Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:15

Savaş yorğunluğu artsa da, ABŞ milyardlarla yardımını ilsonunadək təsdiqləyə bilər


Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ senatorları ilə görüşür. 21 sentyabr 2023
Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtonda ABŞ senatorları ilə görüşür. 21 sentyabr 2023

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 21-də Vaşinqtona qısa səfəri zamanı Kapitolidə ABŞ senatorları ilə görüşüb. O bu görüşdə deyib ki, ABŞ-ın dəstəyi olmasa, ölkəsi Rusiya hücumuna qarşı ölüm-dirim mübarizəsində yeniləcək.

Həmin görüşdən iki həftə keçmədən ABŞ Konqresində Ukraynaya dəstək büdcəsinin təsdiqinə dair partiyalararası və partiyadaxili qarşıdurma daha da qızışıb. Konqres sentyabrın 30-da hökumətin fəaliyyətinin dayandırılmaması üçün son anda müvəqqəti büdcə qəbul edib. Bu büdcədə Ukraynaya yardım nəzərdə tutulmayıb.

ABŞ-da siyasətçilər, ekspert və təhlilçilər Konqresin Ukraynaya nəzərdə tutulan irihəcmli yardımı ilsonunadək təsdiqləyəcəyinə inanırlar. Onların bu inamı hər iki partiyada Ukraynaya yardımı dəstəkləyənlərin say çoxluğuna əsaslanır.

Bununla belə, Ukraynaya yardımın büdcədən çıxarılması Qərbdə Ukraynaya dəstəyin azalmasından xəbər verir. Bu, ilk növbədə Rusiya təcavüzünün sonunun görünməməsi, eləcə də Şimali Amerika və Avropanın yüksək inflyasiya ilə üzləşməsi ilə bağlıdır.

"Moskvanın bunu qələbə, Qərbin müharibədən yorulması kimi qələmə verəcəyinə şübhə yoxdur", - 2003-2006-cı illərdə ABŞ-ın Ukraynadakı səfiri olmuş Con Hörbst AzadlıqRadiosuna belə deyib.

Doqquz yer fərqi nə verir?

Co Baydenin sözügedən müvəqqəti büdcə qanununu imzalamasından cəmi bir neçə saat sonra slovaklar səslərin ən çox faizini Ukraynaya hərbi yardımı dayandıracağını vəd edən partiyaya veriblər. Bu seçkidən sonra keçmiş baş nazir Robert Fitsonun hakimiyyətə qayıdacağı gözlənilir. Seçki kampaniyası gedişində Ukrayna əleyhinə ritorikadan yararlanan Fitso, eyni zamanda, Moskvanı təqdir edib və AB-nin Rusiyaya qarşı sanksiyalarını sorğulayıb.

Hazırda Vaşinqtonda fəaliyyət göstərən Atlantika Şurasının təhlilçisi olan Hörbst Ukraynaya yardımı nəzərdə tutan qanun layihəsinin bu il içində qəbul ediləcəyinə inanır. O, eyni zamanda, bu yardımın ötən ilin dekabrında qəbul edilən 45 milyard dollarlıq yardımdan az olmayacağını düşünür.

Ukraynanın xeyrinə lobbiçiliklə məşğul olan "Yorktown Solutions" konsaltinq şirkətinin prezidenti Deniel Vaydiç də ABŞ-ın Kiyevə hərbi və maliyyə yardımı ayıracağına əmindir.

Respublikaçılar 435 üzvü olan Nümayəndələr Palatasında doqquz yer fərqi ilə çoxluqdadır. Yeri gəlmişkən, doqquz yer fərqi son 100 ilə yaxın müddətdə ən kiçik fərqdir. Bu üstünlük partiyanın sağ qanadına xərcləmələrlə bağlı qanun layihələri ətrafında danışıqlar aparmaq və palatanın spikerini seçmək imkanı verir.

Ukrayna ordusu ABŞ tərəfindən göndərilmiş M777 haubitsası ilə Rusiya mövqelərini atəşə tutur.
Ukrayna ordusu ABŞ tərəfindən göndərilmiş M777 haubitsası ilə Rusiya mövqelərini atəşə tutur.

Respublikaçılar fraksiyasındakı bu azlıq Ukraynaya əlavə yardıma qarşı çıxır və ABŞ-ın Meksika ilə sərhədinə nəzarət üçün daha çox maliyyə vəsaiti ayrılmayacağı təqdirdə bu layihəni dəstəkləməkdən imtina edir.

Sentyabrın 30-da təsdiqlənmiş müvəqqəti büdcəyə Ukraynaya təbii fəlakətlərlə bağlı yardım daxil edilsə də, sərhəd təhlükəsizliyi və başqa məsələlərlə bağlı yardım daxil edilməyib.

Senat müvəqqəti büdcəyə Ukrayna üçün 6 milyard dollar əlavə etsə də, aşağı palata bu versiyanı qəbul etməyib.

"Ukraynaya səcdə edən hökuməti maliyyələşdirməyəcəyəm"

"Mən bizim öz sərhədlərimizi umursamayan, ancaq Ukraynaya səcdə edən hökuməti maliyyələşdirməyəcəyəm", - Nümayəndələr Palatasının Corciya ştatından seçilmiş respublikaçı üzvü Marcori Teylor Qrinin sözləridir.

Hörbst deyib ki, Ukraynaya yardımı kəsməklə Respublikaçılar partiyasının sağ qanadı ABŞ-ın gücünə xələl gətirə bilər: "Amerikanı yenidən böyük və güclü görmək istədiklərini iddia edən adamlar bizi beynəlxalq səhnədə səfeh durumuna salırlar".

Rusiya Ukraynaya savaş açandan bəri Konqres Kiyevə dörd paketdə toplam 113 milyard dollarlıq hərbi, iqtisadi və humanitar yardım ayırıb. Bu ilin avqustunda isə Bayden Konqresdən əlavə 24 milyard dollar istəyib.

Rusiyanın Ukraynaya hücuma başlamasından sonra ABŞ-da Ukraynaya dəstək yüksək idi. Ancaq müharibənin başlanmasından 20 ay keçsə də, onun sonunun görünməməsi, eləcə də amerikalıların son 40 ildəki ən yüksək inflyasiya ilə üzləşməsi onların müharibəyə marağını azaldıb.

Rəy sorğuları göstərir ki, Ukraynaya ictimai dəstəyin azalması ən çox respublikaçılar arasında gözə çarpır. Partiyanın 2024-cü il seçkilərində aparıcı namizədi olan Donald Tramp Ukraynaya yardım etməkdə o qədər də maraqlı görünmür.

Ancaq Konqresin hər iki palatasında nüfuzlu respublikaçılar, o cümlədən Respublikaçılar partiyasının prezidentliyə digər namizədləri Ukraynaya daha çox yardım ayrılmasını dəstəkləyirlər. Mayk Pens də bura daxildir.

"Biz Ukraynadan əlimizi çəksək…"

Cənubi Karolinadan seçilmiş, son 20 ildə Senatdakı yerini qoruyub saxlayan respublikaçı senator Lindsi Qrem oktyabrın 1-də CBS televiziyasına müsahibəsində deyib ki, ABŞ-ın milli güvənliyi üçün Ukraynanın önəmli olmadığını deyən partiyadaşları yanılırlar.

ABŞ senatoru Lindsi Qrem Kiyevə səfərdə
ABŞ senatoru Lindsi Qrem Kiyevə səfərdə

O deyib ki, Ukraynaya yardımı dayandırmaq və Rusiyanın üstünlük qazanmasına imkan vermək Putini daha böyük təcavüzə həvəsləndirəcək və Çin Prezidenti Si Cinpini Tayvana hücum etməyə cəsarətləndirəcək.

"Biz Ukraynadan əlimizi çəksək, vəziyyət Əfqanıstandakından 10 dəfə daha pis olacaq", - deyə senator 2021-ci ildə ABŞ-ın Əfqanıstandan çıxmasından sonra ölkədə yaranan xaosa işarə edib və sözünü belə yekunlaşdırıb: "Ukraynaya yardımı dayandırmaq Tayvan üçün ölüm hökmü deməkdir".

Müşahidəçilərin fikrincə, Putinin Ukraynada üstünlük qazanmasına tək ümidi Qərbin Kiyevə dəstəyinin zəifləməsidir.

XS
SM
MD
LG