Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:16

Zakir Qaralov necə baş prokuror idi?


Z.Qaralov
Z.Qaralov

Baş prokuror Zakir Qaralov 20 il sonra bu vəzifədən gedir. Artıq prezident onun yerinə başqa bir namizədi parlamentə təqdim edib.

İddialar, mükafatlar

Z.Qaralov 2000-ci ildə bu vəzifəyə gətiriləndə Gürcüstan prezidenti Eduard Şevardnadze ilə yaxşı münasibətləri olan, riyaziyyatçı və deputat əmisi Zahid Qaralovun əlaqələri sayəsində baş prokuror olduğunu iddia edənlər vardı. Onun baş prokuror olduğu ilk illərdən fəaliyyəti ilə bağlı yerli mətbuatda çox sayda tənqidi məqalələr yer alıb, spirtli içkiyə aludəçiliyi, korrupsiyaya bulaşması ilə bağlı suçlamalar səslənib. Amma bu cür iddiaların səslənməsinə rəğmən o, 20 il baş prokuror vəzifəsini daşıdı, dövlət tərəfindən fəaliyyəti yüksək dəyərləndirildi.

Prezidentin 26 dekabr 1995-ci il, 29 sentyabr 2006-cı il və 28 sentyabr 2018-ci il tarixli sərəncamları ilə «İgidliyə görə» medalı , «Azərbaycan bayrağı» və 1-ci dərəcəli «Vətənə xidmətə görə» ordenləri ilə təltif edilib. 29 sentyabr 2008-ci ildə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülüb.

Z.Qaralov I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür. Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.

64-yaşlı baş prokuror bu vəzifəyə gələnədək Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

X.Bağırov
X.Bağırov

"Siyasi hakimiyyət güclü prokuror istəmir"

Ancaq müstəqil hüquqşünaslar onun haqqında fərqli fikirdədirlər. Hüquqşünas Xalid Bağırovun qənaətincə, Azərbaycan siyasi hakimiyyəti heç zaman güclü baş prokurorun olmasını istəməyib: "Azərbaycanın müstəqilliyi dönəmindəki baş prokurorları güc və nüfuzuna görə ard-arda yığsaq Zakir Qaralov axırdan birinci və ya ikinci yerdə olacaq. Bildiyim qədər baş prokuror olana qədər onun Baş Prokurorluq sistemində ciddi nüfuzu olmayıb. Baş prokuror olandan sonra da imici dəyişməyib.


Amma baş prokurorun ciddi nüfuzu olmalıdır. Azərbaycanda sistemli baş verən cinayətlər var, məsələn, korrupsiya kök salmış cinayətdir. Baş prokuror ilk növbədə onu məhv etməklə məşğul olmalıdır. Bunun üçün də güclü xarakter, iradə lazımdır. Yəni, sistemə, cəmiyyətin böyük əksəriyyətinə qarşı gedə bilməlidir. Zəif nüfuzu və xarakteri onun baş prokuror olmasına imkan vermədi. Çox təəssüf ki, ən uzunmüddətli baş prokuror da o oldu".

"Tikinti şirkətinin, yumurta imperiyasının rəhbəri"

Keçmiş müstəntiq Rüfət Səfərov son 20 ildə baş prokurorun üzərinə düşən qanuni öhdəliklərin, konstitusion statusun kənarda qaldığını, onun Azərbaycanda avtoritar rejimin vasitəsinə çevrildiyini deyir. O, eyni zamanda, baş prokurorun vəzifəsi ilə bir araya sığmayan biznes fəaliyyəti ilə məşğul olduğunu iddia edir:

R.Səfərov
R.Səfərov


"Heç kimə sirr deyil ki, Zakir Qaralov böyük tikinti şirkətlərindən birinin rəhbəri kimi fəaliyyət göstərib. Uzun illər yumurta idxalının inhisarçısı kimi tanınıb, onun ləqəbi də var: "yumurta imperiyasının rəhbəri". Bütün bunlar hüquq sisteminin, cəmiyyətin, bütövlükdə dövlətin faciəsi kimi qiymətləndirilməlidir. Azərbaycan prokurorluq sistemi son 20 ildə öz mahiyyətindən xeyli kənarlaşıb".

"Baş prokuror sistemli mübarizə aparmalıdır"

Z.Qaralovun dövründə açıq qalan, cinayətkarın tapılmadığı cinayət işləri də olub. Bunlardan biri "Monitor" jurnalının redaktoru, 2005-ci ildə güllələnən Elmar Hüseynovun qətlidir. Və ya yazıçı-publisist Rafiq Tağını bıçaqlayan şəxs hələ də azadlıqdadır, sifarişçilər də bəlli deyil.

"O, siyasi hakimiyyətin aləti olduğuna, Prezident Administrasiyasından gələn təlimatların mahir icraçısı olduğuna görə bu və buna bənzər səs-küylü cinayət işlərinin açılması, cinayətkarların ifşa edilməsi mümkün olmayıb. Zakir Qaralov baş prokuror kimi prezidentdən sonra yetərincə səlahiyyətlərə sahibdir. Söhbət hüquqi statusdan gedir. Amma o, bu səlahiyyətlərdən, statusdan yararlanmayıb. O bu illər ərzində müxalifətə, müxalif düşüncəli şəxslərə, dördüncü hakimiyyətin nümayəndələrinə, vətəndaş cəmiyyətinin təmsilçilərinə qarşı zaman-zaman repressiya aparıb. Bir neçə il öncə vətəndaş cəmiyyəti üzvlərinin həbsi, media mənsublarının ard-arda təqibi hamının yadındadır. Onun çalışdığı dövrdə günahsız, təqsirsiz, müxalif düşüncəli insanlara repressiyalara məruz qalıb. Belə biri prokurorluğa ləkədir", – R.Səfərov belə deyir.

X.Bağırov isə baş prokuror vəzifəsini konkret cinayət işinə bağlamağı düzgün saymır. Onun sözlərinə görə, baş prokuror cinayətkarlıqla sistemli mübarizə aparmalıdır: "Məsələn, deyə bilər ki, tikinti korrupsiyasını sıfırlayacaq. Son 20 ildə çox ciddi cinayətlərdən biri də tikinti şirkətlərinin vətəndaşları aldatması ilə bağlı idi. Baş prokurorun fəaliyyəti bir-iki cinayət işi ilə bitməməlidir. Təbii ki, çox səs-küylü cinayətlər də onun birbaşa nəzarətində olmalıdır. Amma genəl olaraq o, sistemli mübarizə aparmalıdır".

A.İsmayılov
A.İsmayılov

"Bu, bir ilk idi, sonradan adət halını aldı"

Z.Qaralovu tənqid edənlərdən biri vəkil Adil İsmayılovdur. Ancaq o, AzadlıqRadiosuna bu haqda danışmaq istəmədiyini söyləyir. Səbəbini də belə izah edir: "Zakir Qaralov vəzifədə olanda danışmışam, yazmışam. Daha bundan sonra nə danışım ki? Həvəsim yoxdur".

A.İsmayılov sosial mediada yazıb ki, 2000-ci ilin aprelində Z.Qaralovun baş prokuror təyin edilməsi hüquq cameəsində, mülayim desək, müsbət qarşılanmadı: "Vaxtilə prokurorluqda işləyən biri kimi deyə bilərəm ki, əslində, digər hüquq-mühafizə orqanlarında qanunçuluğa əməl edilməsinə nəzarət etməli olan prokurorluq Qaralovun sayəsində bugünkü vəziyyətə düşüb".

A.İsmayılov hesab edir ki, Z.Qaralov vəzifəyə gələndə azdan-çoxdan nüfuzu olsa da, Hacı Məmmədovun işindən sonra bunu da itirdi: "Yəqin, çoxunuz bilmirsiniz ki, 2005-ci ilin mart ayının 10-da Hacı Məmmədov və dəstəsinin əksər üzvləri həbs ediləndə cinayət işi üzrə istintaqı prokurorluq aparırdı. 2005-ci ilin mart ayının 25-də istintaq baş prokurorun qərarı ilə MTN-in (ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi –A.R.) istintaq idarəsinə həvalə edildi. Bu, prokurorluğun nüfuzuna ağır zərbə idi, baş prokuror qanunları ayaq altına atdı, sonrakı dövrlərdə isə tapdamağa başladı".

A.İsmayılov istintaq aidiyyətinin kobud şəkildə pozulmasında bunun bir ilk olduğunu, sonrakı dövrlərdə adət halını aldığını bildirir: "Məsələn, Elmar Hüseynovun öldürülməsi faktına görə başlanmış cinayət işi də cinayəti törətmiş şəxslər müəyyən edilən kimi məhz Qaralovun qərarı ilə istintaqın davam etdirilməsi üçün MTN-in istintaq idarəsinə göndərildi".

Zümrüd Yağmur Zakir Qaralova cavab verdi
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

2005-ci ildə Daxili İşlər Nazirliyinin baş əməliyyat müvəkkili Hacı Məmmədov və dəstəsi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı qaçırıb. Hacıyeva keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi, böyük hay-küyə səbəb olmuş «Qara kəmər» əməliyyatı nəticəsində azad olunub, H.Məmmədov və onunla bərabər 20-dən çox adam həbs edilib.

Prezidentin zəngi və...

Haqqında səslənən tənqidlərə, çoxsaylı iddialara baxmayaraq, prezident İlham Əliyev aprelin 30-da Zakir Qaralova zəng edib. Prezidentin mətbuat xidmətinin məlumatına görə, dövlət başçısı baş prokurorun bu vəzifədə Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, hakimiyyətyönlü deputat, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc da parlamentdə prokurorluq orqanlarının işi ilə bağlı tənqidlərlə çıxış etdiyini, nöqsanları ictimailəşdirdiyini bildirir. O, bu məsələdə dövlətçilik mövqeyindən çıxış etdiyini vurğulayır.

Z.Orucun dediyinə görə, yeni prokuror təyinatı prezidentin 2019-cu ildən başladığı yeniləşmə siyasətinin ən mühüm göstəricilərindən biridir. Deputat prezidentin ötən ilin aprelində məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı sənədi, qanunvericilikdə dekriminallaşma getdiyini xatırladır. Onun sözlərinə görə, hüquq sisteminin humanistləşməsi həm də prokurorluq orqanlarının fəaliyyəti ilə bağlıdır. O, yeni baş prokurorun gəlişi ilə bu qurumun imicinin, fəaliyyətinin əhatə dairəsinin dəyişəcəyinə, ictimai mənafelərin qorunması üçün daha ciddi addımlar atacağına, Baş Prokurorluğun reputasiyasının müsbətə doğru dəyişəcəyinə ümid edir.

XS
SM
MD
LG