Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:31

Öz savaşını bitirmək üçün Ukraynaya gedən gürcü döyüşçülər


Ukraynada gürcü döyüşçü
Ukraynada gürcü döyüşçü

Gürcüstanın bölücü Abxaziya və Güney Osetiya bölgələrində qızışdırılan savaş 200-dən çox əsgərin, 300 dinc vətəndaşın ölümünə, minlərlə insanın öz yurdlarından didərgin düşməsinə yol açıb. Hər iki ərazi dondurulmuş münaqişə halında qalıb. Müharibədən 15 il ötsə də, Rusiya qoşunlarını nə Abxaziyadan, nə də Güney Osetiyadan çəkib.

Rusiyanın Ukraynaya hücumu gürcülərə onların öz münaqişəsini xatırladır. Ukraynaya gəlib Kiyev qüvvələrinin tərkibində vuruşanlar arasında 2008-ci ildə Gürcüstanda Rusiya hücumuna qarşı vuruşanlar da var. Ukrayna ordusunda könüllü döyüşən onlarla Gürcüstan vətəndaşı həyatını itirib.

Ukraynada yüzlərlə etnik gürcünün döyüşdüyü bildirilir. Çox sayda gürcünün vuruşduğu "Gürcü Legionu" hələ Rusiyanın Ukraynanın şərqindəki Donbas bölgəsində yeni münaqişə ocağı yaratdığı 2014-cü ildə yaradılıb. 800-1000 üzvünün yarısı gürcülərdən, yarısı digər xalqların nümayəndələrindən ibarət bu legion Ukrayna ordusunun tərkibinə daxil edilib.

Edişer Kvaratsxelia
Edişer Kvaratsxelia

Kiçik qardaşı da getmək istədi, ancaq...

2008-ci ilin avqustunda Rusiya Gürcüstana hücum edərkən Edişer Kvaratsxelia Gürcüstan Müdafiə Qüvvələrinin Dördüncü mexanikləşdirilmiş briqadasında xidmət keçirmiş. Bu briqada münaqişə zamanı ən çox itki verən hərbi birlik sayılır.

Kvaratsxelia avqust müharibəsində döyüşməyə gedəndə kiçik qardaşı Bakur da ona qoşulmaq istəyib, ancaq təcrübəsi yetərsizliyindən geri qaytarılıb.

Kvaratsxelia Gürcüstan müharibəsindən və hətta öz məcburi hərbi xidmətini bitirəndən sonra da orduda qalıb. O, hərbi mühəndislik və mina sənətini öyrənərək mütəxəssisə çevrilib.

Qardaşı Bakur deyir ki, o, 2008-ci ildə gürcü əsgərlərinin qanlarının hədər yerə axmadığına inanırmış. Kvaratsxelia artıq Rusiyanın Krım yarımadasını ilhaq etdiyi və Donbasda bölücü döyüşçüləri dəstəkləməyə başladığı 2014-cü ildə Ukraynaya getmişdi.

Bakur 2014-cü ildə hava limanında qardaşını Ukraynaya yola salanda onu sonuncu dəfə gördüyünü bilmirdi: "Edişer məndən yeddi yaş böyük idi. Hər zaman ona bənzəmək istəmişəm. 2008-ci ildə müharibəyə gedərkən ailəni sakitləşdirmək kimi çətin işi mənə həvalə etdi. O, Ukrayna savaşına yollananda da bu missiya mənim üzərimə düşdü. Kimsə müharibəyə gedəndə ailə üzvləri şüuraltı səviyyədə özlərini onun, bəlkə, daha heç vaxt sağ qayıtmayacağı fikrinə öyrəşdirir. Bilirəm ki, döyüşçülərin həyatı budur, ancaq yaxınını, əzizini itirmək dözülməzdir".

Kvaratsxelia 2022-ci il oktyabrın 10-da 44 yaşında həlak olub. O, Ukraynada qəhrəmanlığa görə bir neçə medalla təltif edilib.

Avto Rurua
Avto Rurua

"Mənə deyirdi ki, hər şey yaxşıdır"

Abxaziyadan qaçqın düşən Avto Rurua da 2008-ci ildə Gürcüstan müharibəsində döyüşmüşdü. O, qardaşı və yaxın qohumu ilə birlikdə orduda xidmət edirmiş.

Rusiya ilə müharibə başlayanda Rurua 20-yaşlı xanımı Elmira İnalişvili və üçhəftəlik körpəsi ilə birlikdə 1400 nəfərdən az əhalisi olan Abastumani şəhərciyində yaşayırdı.

"Avqustun 8-dək Avto ilə telefonla əlaqə saxlayırdım. Mənə deyirdi ki, hər şey yaxşıdır. Ancaq avqustun 8-də onunla əlaqəm kəsildi. Mənə sağ olduğu müddətdə heç vaxt telefonu söndürməyəcəyini dediyindən düşündüm ki, o ölüb", - İnalişvilinin sözləridir.

Döyüşlərin getdiyi beş gün ərzində ərindən xəbər ala bilməyən İnalişvili həyəcandan süddən kəsilir: "Uşağın yeməyi yox idi, Avtodansa xəbər çıxmırdı".

Ancaq müharibənin altıncı günü dan yeri sökülməzdən az öncə İnalişvilinin telefonuna zəng gəlir.

"Bir əlimdə körpəni, o biri əlimdə telefonu tutduğumu xatırlayıram. Yatanda da elə yatırdım. Onun səsini heç vaxt unutmaram: "Mən sağam". Birdən-birə bütün qorxularım yoxa çıxdı. Əsas məsələ onun sağ olmasıydı", - yenə xanımı İnalişvilinin sözləridir.

Ukraynada döyüşən legionerlər
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

"Avto avqust müharibəsinə görə Rusiyanı bağışlaya bilmədi. …Ukraynaya da buna görə getdi. Müharibəyə gedəndə böyük oğlu Aleksandr ondan soruşdu: "Niyə gedirsən? Sən ki gürcüsən, müharibə isə Ukraynadadır". Avto cavab verdi: "Rusiya … Gürcüstanın ərazilərini əlindən aldı"". İnalişvili ərinin ötən il Ukraynaya getdiyi günü belə xatırlayır.

2022-ci il dekabrın 2-də 41-yaşlı Rurua daha dörd gürcü döyüşçü ilə birlikdə Ukraynanın şərqindəki Baxmut şəhərində həlak olub.

XS
SM
MD
LG