Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:29

Kəndlilər: 'Fındıq bağları əlimizdən alınır'


Fındıq bağları (arxiv fotosu)
Fındıq bağları (arxiv fotosu)

Əliabadda fındıq bağları kəndlilərin əlindən alınır

"İş yox, sosial yardım yox, pensiya yox, bircə ümid yerimiz fındıq ağaclarımızdır, ildə bir dəfə fındıq çırpıb, aparıb bazara satırıq, başımızı dolandırırıq. İndi fındıq bağlarını əlimizdən almaq istəyirlər. Bizim səsimiz çatmır, səsi çatanlardan biri hökumətin başında oturana desin ki, fındığı da əlimizdən alsa, acından əl ayağımızı uzatmaqdan başqa yol qalmır".

Zaqatalanın Əliabad kəndinin sakinləri AzadlıqRadiosu-na danışırlar ki, 1996-cı ildə torpaq islahatları aparılarkən onlara pay torpaqları kimi verilmiş fındıq bağları əllərindən alınır.

Buna da bax:​ Zaqatala meşələrinə kimlər girişib? [fotolar]

“20 İLDƏ NƏ QƏDƏR AĞAC ƏKMİŞƏM”

Kənd sakini Əlisahib Əzizov deyir, 20 ildən çoxdur ki, istifadələrində olan torpaq sahələrinə dair əllərində hər hansı sənədin olmaması durumlarını çətinləşdirib. Onun iddiasına görə, fındıq sahələri onlara pay torpağı kimi verilərkən torpağın üzərindəki fındıq ağacları da onlara pulla satılıb:

"Hələ 1996-cı ildə hər ağaca görə o vaxtın puluyla 1 "şirvan" 3 "məmməd" ödəmişəm. Üstəlik, özüm 20 ildə nə qədər ağac əkib qulluq etmişəm, böyütmüşəm, bu gün də məhsulunu yığıram. O vaxt Heydər Əliyev adamlar dolanışığını yaxşılaşdırsın deyə, bu torpaqları kəndlilərə pay torpaqları kimi payladı. Ancaq müvafiq qurumlar kəndliləri sənədə görə get-gələ saldılar. Eləsi var, çox getdi, gəldi, yoruldu, daha dalınca getmədi, eləsi də var, bu günə qədər də sənədə görə rəsmi qurumlara gedib gəlir".

Buna da bax:​ Fındıq toplayanlar məhsullarını satmayıb qiymətin qalxmasını gözləyir

Kənd sakini hesab edir ki, əslində pay torpaqları ilə bağlı kəndlilərin sənədi var, sadəcə, özlərində yox, rəsmi qurumlarda saxlanılır:

“SOSİAL YARDIMDAN DA MƏHRUMUQ”

"Səbəb də odur ki, bax, başımıza belə oyunlar açanda məhkəməyə müraciət etməyə əlimizdə sənəd olmasın. Mülkiyyət hüququmuzu qoruya bilməyək. Vaxtilə siyasət işlədib sənədləri kəndlilərə verməyiblər. Əgər bu torpaqlar bizim olmasaydı, nəinki 20 il, heç iyirmicə gün də bu torpaqdan istifadə edə, ağac əkə, qulluq edə, məhsul götürüb sata bilməzdik. Biz bu torpaqlara görə vergi ödəyirik, bizim olmayan torpağa görə niyə vergi ödəməliydik ki?.."

Kənd sakini Mais Hüseynovun sözlərinə görə, bələdiyyə sədri kəndlilərə elan edib ki, rayonda perspektivli torpaqlar qalmadığına görə hökumət belə bir addım atmaq məcburiyyətində qalıb:

Buna da bax: Qəbələ meşələrində nə baş verir?

"Deyir, perspektivli torpaq qalmayıb. A kişi, hanı yüz min hektarlarla perspektivli torpaq? Satıb, pulunu yeyib, üstündən də su içiblər, indi gəlib kəndlinin pay torpağını əlindən alıb dövlət perspektivli torpağa çevirmək istəyirlər. İki oğlum, bir qızım var, heç biri işləmir, ünvanlı sosial yardımdan məhrumuq, çünki müraciət edəndə pay torpağının sənədini istəyirlər, o da yoxdur. Daha doğrusu, var, bizə vermirlər, özlərində saxlayırlar. Ümidimiz fındıq bağlarınadır, 3-4 kəndin dolanışıq yeri olan 150 hektardan çox sahəni əlimizdən alırlar, biz başımıza haranın daşını tökək ki, bu fındıq bağları da əlimizdən çıxandan sonra necə yaşayacağımızı bilmirik".

ÖRÜŞ SAHƏLƏRİ DƏ ƏLLƏRİNDƏN ALINIB

Kəndlilərin deməsinə görə, təqribən 3 il əvvəl rəsmi qurumların nümayəndələrinin fındıq bağlarında gəzişdiyini görəndə narahat olmağa başlayıblar. Həmin vaxt onlara məlum olub ki, hökumət fındıq bağlarının yeni xəritəsini hazırlayır. Ancaq kəndlilər indi yeni xəritədə onların yerlərinin üstündən qara xətt çəkilməsindən xəbər tutublar.

Kəndlilər deyir, bu azmış kimi, örüş sahəsi kimi hər ailəyə 4 sot ölçüdə verilmiş örüş sahələri də əllərindən alınıb.

Buna da bax:​ 'Sel suları Dağ Kəsəməni yuyub apardı' - sakin

Əliabad sakinləri özlərinin iddia etdikləri kimi, pay torpaqlarının əllərindən alınmasından xəbər tutunca - yəni bu ilin fevralından vitse-prezident Mehriban Əliyevaya, rayonun icra hakimiyyətinin başçısına müraciət ediblər. Vitse-prezidentdən xəbər çıxmasa da, icra hakimiyyətindən onlara bildirilib ki, yaxın vaxtlarda başçı kəndə gələrək onları yerindəcə dinləyəcək. Lakin 4 aydan çox vaxt ötməsinə baxmayaraq, başçı hələ də kəndə gəlib çıxmayıb.

“MƏHKƏMƏYƏ MÜRACİƏT EDƏ BİLƏRLƏR”

AzadlıqRadiosu-nun müxbiri Əliabad kənd bələdiyyəsinin sədri Cəfər Əliyevlə əlaqə saxlamağa cəhd etsə də, zənglərə cavab verən olmayıb. Zaqatala rayon icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, sakinlərin iddiası əsassızdır: "Birbaşa bələdiyyəyə aid məsələ olsa da, bircə onu deyə bilərik ki, onların pay torpaqları xəritədə başqa ərazilərdədir. Əgər əllərində fındıq bağlarından pay torpaqlarını təsdiqləyən sənədləri varsa, məhkəməyə müraciət edə bilərlər".

Buna da bax:​ Tovuz kəndlərinin sakinləri: 'Təbiət bizə toy tutub'

Hüquqşünas Vaqif Alıyevsə deyir ki, iddiaçı sakinlər əvvəlcə rəsmi qurumlara rəsmi sorğular göndərib pay torpaqlarına dair Dövlət Aktlarını tələb etməlidilər. Qurumlar yazılı, yaxud şifahi imtina etdikdə bu sənədi məhkəmə yoluyla əldə etməlidilər.

Hüquqşünas bildirib ki, Dövlət Aktları əllərinin altında olduqdan sonra kənd sakinləri məsələni hüquqi müstəviyə çıxara bilərlər.

XS
SM
MD
LG