiham verildiyi deyilir.

Rauf Mirqədirov, Hüseyn Abdullayev...

Bundan əvvəl də bəzi jurnalist və müxalif siyasətçi Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib. Onların arasında jurnalist Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev də olub.

Hüquqşünas Cavad Cavadov da AzadlıqRadiosuna deyib ki, Türkiyə ilə bağlı bu cür nümunələri birinci dəfə görmürlər. O, F.Qasımovun saxlanılması işinin detallarını bilməsə də, mətbuatda yayılan məlumatlara əsasən qeyd edir ki, iqtisadçı Türkiyədə dərs deyib, alimdir: "Əminəm ki, Türkiyədə oturumu da var, güman ki, vətəndaşlığı da. Ona görə Fazil Qasımovun deportasiya olunmasını qeyri-mümkün hesab edirəm. Əgər onun barəsində axtarış elan olunubsa, başqa ölkəyə təhvil vermə, beynəlxalq konvensiyalara uyğun şəkildə məhkəmənin qərarı olmalıdır. Çünki Azərbaycan da, Türkiyə də Avropa Şurasının üzvüdür, ikitərəfli müqavilə varsa belə, mütləq məhkəmə qərarı olmalıdır".

Azərbaycan, Türkiyə hüquq-mühafizə orqanları və özünün yaxınlarından F.Qasımovun işinin detallarını öyrənmək mümkün olmayıb. Yalnız Azərbaycan Daxili İşlər Nazirliyindən bildirilib ki, o, axtarışda olub.

C.Cavadov
C.Cavadov

"Cenevrə Konvensiyasına uyğun olaraq..."

C.Cavadov isə deyir ki, o, hətta deportasiya edilibsə, bu, əsaslı ola bilməz: "Çünki Fazil Qasımov Türkiyədə daimi əsaslarla yaşayır, dərs deyir. Yəni, onun deportasiya edilməsi legitim görünmür. Bu hal birinci deyil, Hüseyn Abdullayev nümunəsi var və onunla bağlı BMT-nin Qanunsuz Həbslərlə bağlı İşçi Qrupunun qərarı var... Bildirilib ki, Cenevrə Konvensiyasına uyğun olaraq, Hüseyn Abdullayev Almaniyadan sığınacaq almışdı. Bu, o deməkdir ki, Abdullayev Azərbaycana təhvil verilə bilməzdi. Buna baxmayaraq, Türkiyə heç bir prosedur qaydaları gözləmədən onu Azərbaycana təhvil verdi".

"Əsaslı dəlilləri təqdim edəndə..."

Milli Məclisdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə isə "Turan"a deyib ki, Azərbaycan qanunvericiliyini pozan vətəndaşlar yalnız Türkiyədən deyil, başqa ölkələrdən də gətirilib: "Bu barədə internetdə kifayət qədər məlumatlar tapmaq olar. Sadəcə, Türkiyədə azərbaycanlı daha çox olduğundan və ölkə yaxınlığı amilinə görə orada saxlanılanlar çox görünür".

A.Mirzəzadə F.Qasımovun saxlanılmasını Türkiyə-Azərbaycan arasında sırf dostluq münasibəti ilə əlaqələndirmir: "İki ölkə arasında müvafiq hüquqi sazişlər var. Bu cür sazişlər başqa ölkələrlə də var. Hansısa ölkə qanunlarını pozan vətəndaş haqda əsaslı dəlilləri təqdim edəndə, onları saxlayıb Azərbaycana gətirmək mümkün olur. Başqa ölkələrlə bağlı belə nümunələr də var".

"Vəkil də çağıra bilmədim"

Jurnalist Rauf Mirqədirov isə onun gətirilməsinin F.Qasımov və H.Abdullayevdən bir qədər fərqli olduğunu bildirir: "Hüseyn Abdullayev ehtiyatsızlığının qurbanı oldu. Mənim həbsimdən sonra Abdullayevin Türkiyəyə getməsi həddən artıq sadəlövhlük idi. Görünür, Abdullayev Türkiyədəki əlaqələrinə çox inanırdı. Amma siyasi maraqların hər şeyə üstün gəldiyini düşünmürdü".

R.Mirqədirov deyir ki, o, siyasi motivlərə görə Türkiyədən ilk deportasiya olunanlardandır: "Tələb etməyimə baxmayaraq, məni məhkəməyə müraciət hüququndan da məhrum etdilər, vəkil də çağıra bilmədim. Sözsüz ki, sifariş Bakıdan gəlmişdi. 2014-cü ilin aprelin 5-də Azərbaycan dövlət başçısı Türkiyəyə gəldi, aprelin 9-da Basın İnformasiya İdarəsindən məktub aldım ki, mənim və həyat yoldaşımın qeydiyyatı ləğv olunub...".

R.Mirqədirov
R.Mirqədirov

R.Mirqədirov Azərbaycana gətirildikdən bir il sonra dövlətə xəyanətdə ittiham edilərək 6 il həbs cəzası alıb.

O, 2016-cı ilin martında Apelyasiya Məhkəməsinin qərarıyla şərti cəzayla azad olunub və sonra da ölkəsini tərk edib..

H.Abdullayevə isə qanunsuz sahibkarlıq, cinayətlə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma ilə bağlı ittiham verilib. 2019-cu ildə o da 6 il həbs edilib. O da ittihamları qəbul etmir.

Mövzu ilə bağlı Türkiyənin rəsmi qurumları və bu ölkənin Azərbaycandakı səfirliyi ilə danışmaq cəhdləri nəticə verməyib. Amma Türkiyə rəsmiləri, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə demokratik dəyərlərə daim sadiqdirlər.

XS
SM
MD
LG