Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:08

Baş komandan Zalujnı Qərbə: Müharibə şou deyil


Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı iyunun 28-də Kiyevdə
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı iyunun 28-də Kiyevdə

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnı deyib ki, onu Ukrayna ordusunun hücumunun gözlənildiyindən daha yavaş getməsinə dair Qərbdə səslənən iradlar “əsəbiləşdirir”.

Zalujnı bunları The Washington Post qəzetinə Ukrayna ordusu hücuma başlayandan və onun özünün yaralandığına dair şayiələr yayılandan sonra ilk dəfə olaraq deyib.

Onun sözlərinə görə Ukrayna ordusu havada üstünlüyə və bəzi zəruri silah növlərinə malik olmamasına baxmayaraq hücumdadır.

General deyib ki, bütün bunlara rəğmən qoşun “hər gün lap 500 metr də olsa” irəliləyir:

"Bu bütün dünyanın tamaşa etdiyi, stavka qoyduğu və sair şou deyil. Hər bir gün, hər bir metr qan bahasına başa gəlir”.

Zalujnının sözlərinə görə hücum planları “bəlkə də şou iştirakçılarının, müşahidəçilərin istədiyi qədər sürətlə olmasa da, yerinə yetirilir və bu artıq onların problemidir”.

“NATO-nun özü belə hücuma keçməzdi”

Ukrayna ordusunun baş komandanı bununla yanaşı NATO ölkələrini tez bir zamanda Ukraynaya qırıcı təyyarələr verməyə çağırıb.

O qeyd edib ki, NATO hərbiyyəsi öz doktrinasına uyğun olaraq səmada üstünlüyə malik olmadan hücuma keçməzdi.

Zalujnı bildirib ki, onun ordusuna F-16 kimi müasir qırıcılar lazımdır.

O deyib ki, “təyyarələrsiz döyüşmək odlu silaha qarşı ox və yayla çıxmaq kimidir”.

Onun sözlərinə görə “havadan dəstək olmasa, hətta Leopard kimi müasir tanklar da hədəfə çevrilir”.

Priqojinin qiyamı cəbhəyə təsir etməyib

Zalujnı deyib ki, Vaqner özəl hərbi şirkətinin qiyamı cəbhədəki döyüşlərə o qədər də təsir etməyib və Ukrayna hərbçiləri Rusiya qüvvələrinin müqavimətinin azalmasını hiss etmirlər.

Rusiyanın nüvə silahı hədəsi barədə suala cavab verən baş komandan deyib ki, bu Ukraynanın hücumunu dayandırmayacaq.

Ukrayna ordusu cəbhənin müxtəlif hissələrində hücum əməliyyatlarına iyunun əvvəllərindən başlayıb. Ötən bir neçə həftədə onlar məhdud uğur qazansalar da, 10-dək kənd və qəsəbə işğaldan azad olunsa da, Rusiyanın müdafiəsi yarılmayıb.

Analitiklərin və Ukrayna müdafiə nazirinin dediyinə görə hücumun əsas zərbəsi hələ ki endirilməyib.

Bir sıra NATO ölkələri Ukraynaya F-16 qırıcıları verməyə hazır olduqlarını bildiriblər, amma bu istiqamətdə konkret addımlar hələ atılmayıb.

Rusiyanın inanmaq istədiyi xəbər

Rusiyada mayın əvvəllərində Zalujnının ağır yaralanması və ya ölməsinə dair şayiələr yayılmışdı.

Belə xəbərləri Rusiyanın dövlət agentlikləri də yayırdılar. RIA Novosti yazırdı ki, guya Zalujnı trepanasiya əməliyyatdından keçib.

Bunun ardınca Ukrayna tərəfi baş komandanı sağ-salamat və iş başında göstərən bir neçə videolar yaymışdı. Buna baxmayaraq Rusiya mediası Zalujnının yaralandığını israrla təkrar edirdi.

Buna Vladimir Putin də Rusiya hərbçiləri ilə görüşdə işarə etmişdi, amma bildirmişdi ki, “səhv də edə bilər”.

Zalujnı The Washington Post qəzetinə müsahibəni iyunun 28-də Kiyevdə verib.

XS
SM
MD
LG