Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 18:03

Zaqatala - iqtidarla müxalifətin bir binada oturduğu rayon...


Zaqatala şəhəri, 30 Mart, 2006
Zaqatala şəhəri, 30 Mart, 2006
Yaz gəlib, ağaclar çiçək açıb, amma Zaqatalanın Muxax kəndində hələ də evləri qızdırmaq üçün odun yandırılır. Böyük Qafqaz dağlarında qışın ömrü uzun olur.

Zaqatalanın bir çox başqa kəndləri kimi Muxaxda da əhalinin əsas məşğuliyyəti fındıqçılıq və tütünçülükdür. Zaqataladakı çoxsaylı fındıq sexləri fındığı əhalidən kiloqramı 10 min manata alır. İlk baxışda pis qiymət deyil. Amma yerli sakinlər gileylənirlər ki, bu, mövsümi gəlirdi, 200-300 kiloqram fındığın puluyla ilboyu dolanmaq mümkün deyil: «Təkcə bir maşın odun almaq üçün 250 dollar xərcimiz çıxır...»


Həmsöhbətim Elvin kənddə özünə iş tapa bilmir. Ali təhsili də yoxdu, deyir ki, iki yolu var, ya Bakı ətrafındakı daş karxanalarında ağır işlərdə işləyən həmyerlilərinin yanına getməlidir, ya da üz tutmalıdı Rusiya bazarlarına: «24 yaşım var, ailə qurmalıyam, amma bunun üçün pul lazımdır. İşsizə qız vermirlər, ehtiyat edirlər, axı sabah ailəni dolandırmaq lazımdır».




Muxax kəndi
Muxax - Zaqatalanın böyük kəndlərindəndi, əhalisi 7 min nəfərdən çoxdu. Kənd icra nümayəndəsinin müavini Əli Mahmudovun sözlərinə görə, işsizlik problemini yaradan odur ki, kəndli üçün təsərrüfatla məşğul olmaq o qədər də sərfəli deyil. Yəni, məsələn, əziyyət çəkib tütün əkir, amma məhsuluna özü qiymət qoya bilmir, tütün sexləri deyir ki, tütünün kiloqramını 3 min manata alacam, istəyirsən, sat, istəyirsən satma. Əli Mahmudovun fikrincə, bu, bazar iqtisadiyyatının qanunlarına uyğun olsa da, dövlət hansısa yolla məsələyə müdaxilə etməlidir: «Məncə, dövlət, kənd təsərrüfatı məhsullarının, o cümlədən tütünün, fındığın minimal alış qiymətini müəyyən etməlidir. Bu olmasa, kənd təsərrüfatının inkişafı çox çətin olacaq».

Amma bəzi kənd sakinləri düşünürlər ki, təsərrüfat məhsullarının alış qiymətlərinin aşağı olması heç də bazarın tələbi deyil, emal sexləri sahiblərinin gizli razılaşmasının nəticəsidi.


Muxax camaatının oduna çox pul xərcləməsinin səbəbi kənddə qazın olmamasıdır. Amma kənd icra nümayəndəsinin müavini Əli Mahmudov deyir ki, bu məsələ Regionların Sosial İqtisadi İnkişafı Proqramında əksini tapıb, yaxın vaxtlarda kəndə borular gətiriləcək və iş başlayacaq.


Amma maraqlıdı, o, kəndə qaz çəkmək təşəbbüsünün dövlətdən gəldiyini bildirir, muxaxlılar isə belə bir söhbət eşidiblər ki, kəndə qazı bir deputatlığa namizəd çəkdirir.


Muxax kəndi Milli Məclisə təkrar seçkinin keçiriləcəyi 110 saylı Zaqatala dairəsinə daxildi. Dairədə 8 deputatlığa namizəd var. Bu, ötən dəfəylə, yəni, nəticəsi ləğv edilən seçkiylə müqayisədə təxminən iki dəfə azdı. Amma bu dəfə də əsas mübarizənin hakim Yeni Azərbaycan Partiyası və müxalifətdə olan Müsavat Partiyası arasında gedəcəyi söylənilir. İqtidarın namizədi Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəhbəri Rizvan Vahabov, onun rəqibi isə Müsavat Partiyası başqanının müavini Arif Hacılıdı.



Zaqatalanın mərkəzi
Müsavat Partiyasının qərargahı Zaqatalanın mərkəzində rayon icraiyyə komitəsinin keçmiş binasında yerləşir. Şəhər bələdiyyəsi də, rayon təhsil şöbəsi də bu binadadır. Müxalifət partiyasıyla iqtidar nümayəndələrinin təmsil olunduğu qurumların belə qonşuluğunu hər rayonda görmək olmaz. Bu Zaqatalada müxalifətin kifayət qədər güclü dayaqlarının olmasından xəbər verir. Elə ötən il 6 noyabrda keçirilən və sonradan nəticələri ləğv edilən seçkidə də Müsavat Partiyası başqanının müavini Arif Hacılı rəsmi nəticələrə görə səslərin təxminən yarısını qazana bilmişdi. Cənab Hacılı təkrar seçkidə də namizədliyini irəli sürüb, iqtidarın namizədi isə yenidir. Artıq təbliğat kampaniyası başlayıb və müxalifətçilər Mərkəzi Seçki Komissiyasına şikayət məktubu göndəriblər ki, yerli icra orqanları dövlətin puluyla görülən işləri YAP-ın namizədi Rizvan Vahabovun adına çıxırlar və bundan seçki təbliğatı üçün istifadə edirlər. Arif Hacılının vəkili Saleh Sultanov: «Rayon Təhsil Şöbəsindən 110 saylı dairənin ərazisində yerləşən məktəblərə partalar göndərilir və deyilir ki, Rizvan Vahabovun hədiyyəsidir. Bu, qanunsuz bir hərəkətdir, seçiciləri şirnikləndirmək, pulla ələ almaq qadağandır».


Saleh Sultanov deyir ki, icra orqanları dövlətin puluyla Muxax kəndinə çəkiləcək qaz kəmərini də iqtidar namizədinin xidməti kimi qələmə verirlər. Müxalifətçilər iddia edirlər ki, icra hakimiyyətinin işçiləri, hətta seçki komissiyalarının rəhbərləri tez-tez YAP-ın yerli qərargahına gəlirlər, burada keçirilən yığıncaqlarda onlara seçkini iqtidar namizədinin xeyrinə saxtalaşdırmaq üçün göstərişlər verilir.


Amma Yeni Azərbaycan Partiyasının Zaqatala təşkilatında bu ittihamları əsassız sayırlar. Təşkilatın sədri Hacıməmməd Ramazanov deyir ki, onların namizədi onsuz da böyük nüfuza malikdir və nə seçiciləri nəyləsə şirnikləndirməyə, nə də icra hakimiyyətinin köməyinə ehtiyacları var.


Dairə Seçki Komissiyası
Hacıməmməd Ramazanov: «Mən müxalifətçilərə məsləhət görərdim ki, enerjilərini YAP-ın qərargahını güdməyə sərf etməsinlər. Bir də ki YAP-ın qərargahına gələnlər hamısı seçki ilə bağlı gəlmir ki. Bura müxtəlif işlərlə bağlı gələnlər, o cümlədən hansısa problemin həllində yardım istəyənlər də gəlir».


Dairə Seçki Komissiyasında isə təkrar seçkinin ədalətli keçiriləcəyinə inandıqlarını deyirlər və bunu onunla əsaslandırırlar ki, ötən dəfə nəticələr ləğv ediləndən sonra pozuntulara yol verən 19 məntəqədə seçki komissiyalarının tərkibi dəyişdirilib, seçkiyə müdaxilə etdiyinə görə, icra hakimiyyətinin o vaxtkı başçısı Vaqif Rəhimov işdən azad edilib.



Bəs seçicilərin özləri təkrar seçki barədə nə düşünürlər? Bu sualı Zaqatala şəhərinin mərkəzində yerli sakinlərə verdim. Onlardan biri bildirir ki, seçkidən sonra şəhərdə abadlıq işlərinin aparılacağına, maddi sıxıntı keçirənlərə kömək ediləcəyinə inanır. Başqa bir həmsöhbətim isə deyir ki, deputatlığa namizədlərin vədlərinə inanmır, çünki onlar seçkiqabağı verdikləri vədlərə əməl etmirlər.


Ümumilikdə 110 saylı Zaqatala seçki dairəsində 40 mindən çox seçici var.


Zaqatalanın bir özəlliyi də odur ki, burada azərbaycanlılarla yanaşı 20-dən artıq millətin nümayəndəsi, o cümlədən avarlar, saxurlar, müsəlman gürcülər yaşayır.

Amma Azərbaycan müstəqillik qazanandan sonra bəzi separatçı qüvvələr bu etnik müxtəliflikdən öz məqsədləri üçün istifadə etməyə cəhdlər ediblər. Yerli hakimiyyət orqanlarının bildirdiklərinə görə, bölgədə vəziyyəti gərginləşdirmək üçün müxtəlif əməllər törədiblər, o cümlədən Şimali Qafqaz xalqlarının Rusiya imperiyasının işğalçılıq siyasətinə qarşı döyüşlərinə rəhbərlik etmiş Şeyx Şamilin Zaqataladakı büstünü partladıblar. Bu əməllərdə günahlandırılan Hacı Maqomedovun rəhbərlik etdiyi silahlı dəstə həm də müxtəlif quldurluq cinayətləri törətməkdə, hətta Zaqatala Polis İdarəsinə də basqınlar etməkdə, polis əməkdaşlarını öldürməkdə ittiham edilib. Amma 5 il əvvəl Hacı Maqomedov öldürüldü, onun dəstəsindən olan 30-a yaxın şəxs isə mühakimə olundu. İndi rayonda insanlarda əvvəlki təlaş, qorxu müşahidə edilmir.



Zaqatalada dinin təsiri də güclüdür. Sovet İttifaqının dağılmasıyla dini azadlığa qoyulmuş qadağalar aradan qalxandan sonra bu rayonda islamın təsiri daha da artmağa başladı.


«Xarici ölkədə dini təhsil almaq istəyən gənclərin nəzərinə!». Belə elanlara əvvəllər Zaqatalada tez-tez rast gəlmək olardı. Həmin elanlarda qeyd edilirdi ki, təhsil pulsuzdur, tələbələr yeməklə və yaşayış yeriylə təmin edilir.



Amma həmin elanların arxasında heç də həmişə sadəcə azərbaycanlı gəncləri maarifləndirmək istəyi dayanmırdı. Radikal islamçı qruplar, xüsusən vəhabilər gəncləri pulsuz təhsillə şirnikdirib öz təsirləri altına salmağa çalışırdılar.



Zaqatala şəhəri -- Mərkəzi Məscid
Azərbaycan İslam Universitetinin Zaqatala şöbəsinin müdiri İbrahim İbrahimov deyir ki, indi rayonda vəziyyət getdikcə dəyişir. Çünki bir neçə il əvvəl İslam Universitetinin Zaqatala şöbəsinin açılması xarici missionerlərin şirnikləndirici təkliflərinə alternativə çevrilib: «O vaxt gəncləri xarici ölkələrə aparırdılar və onlar qayıdanda oxuduqları ölkənin dini adət-ənənələrini bura gətirirdilər. Həmin ölkələrin siyasətini tətbiq etmək istəyirdilər. Halbuki bu bölgənin əsrlərlə formalaşmış öz dini adət-ənənəsi var, onların hərəkətləri burada nifaq salırdı».

İslam Universitetinin Zaqatala şöbəsində də təhsil pulsuzdur. Əli Məmmədov ilahiyyat fakültəsinin 5-ci kurs tələbəsidir. O, deyir ki, onlara gündə üç dəfə pulsuz yemək verilir, yataqxanada qalmaq pulsuzdur:
«Bizim məişət qayğılarımız yoxdur, diqqətimiz ancaq təhsilə yönəlib».


Həyətdə tələbələrin asudə vaxtlarını keçirməsi üçün tennis masaları, basketbol meydançası var. Kitabxana və İnternet otağı da onların xidmətindədir. Tələbələr təkcə Zaqataladan deyil, qonşu rayonlardan - Qax, Balakən, Şəki, Ağdaş və başqa bölgələrdən olanlar da var. Təhsil ocağının rəhbəri İbrahim İbrahimovun sözlərinə görə, hələ də bölgələrdə dini təhsili olmayan mollalar üstünlük təşkil edir, onların bəziləri din adıyla xurafat yayırlar və universiteti başa vuran ali dini təhsilli gənclər getdikcə həmin mollaları əvəzləyəcək.



Zaqatala haqqında söhbətimizi burada tamamlayırıq. Rayonda həmsöhbət olduğum insanlardan soruşanda ki problemlərinin tezliklə həllinə inanırlarmı, əksər hallarda təxminən bu cür cavab eşitdim: «Dərdimizi kimə deyək? Qoy, prezident bizim tərəflərə də gəlsin».


Yaxın vaxtlarda Zaqatala camaatının dərdini dövlət başçısına demək şansı yarana bilər. İndi prezident İlham Əliyevin rayona səfərinə hazırlıq işləri gedir. Rayon mərkəzində abadlıq işləri aparılır, böyük küçələrin kənarındakı uçuq hasarlar bərpa edilir, köhnə binalar rənglənir. Olimpiya İdman Kompleksinin tikintisi də yekunlaşır.


XS
SM
MD
LG