Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 15:58

Ukrayna müharibəsi Qarabağ üçün nə deməkdir [Qərb mediası]


Xocalı rayonunda Pirlər (Xramort) kəndi
Xocalı rayonunda Pirlər (Xramort) kəndi

Müəllif indiyədək Avropa İttifaqının danışıqlarda “Rusiya” və “Qarabağ” sözlərini işlətməməsinə diqqət çəkir

Rusiyanın Ukraynada apardığı müharibə Qarabağda Ermənistanla Azərbaycan arasında həm münaqişənin yenidən qızışması, həm də sülh yoluyla həll ehtimalını gücləndirir. Karnegi Avropa fondunun aparıcı əməkdaşı, “Qara bağ” kitabının müəllifi Tomas de Vaal “Foreign Affairs” dərgisində bu haqda yazır.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə ilə Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Ancaq Qarabağda təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib, üstəlik, iki ölkənin sərhədləri də müəyyənləşdirilməyib.

‘Məcburetmə diplomatiyası’

Son vaxtlar Brüsselin vasitəçiliyi ilə təmaslar sıxlaşıb, Azərbaycanla Ermənistan sərhədlərin demarkasiyası üzrə ikitərəfli komissiya formalaşdırıblar, komissiya başçılarının ilk görüşü də keçirilib. Bu həftə ikinci görüş gözlənilir.

De Vaal Rusiyanın Ukraynaya hücumunun Dağlıq Qarabağ münaqişəsinin həllində mərkəzi roluna şübhə saldığını qeyd edir. Müəllifin fikrincə, Azərbaycan bu durumda özünü inamlı hesab edir. Çünki Ukrayna müharibəsi Avropa rəsmilərinin Bakıya səfərlərini intensivləşdirib, onlar Rusiyadan enerji təchizatını əvəzləməyə qaz axtarırlar.

“Qələbə 2003-cü ildən prezident olan Əliyevə təzə mandat vermiş oldu. O, ermənilərdən daha çox güzəşt qoparmaq üçün bundan təzyiq kimi istifadə edir, bəzən gücə və siyasi ritorikaya əl atır. Bir azərbaycanlı ekspert bu taktikanı ‘məcburetmə diplomatiyası’ kimi təsvir edib”, – yazan təhlilçi Ermənistanın Baş naziri Nikol Paşinyanın qonşularla münasibətlərdə yeni fəsil açmağa hazır olduğunu qeyd edir. Ancaq onun Azərbaycanın sülh sazişi üçün şərtlərinin qəbuledilən olduğunu deməsi Yerevanda müxalifətin etirazlarına səbəb olub.

Qarabağ ermənilərinin hüquq və təminatları

Müəllif indiyədək Avropa İttifaqının danışıqlarda “Rusiya” və “Qarabağ” sözlərini işlətməməsinə diqqət çəkir. Mayın 23-də isə Aİ Şurasının Prezidenti Şarl Mişel ilk dəfə “Qarabağ” sözünü dilə gətirərək bölgədəki erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin olunmasının gərəkdiyini vurğulayıb. “Öncəki bəyanatlarda buna toxunulmaması Azərbaycanın danışıqlardakı gücünü göstərir. İndi isə Bakı təkid edir ki, Qarabağ ərazi vahidi kimi mövcud deyil. Ermənilər regionun Azərbaycan daxilində muxtariyyətinin müzakirəsinə heç vaxt razı olmadıqları üçün indi bu hüquqları əldən çıxıb. Azərbaycanın bir rəsmisi müharibədən öncə özünüidarəçiliklə bağlı təklifi yada salaraq deyir ki, ‘biz təklif elədik, siz imtina etdiz’. Ona görə də Bakı indi beynəlxalq kommunikelərdə Qarabağın adının çəkilməməsini istəyir, hətta Əliyevin imza atdığı 2020-ci il noyabr razılaşmasında belə ‘Dağlıq Qarabağ münaqişə zonası’ ifadəsi işlədilir. Azərbaycan güc mövqeyinə dayanaraq Qarabağ ermənilərinin nəinki separatçılar, hətta özünüidarəçilik istəyini belə boğmağa ümid edir”, – məqalədə deyilir.

Ancaq Tomas de Vaal hesab edir ki, Qarabağ ermənilərinin gələcək status üzrə dialoq başlamalıdır. Bakı Qarabağın erməni sakinlərinə hansı hüquq və təminatlar verməyə hazır olduğunu bəyan etməlidir. Qarabağ erməniləri də etiraf etməlidirlər ki, təkcə coğrafi reallıqda deyil, enerji və iqtisadi ehtiyacları baxımından da gələcəkləri Azərbaycan daxilindədir, təhlilçi yazır.

Azərbaycanın sülh sazişi üçün irəli sürdüyü 5 elementdən biri ölkələrin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı tanınmasını nəzərdə tutur. Ermənistan isə sülh danışıqlarına başlaması ilə bağlı təkliflərinə Qarabağ ermənilərinin təhlükəsizliyini, hüquq və azadlıqlarını, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsini də daxil edib.

XS
SM
MD
LG