Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:24

Prokuror YAP-ın Gənclər Təşkilatı sədrinin keçmiş müavini və bacısına 17 il həbs istədi


Aytac Əliyeva
Aytac Əliyeva

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatı sədrinin keçmiş müavini Aytac Əliyevaya 9 il həbs cəzası istənilib. Noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu təkliflə çıxış edən prokuror onunla birlikdə mühakimə olunan bacısı İlknur Turkuta (Əliyevaya) da 8 il həbs tələb edib.

Prokuror deyir ki, Əliyeva bacılarına verilən dələduzluq, saxta sənəd hazırlama və ondan yararlanma ittihamları məhkəmədə sübuta yetirilib.

A.Əliyevanın 38 yaşı var. O, həm də Binəqədi qəsəbə bələdiyyəsinin sədri olub və bu vəzifədə işlədiyi dövrdə adamları müxtəlif yollarla aldadıb, yarım milyona yaxın pulu ələ keçirməkdə suçlanır.

Cinayət işinin materiallarında iddia olunur ki, bacılar, əsasən, qızıl alveri adıyla adamların pullarını ələ keçiriblər. A.Əliyeva işə düzəltmək adıyla Binəqədi ərazisində torpağa saxta sənəd verib pul almaqda da təqsirləndirilir.

Keçmiş bələdiyyə sədrindən fərqli olaraq, bacısı hazırda həbsdə deyil. İ.Turkut əvvəl həbsdə olsa da, məhkəmə prosesinin gedişində ev dustaqlığına buraxılıb.

Prokuror çıxışında təklif edib ki, İ.Turkut hökm oxunarkən məhkəmə zalında həbs olunsun.

Noyabrın 14-də prokurorun çıxışından öncə A.Əliyevanın vəkili Ceyhun Yusifov müvəkkilinin sağlamlığında problemlər olduğunu vurğulayaraq onun hökmədək ev dustaqlığına buraxılmasını istəyib. Vəkilin sözlərinə görə, A.Əliyeva Penitensiar Xidmətin Müalicə Müəssisəsində müayinədən keçib, xərçəng xəstəliyi ilə bağlı şübhələr var: "Onun təcridxana şəraitində müalicəsi mümkün deyil. O, ev şəraitində müalicə almalıdır...".

Məhkəmə vəkilin bu vəsatətini təmin etməyib.

Əliyeva bacılarının işi üzrə doqquz nəfər zərərçəkmiş qismində tanınıb. Onlara toplam yarım milyon manata yaxın ziyan dəydiyi iddia edilir. Zərərçəkmişlərdən bir neçəsinə dəymiş ziyan ödənilsə də, şikayətçi olanlar da var.

Təqsirləndirilən bacılar zərərçəkmişlərin bir çoxunun yalan danışdığını, vurulan ziyanın məbləği ilə bağlı ittihamda göstərilən rəqəmlərin şişirdildiyini, bəzi zərərçəkmişlərin özlərinin qanunsuz yollara əl ataraq onların gizli videosunu çəkdiyini və s. deyirlər.

XS
SM
MD
LG