Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:18

Vəkil orderinə vurulacaq marka üçün əlavə pul alınmalıdırmı


Cinayət işi
Cinayət işi

Vəkillər Kollegiyasının yeni qərarına görə, bundan sonra vəkil orderlərinə marka vurulacaq. Buna görə vəkil Kollegiyaya order ödənişindən əlavə, marka pulunu da keçirməlidir. Vəkil də hər orderə görə 10 manat məbləğində müəyyənləşdirilmiş marka pulunu müştəridən almalıdır.

Hüquqşünaslar bu qərarı birmənalı qarşılamayıb. Hətta hesab edənlər var ki, Vəkillər Kollegiyası rəhbərliyinin yeni qərarı «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna ziddir. Qanunda birmənalı yazılıb ki, Kollegiyanın büdcəsi vəkillərin hər ay ödədiyi üzvlük haqlarından formalaşır. Üzvlük haqqı hazırda 52 manatdır. Kollegiyanın 1503 nəfər üzvü var.

«Bu qərar qanunaziddir»

Hüquqşünas Xalid Ağaliyev də o fikirdədir ki, yeni qərar qanuna uyğun gəlmir: «Bu qərar kollegiyanın büdcəsinə tamamilə fərqli mənbədən vəsait cəlb edilməsini ifadə edir. Məncə, «10 manatdır da» deyib keçmək doğru olmaz. Vahid məhkəmə portalının bilgilərinə görə, hər il məhkəmələrimizdə azı 350 min işə baxılır. Üç instansiyanı da nəzərə aldığımızda, söhbət 1 milyona yaxın orderdən gedir. Deməli, hər il vəkillərdən kollegiyaya 10 milyon civarında vəsait toplanacaq. Bu, kiçik məbləğ deyil».

X.Ağaliyev
X.Ağaliyev

Ekspert hesab edir ki, bu qədər vəsaiti toplamaq zərurətinin nədən yarandığı ictimaiyyətə və vəkillərə izah olunmalıdır. Hüquqşünas özəlliklə regionlarda çalışan vəkillər üçün hər orderə görə 10 manat ödənilməsinin ciddi məbləğ olduğunu vurğulayır.

X.Ağaliyev başqa ölkələrdə oxşar təcrübələrin olduğunu deyir və qonşu Türkiyəni misal göstərir: «Ancaq orada marka pulu 1 dollar civarındadır. Azərbaycanda poçtlarda markadan istifadə edilir və qiyməti ortalama 1 manatdır. Kollegiyanın markası niyə elə poçtumuzda olduğu kimi, 1-2 manat yox, 10 manat olmalıdır?».

Ekspert marka məsələsinin vəkillərə, əsasən də fərdi qaydada çalışanlara xeyli maliyyə itkisiylə yanaşı, başqa problemlər də yaradacağını istisna etmir: «Hüquq məsləhətxanalarına aid vəkillər, adətən, şənbə və bazar günləri order götürmək problemi yaşayırlar. Həftəsonu vəkil ehtiyacı yarananda bunu müşahidə edirik. Bəzən saxlanılan şəxs öz istədiyi vəkili növbəti həftənin ilk günlərinədək gözləməli olur. Fərdi qaydada fəaliyyət göstərən vəkillərdə fərqlidir, onların orderləri özlərində olur və istənilən zaman, istənilən işə çıxa, orderini təqdim edib saxlanılan şəxslə görüşə bilir. Ancaq indi onlar üçün də «markam yoxdur» problemi yaranacaq».

A.Bağırov
A.Bağırov

«Dövlət hesabına vəkillik edənlərdən alınmayacaq»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə iradlarla razılaşmır. Deyir, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunda başqa mənbədən vəsaitin daxil olmasına qadağa yoxdur. Kollegiya rəhbəri bildirir ki, qanunun 11-ci maddəsi vəkilliklə bağlı bir sıra məsələlərin həllini Vəkillər Kollegiyası Rəyasət Heyətinin öhdəsinə buraxır: «Bu marka məsələsi də Rəyasət Heyətinin qərarıdır, əvvəldən elan olunub, bütün vəkillərin müzakirəsinə təqdim olunub. Rəy və təkliflər nəzərə alınıb. Əksər vəkillər bu qərarı müsbət qarşılayıb, çünki zərurətdən yarandığını anlayırlar. Yalnız bir nəfər – Rafiq Alışov müəyyən fikirlər səsləndirib. Ancaq o da bu qərarı anormal hesab etməyib».

A.Bağırov təsdiqləyir ki, bəli, üzvlük haqqını stabil məbləğ olaraq vəkillərin ümumi yığıncağı – konfrans müəyyənləşdirir. Amma vəkillik fəaliyyətinin inkişafı üçün digər mənbələrdən maliyyə cəlbini məhdudlaşdırmır.

«Burada əsas məqsəd pul qazanmaq deyil, vəkillik fəaliyyətini lazımi səviyyədə təmin etməkdir. Məlum olduğu kimi, bir çox bölgələrdə vəkil qurumları yoxdur. Orada vəkillərin normal fəaliyyəti üçün iş şəraiti olan qurumlar yaradılmalıdır. Biz bu vəsaitdən həm də ehtiyacı olan, lakin dövlət hesabına hüquqi yardım nəzərdə tutulanlar kateqoriyasına aid olmayan şəxslərə hüquqi yardım göstərə bilərik. Vəkillərin peşəkarlığının artırılması üçün tədbirlər, xəstə, yaşlı və sosial yardıma ehtiyacı olan vəkillərə kömək kimi məqsədlərə sərf oluna bilər», – Vəkillər Kollegiyasının rəhbəri belə deyir.

A.Bağırov əlavə edir ki, vəkilin dövlət hesabına hüquqi yardım göstərdiyi işlərdə marka üçün ödəniş tələb olunmayacaq.

Yeni qaydalar Vəkillər Kollegiyasının saytında dərc olunub, yanvarın 1-dən tətbiqi gözlənilir.

XS
SM
MD
LG