Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:45

Türkmənistanda şagirdlərə tələb: İmtahanda müəllimlərə ya yemək gətirin, ya da pulunu verin


Türkmənistanda məktəblilər
Türkmənistanda məktəblilər

Türkmənistanda müəllimlər buraxılış imtahanları ərəfəsində şagirdlərdən pulsuz nahar və pul tələb etməkdə günahlandırılır. Gələcək abituriyentlər bunları etməyəcəkləri halda sinifdə qalmaqdan qorxurlar.

Adının açıqlanmasını istəməyən bir valideyn AzadlıqRadiosunun türkmən xidmətinə bildirib ki, cənubdakı Marı şəhərində yerləşən bir çox məktəbdə müəllimlər yuxarı sinif şagirdlərini aşağı qiymətlərlə hədələyiblər. Valideynin sözlərinə görə, şagirdlər müəllimlərin dediyini etməsələr, məktəb şəhadətnamələrinə aşağı qiymətlər yazılacağı ilə hədələniblər.

Digər valideynlər də "şantaj" iddialarını təkrarlayıb. Onların dediyinə görə, bəzi müəllimlər öz işlərini yuxarı sinif şagirdlərinə yükləyir, onlara ev tapşırıqlarını yoxlatdırırlar.

İki seçim

İddia edilən hadisələrin şəhərdəki 5, 13, 16 və 24 saylı dövlət və digər məktəblərdə baş verdiyi deyilir. Adının açıqlanmasını istəməyən bəzi müəllimlər bu məlumatları AzadlıqRadiosuna təsdiqləyiblər.

Şəhər təhsil rəsmiləri isə iddialara cavab verməyib. Guya şagirdlərə deyilib ki, onların verdiyi pul məktəb təmirinə və bir ay davam edəcək imtahan müddətində müəllimlərin naharına xərclənəcək.

“Şagirdlərə iki seçim verilib, ya buraxılış imtahanları zamanı müəllimlərin nahar pulunu ödəyəcəklər, ya da hazır yemək gətirəcəklər. Valideynlər bununla razılaşdılar, çünki uşaqlarının daha aşağı qiymət alması, onların universitetə qəbuluna mane ola bilər. Təbii ki, bütün müəllimlər bu qanunsuzluqlarda iştirak etmir. Amma onların çoxu bunu edir”, – bu sözləri Marı şəhərində yaşayan, iki məktəbli övladı olan valideyn deyib.

AzadlıqRadiosunun mənbələri bildirirlər ki, ciddi nəzarət altında olan, korrupsiya və rüşvətxorluqla tanınan Orta Asiya ölkəsinin bir çox başqa şəhərlərində də oxşar hadisələr baş verib.

“Varlı valideynlərin” hədiyyələri

Marı şəhərinin bəzi müəllimləri isə "varlı valideynləri" yüksək imtahan balları müqabilində müəllimlərə rüşvət təklif etməkdə suçlayıblar.

Adının açıqlanmasını istəməyən bəzi müəllimlər AzadlıqRadiosuna bildiriblər ki, varlı ailələr tez-tez müəllimləri evlərinə axşam yeməyinə dəvət edir. Onlara bahalı hədiyyələr, 50 və ya 100 dollar pul təklif edirlər. Bu hadisə, çox vaxt şagirdlərin gözü qarşısında edilir.

Bu iddialardan bir il öncə isə müstəqil media, o cümlədən AzadlıqRadiosunun türkmən xidməti – "Azatlık" Türkmənistanda bir çox məktəblərdə geniş yayılmış rüşvət və qeyri-qanuni pul yığımından yazıb. Bundan sonra bu praktika qəfil dayandırılıb.

“Azatlık” yazandan sonra Təhsil Nazirliyinin nümayəndələri və prokurorlar [iddiaları] yoxlamaq üçün Aşqabaddakı məktəblərə getməyə başladılar”, – bunu ötən il Aşqabad sakinlərindən biri deyirdi.

Qeyri-dövlət mediasına danışmaqdan yayınan Türkmənistan rəsmiləri vəziyyətlə bağlı heç bir açıqlama verməyiblər.

Məcburi ianələr

Məlumata görə, Türkmənistandakı məktəblər uzun müddətdir ki, qeyri-qanuni olaraq, valideynlərdən məktəblərin təmiri, Yeni il şənlikləri, ölkə prezidentinin portretləri və kitabları üçün pul yığmaq ittihamları ilə üzləşirlər.

Qanuna görə, bütün dövlət məktəbləri və buradakı xidmətlər dövlət büdcəsindən maliyyələşdirilməlidir.

AzadlıqRadiosunun bir müddət əvvəl yaydığı xəbərə görə, Türkmənistanda rüşvət verməyə imkanı olmayan ailələrdən orta məktəb şagirdləri müəllimlərin onları aşağı qiymətlərlə “cəzalandıracağından” qorxaraq məktəbə getmək istəmirlər.

Türkmənistanın dövlət qurumlarına qarşı tez-tez birbaşa nağd pul ödəmələri, ianələr və dövlət mediasına məcburi abunəlik daxil, rüşvət və təhdid iddiaları səsləndirilir.

Dövlət sektorunda işləyənlər tez-tez maaşlarından hökumətin dəstəklədiyi xeyriyyə təşkilatlarına, yaxud ofislərin yenilənməsinə pul tutulmasından şikayətlənirlər.

Türkmənistan işçilərin kütləvi küçə təmizliklərində, paradlarda və hökumət tədbirlərdə könüllü iştirakını tələb etdiyi üçün də insan haqları qruplarının tənqidinə məruz qalır.

Fevralda Qərbi Balkan vilayətindəki iki yerli hökumət işçisi adının çəkilməməsi şərti ilə bildirib ki, hakimiyyət onlardan 430 dollar aylıq maaşlarının yarısını keçmiş prezident Qurbanqulu Berdiməhəmmədovun idarə etdiyi xeyriyyə fonduna bağışlamağı tələb edib.

Türkmənistan vətəndaşlarının böyük əksəriyyəti ölkələrinin zəngin təbii qaz ehtiyatlarına baxmayaraq yoxsulluq içində yaşayır. Bəzi vətəndaşların sözlərinə görə, övladlarının oxuduğu məktəblərdən və ya öz iş yerlərindən tələb olunan pullar, onları borc götürməyə və dolanmaq üçün ərzaq və digər ehtiyaclarını azaltmağa məcbur edib. Buna baxmayaraq, rəsmi şikayət etməməyə üstünlük verdiklərini, Aşqabad hökumətinin tənqidlərə açıq olmadığını da bildiriblər.

XS
SM
MD
LG