Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:21

Ermənilər Volkovla görüş tələbi ilə Xankəndi aeroportuna gedirlər


Bir qrup Qarabağ ermənisı dekabrın 24-də də sülhməramlılarla görüş tələbi ilə Şuşa istiqamətinə yollanmışdı
Bir qrup Qarabağ ermənisı dekabrın 24-də də sülhməramlılarla görüş tələbi ilə Şuşa istiqamətinə yollanmışdı

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, dekabrın 27-də bir qrup Qarabağ ermənisi Rusiya sülhməramlı kontingentinin komandanı Andrey Volkovla görüş tələb etmək üçün Xankəndi aeroportu tərəfə yürüş edir.

Azatutyunun yazdığına görə onlar Volkovdan Laçın dəhlizinin açılmasını və nəqliyyatın bu yolla fasiləsiz hərəkətinin bərpa olunmasını tələb edəcəklər.

Yürüşün təşəbbüsçüsü Tiqran Petrosyan deyib ki, onlar Qarabağdakı rusiyalıların yolunu bağlamayacaqlar, amma demək istədiklərini “mədəni şəkildə” izah edəcəklər:

“Biz ümid edirik ki, Putin Cənub Qafqazda bizim xalqla oyun oynamaqla nüfuzunu itirəcəyini başa düşəcək. Artsaxlılarla (Qarabağ-red) belə rəftar etmək olmaz”.

Azatutyun Xankəndidəki vəziyyət barədə

Azatutyunun yazdığına görə “Qarabağ 16-cı gündür ki, blokadadadır. Burada ərzağın, dava-dərmanın, benzin və başqa gündəlik tələbat mallarının kəskin qıtlığı hiss olunur. Bir çox idarə və müəssisələr işi dayandırmalı olub. Blokadaya qədər Qarabağ Ermənistandan hər gün 400 tonadək yük alırdı. Amma blokadanın son yarım ayı ərzində Qarabağa Qırmızı Xaçın vasitəçiliyi ilə uşaq qidasından, dərmanlardan və tibb ləvazimatından ibarət yalnız 10 ton humanitar yük gəlib. Qarabağda deyirlər ki, bu 10 günə ancaq çatar”.

Rəsmi Bakı dəhlizin açıq olduğunu bildirir. Laçın dəhlizindəki azərbaycanlı aksiyaçılardan biri də Azatutyuna belə deyib:

“Bizim aksiyamız dincdir. Biz heç kəsin yolunu kəsməmişik. Bizim məqsədimiz sadəcə olaraq təbii sərvətlərimizin talan edilməsinin qarşısını almaq və bu ərazilərdə ekoloji tədqiqatların aparılmasına şərait yaratmaqdır. Siz KİV-lərdən də görürsünüz ki, bu yoldan humanitar yüklər keçir”.

Erməni tərəfi isə dəhlizdən yalnız Rusiya sülhməramlılarına aid yüklərin buraxıldığını iddia edir.

Laçın dəhlizindəki vəziyyət

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

Qarabağ separatçılarının "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun erməni xidməti – "Azatutyun"a söyləyib ki, "bu, ekoloji yox, siyasi məsələdir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG