Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:31

Vasif İsmayıl: '…Yenə də gec deyil'


Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

Bakıda avtobuslarda maska taxmayanlar kimlərdir?

Dünən, iyunun 3-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirildi ki, koronavirusa yoluxmanın artması ilə bağlı həftəsonu qadağalar tətbiq ediləcək. Qurumdan qeyd edilib ki, artıq bununla bağlı qərar qəbul olunub, bu gün, iyunun 4-də qadağaların detalları açıqlanmalıdır.

Bəs görəsən, bundan sonra həftəsonu qadağalar effektiv ola bilərmi? Ümumiyyətlə, bu vaxta qədər hökumətin atdığı addımları necə dəyərləndirmək olar? Virusun Azərbaycanda aşkarlanmasından 3 ay sonra yoluxmada belə artışı nəylə izah etmək olar?

Deputat Fəzail Ağamalı hesab edir ki, koronavirusa yoluxma sayının artmasının başlıca səbəbi karantin rejiminin yumşalması ilə bağlıdır.

F.Ağamalının "Turan" agentliyinə bildirməsinə görə, dünya səviyyəli tibbi ekspertlər birmənalı söyləyirlər ki, koronavirus infeksiyanın qarşısını almağın ən ciddi forması özünütəcriddir: "Digər tərəfdən, sosial məsafənin təmin edilməsidir, qoruyucu tibbi maskalardan istifadə edilməsidir və gigiyena qaydalarına tam əməl olunmasıdır. Əgər bunlar olmursa və insanlar kütləvi şəkildə yenə öz həyatlarına əvvəlki qaydada davam etdirirlərsə, bu virus yayılmağa davam edəcək".

"Qoruyucu tibbi maskalardan istifadə olunmalıdır"

Deputat vurğulayıb ki, supermarketlərdə alış-veriş edəndə, parklarda gəzəndə qarşımızda potensial virus daşıyıcısı ola bilər: "Ona görə də hər yerdə qoruyucu tibbi maskalardan istifadə olunmalıdır, ictimai nəqliyyatda əlavə olaraq spirtdən istifadə olunmalıdır və işə, evə gələn kimi əllər sabunla yuyulmalıdır. Hələlik, vaksin tapılmayıb. Operativ qərargahın qərarlarına əməl etməliyik".

F.Ağamalı
F.Ağamalı

F.Ağamalı qeyd edib ki, karantin rejiminin sərtləşdiyi dövrdə Azərbaycanda gündəlik yoluxanların sayı 25-30 nəfər olub: "Sağalanların sayı isə xeyli çoxalmışdı. Dünənki (iyunun 3-ü) rəqəm isə 325 oldu. Bu, çox böyük rəqəmdir. Ölənlərin da sayı artıb və hər gün bu statistika qalxır. Bunun əsas səbəbi Operativ Qərargahın qəbul etdiyi və dünyada tətbiq edilən qabaqlayıcı tədbirlərin vətəndaşlar tərəfindən həyata keçirilməməsidir".

"…Məsuliyyətə cəlb olunmalıdır"

Deputat vurğulayıb ki, virusa inanmayan və digər insanları qaydalara əməl etməməyə çağıran insanlar məsuliyyətə cəlb olunmalıdır: "Həmin insanlar deyir ki, virus bir oyundur, metroda polislərə qarşı aqressiv davranırlar. Bəzi marketlərdə kassada oturan adamlar tibbi maskalardan istifadə etmirlər, onlara irad bildirəndə digər insanlar onları müdafiə edir. Bu insanlar doğrudanmı başa düşmür ki, bu, bütün dünyanı bürüyən böyük bir bəladır? Buna görə də təsadüfi deyil ki, Milli Məclis qanuna dəyişiklik etdi, artıq həmin qanun qüvvədədir və Operativ Qərargahın qaydalarına etməyənlər cərimə olunacaq". (Artıq bu ayın əvvəlindən qapalı yerlərdə maskadan istifadə etməməyə görə cərimələr qoyulub-red.)

F.Ağamalı hesab edir ki, həftəsonu qadağalar yalnız bütün qanunlar işləyəcəyi halda öz müsbət nəticəni verə bilər: "Həftəsonuları insanların çölə çıxması qadağan olunur. Bütün qaydalara riayət edilsə, bu, pozitiv nəticə verəcək. Əks halda, qadağa nəyinki şənbə və bazar günləri, iş günlərinə da şamil edilə bilər".

""Virus bir oyundur", - deyib şayiələr yayanlar…"

Deputatın fikrincə, "virus bir oyundur", - deyib şayiələr yayanlar isə Azərbaycanı istəməyən qüvvələrdir. O hesab edir ki, sosial şəbəkələrdə tibbi maskalardan istifadə etməməyi təbliğ edənlər də birmənalı cəzalanmalıdır.

Amma F.Ağamalının fikrinə görə, karantin rejimi bundan əvvəl yumşalmalı idi və Operativ Qərargah yumşalma barədə qərar verərkən heç bir səhvə yol verməyib: "Dövlət maraqlı deyil ki, vətəndaşlarımız aylarla evində qapansın. Bu, doğru yanaşma deyil. Sadəcə olaraq, ölkəmizdə tətbiq edilən karantin rejimi cəmiyyətimizdə nikbinlik yaratmışdı. Buna söykənərək tədricən yumşalma xətti götürüldü və bu, doğru xətt idi. Bununla bərabər, sosial məsafə, tibbi maskalar və gigiyena ilə bağlı tələblər qüvvədə qalmışdı. Lakin təəssüf ki, vətəndaşlarımız buna riayət etmədilər, karantin yumşaldıqca, düşündülər ki, hər şey bitdi. Bitmədi. Əgər biz həqiqətən də normal həyata qayıtmaq istəyiriksə, qadağalara əməl etmək lazımdır".

V.İsmayıl
V.İsmayıl

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə hesab edir ki, təkbaşına həftəsonu küçəyə çıxmaq qadağaları böyük effekt verməyəcək. "Bunu kompleks şəkildə etmək lazımdır. Yəqin ki, digər yanaşı tədbirlər də görüləcək, çünki başqa çarə qalmır", - o, AzadlıqRadiosuna bildirib.

V.İsmayılın fikrincə, yoluxmada artım davam etdikcə, xəstəxanalarda yer və həkim problemi yarana bilər. Onun vurğulamasına görə, karantin rejiminə ciddi şəkildə əməl olunmayıb:

"Karantin qaydaları bir az tez yumşaldı"

"Hətta sərt karantin rejimi zamanı ona ciddi əməl olunmadı. Burada camaat tərəfindən çox ciddi sabotaj oldu. Bakıda karantinə daha ciddi yanaşma olsa da, rayonlarda buna ümumiyyətlə, riayət etmək istəmirdilər. Bununla yanaşı, karantin qaydaları bir az tez yumşaldı. Bunun da öz təsiri oldu. İzolyasiya tədbirlərin görülmə müddətinin sonuna doğru hökumət artıq bu tədbirləri görə bilmirdi. Havalar isinmişdi və insanlar müxtəlif bəhanələrlə çölə çıxırdı. Bunun hamısının təsiri var".

Həkimin qənaətinə görə, hökumətin atdığı addımlar istənilən effekti verə bilməyib: "Hökumət effektiv addımlar atsa belə, cəmiyyət bu addımlara riayət etməsə, nəticə yenə də pis olacaq. Ümumiyyətlə, bir cəmiyyət olaraq biz özümüzü yaxşı göstərmədik. Amma yenə də gec deyil. Düzdür, səhiyyə həcmimizin maksimumuna çatmışıq, amma özümüzü toparlasaq iki həftəyə vəziyyəti sabitləşdirmək olar".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6.5 milyon şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 388 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə hazırkı dövrədək 6 min 260 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 76 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib (martın 3-dən orta və ali məktəblərdə dərslər də dayandırılıb). Həmin ayın 24-dən (aprelin 20-nə kimi) xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Karantin mayın 4-nə, sonra həmin ayın 31-nə və nəhayət, iyunun 15-nə kimi uzadılıb. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

XS
SM
MD
LG