Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:38

Bu qəsəbədə avtobusa görə işdən çıxarılan var


Bakıda avtobus dayanacağında basabas. Foto arxiv
Bakıda avtobus dayanacağında basabas. Foto arxiv

«İki gündür işsiz qalmışam. Səbəb də ictimai nəqliyyat üzündən işə gecikməyim oldu. Bir il əvvəl bacım da eyni səbəbdən işini itirmişdi. Bizim qəsəbədə avtobusa görə işsiz qalan çox adam var».

Zeynalabdin Tağıyev qəsəbəsinin sakini Məhərrəm Sadıqov sentyabrın 25-də işə bir saat gecikməsi üzündən çalışdığı iri şirkətlərdən birinin qapıları arxasında qalıb.

«SIXLIQ OLMASA...»

Minlərlə sakini olan Tağıyev qəsəbəsində ictimai nəqliyyat problemi mövcuddur. Sakinlərin deməsinə görə, əsasən səhər saatlarında iri intervallarla işləyən avtobuslara minmək üçün dayanacaqlarda «ölüm-dirim mübarizəsi» gedir.

M.Sadıqov:

«İşə gedəni var, bağçaya, məktəbə uşaq aparanı var... Adamlar getdikləri yerlərə gecikmələrlə yetişirlər. Səhərlər sərnişinlər avtobusların qapılarından sallanıb gedir. Məktəblilər kürəklərində ağır çantalarla böyüklərin tapdağı altında qalırlar. Avtobus salonlarındakı sıxlıq sərnişinlər arasında istər-istəməz narazılıq yaradır. Hətta bəzən mübahisələr o qədər dərinləşir ki, sürücü avtobusu kənara çəkib saxlayır, polis gəlir. Avtobuslarda sıxlıq olmasa, adamlar bir-birlərinin belində getməz, xoşagəlməz söz-söhbətlər də yaranmaz».

***Buna da bax-Minlərlə güzdəkliyə 3 avtobus xidmət edir

«TAKSİDƏN İSTİFADƏ ETMƏK İMKANIM YOXDUR»

Sakinlərin narazılığı Tağıyev qəsəbəsindən, əsasən, Sumqayıt istiqamətində olan marşrut xəttindəndir. Qəsəbə sakini, Sumqayıtdakı məktəblərdən birində müəllim işləyən Səlimə Həşimova deyir, bu istiqamətdə yalnız 30 saylı marşrut xətti üzrə bir neçə avtobus hərəkət edir:

«O avtobuslar da iri intervallarla işləyir. Adamlar, əsasən, adambaşına ödənişli taksilərlə gedib-gəlirlər. Mən müəlliməyəm, 230 manat maaş alıram, hər gün işə gedəndə və qayıdanda taksidən istifadə etmək imkanım yoxdur. Tağıyev qəsəbəsi kasıb təbəqə kontingentdən ibarətdir. Mənim kimi çoxu bu imkanda deyil. İşlədiyim məktəbdə işə gecikməyimə görə ötən il dörd, bu il bir dəfə izahat yazmışam. Töhmət də almışam. Bir dəfə də töhmət alsam, işsiz qalacam. Bu barədə yerli icra hakimiyyətinə də müraciət etmişəm. Hökumətin həll etmədiyi problemə görə müəllim işə gecikir və işini itirir».

***Buna da bax-Bakıdakı tıxacların əsl səbəbi nədir? [video]

«İNDİYƏDƏK MÜRACİƏT OLUNMAYIB»

Sakinlərin arzusu bu yaxınlarda Sumqayıta ayrılmış Türkiyə istehsalı olan yeni və iritutumlu avtobuslardır. Lakin nədənsə bu avtobuslar yalnız Sumqayıt ərazisində istismara verilir, Tağıyev qəsəbəsində isə köhnə avtobuslar yüngül təmirlə xətdə saxlanılır.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, Tağıyev qəsəbəsindən Bakı və Sumqayıt istiqamətində bir neçə marşrut xətti fəaliyyət göstərir. Tağıyev-Sumqayıt marşrut xəttindəki sıxlıqla bağlı indiyədək şikayət daxil olmayıb:

«Araşdırılar, əgər belə bir problem mövcuddursa, aidiyyəti qurumlara müraciət olunar. Ancaq gərək sakinlər indiyədək bu problemi ilk növbədə yerli bələdiyyəyə bildirəydilər».

Qurumdan bildirilib ki, Tağıyev qəsəbəsində 25 min civarında şəxs qeydiyyatdadır. Qeydiyyatsız yaşayanları da nəzərə aldıqda, qəsəbə əhalisinin sayı 30 mini ötür.

XS
SM
MD
LG