Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:22

Nazirin qardaşı 'Bir də belə işə əl qoymaram' dedi


Pul
Pul

Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşından sonra qardaşının oğlu da məhkəmədə dindirilib. Əkbər Camalov avqustun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində atası Əlikram Camalovun işi üzrə şahid kimi ifadə verib.

Əlikram Camalovun özü də CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirləndirilən Samir Nəbiyevin işində zərərçəkən sayılır. Bu cinayət işi üzrə xeyli vaxtdır sürən məhkəmə yekunlaşma ərəfəsində olsa, hətta prokuror Nəbiyevə 9 il cəza istəsə də, vəkil məhkəmə istintaqının təzələnməsinə nail olub. Şəkər Məmmədovanın sədrlik etdiyi hakimlər kollegiyası vəkilin vəsatətini təmin edərək, məhkəmə istintaqının yenilənməsinə qərar verdiyindən indi təkrar dindirmələr aparılır.

CAMALOV PULU SƏLƏMLƏ VERİB?

Əkbər Camalov deyir ki, atası sahibkarlıq fəaliyyəti ilə məşğul olub və Samir Nəbiyevə də pulu işbirliyi məqsədi ilə verib. Onun sözlərinə görə, 2015-ci ilin noyabr ayında Samirə 11 min dollar verilib, həmin puldan 3 min 600 manat qaytarılıb. Sonradan Samir Nəbiyevlə şahidlərin iştirakı ilə müqavilə bağlanıb. Müqaviləni imzalayanlardan biri də Əkbər Camalov olub.

***Buna da bax-Nazirin qardaşı yenə məhkəmədə dindirildi: 'Qardaşımın adını hallandırmayın'

Müqaviləyə görə, 6 ay ərzində pul qaytarılmalı, üstəlik, aylıq faiz də əlavə olaraq, 1250 dollar verilməliydi.

Samir Nəbiyevin vəkili Əkbər Camalovdan soruşub ki, atası pulu sələmlə vermişdi? Borcdan əlavə, 1250 dollar nə məsələ idi?

Nazirin qardaşı oğlu deyir ki, sələmdən söhbət getmir, Samir Nəbiyev qazancından onun atasına da verməli idi.

İcarə əsasında elektrik avadanlıqları mağazasını işlədən Samir Nəbiyevsə ifadəsində bildirib ki, nazirin qardaşı ona 2015-ci ilin noyabrında pulu manatla verib – 18 min manat. Sonradan ölkədə devalvasiya olub və Əlikram Camalov müqavilə bağlayıb, manatla verdiyi pulu da o dövrün məzənnəsinə uyğun olaraq, dollarla hesablayıb. Təqsirləndirilən şəxsin sözlərinə görə, qazancından, hər ay olmaqla, Əlikram Camalova bütövlükdə 4 min manat və 2 min 500 dollar pul verib. Sonradan vəziyyəti pisləşib, iflasa uğrayıb, ona görə pulu qaytara bilməyib.

***Buna da bax-'Nazirin qardaşı yavan çörək versin, qapısında işləyim'

«NAZİRİN QARDAŞI MƏNİ HƏDƏLƏYİR»

Samir Nəbiyevlə yanaşı, mağaza işlədən Arzu Mərdanov da məhkəmədə dindirilib. O deyib ki, Əlikram Camalovla Samirin söhbətində iştirak edib, amma pul onun yanında verilməyib. Nazirin qardaşı pulu birgə iş görməkdən ötrü verib. Yəni qazancdan Samir ona da verməliydi.

Məhkəmədə Samir Nəbiyevin vəkili Ceyhun Yusifovla Əlikram Camalov arasında gərginlik yaşanıb. Vəkil nazirin qardaşının onu hədələdiyini, bu səbəbdən həyatına təhlükə törəndiyini söyləyib.

Camalov müdafiəçinin yalan danışdığını deyib.

«Bir daha deyirəm, mən pulu iş görmək üçün vermişdim. Amma bu iş mənə dərs oldu. Bir də belə bir işə əl qoymaram», - nazirin qardaşının sözləridir.

Məhkəmə avqustun 30-da davam edəcək.

XS
SM
MD
LG