Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:43

Ərzaqda idxaldan asılılığın artmasının səbəbləri


İdxal
İdxal

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin ilk 4 ayı (yanvar-aprel) üçün xarici ticarətin əsas göstəricilərini açıqlayıb.

Həmin göstəricilərə görə, bu ilin yanvar-aprel aylarında keçən ilin eyni dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracı 12 min 644 ton (9.3 faiz) azalıb. Eyni zamanda, meyvə-tərəvəz idxalı fiziki çəkidə 6.1, dəyər ifadəsində isə 10.7 faiz artıb. Ümumilikdə bu ilin 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas yeyinti məhsullarının bir çoxunun idxalında həm fiziki çəkidə, həm də dəyər ifadəsində ciddi artım müşahidə edilir.

V.Məhərrəmov
V.Məhərrəmov

"İstehsal azalıb"

Milli Şuranın üzvü, kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov AzadlıqRadiosuna açıqlamasında qeyd edilənləri istehsalın azalması ilə əlaqələndirib. Onun sözlərinə görə, aidiyyəti qurumlardan bu istiqamətdə dürüst statistik göstəricilər əldə etmək təəssüf ki, mümkün olmur: "Bu qurumların açıqladığı göstəricilərdə həmişə istehsalın artması göstərilir...".

V.Məhərrəmov deyib ki, təkcə meyvə-tərəvəzin deyil, südün, kəsim üçün gətirilən mal-qaranın sayında, bitki yağının, heyvan mənşəli piylərin və ətin idxalında ciddi artım var:


"Yəni, reallıq ondan ibarətdir ki, istehsal azalır. Ona görə də idxal artır. İdxal edilən məhsulların həm qiymətində, həm fiziki çəkisində ciddi artım var".

V.Məhərrəmov vurğulayıb ki, son vaxtlar hökumət sözdə kənd təsərrüfatının inkişafı barədə çox danışsa da, əməldə bu yoxdur. Onun fikrincə, hətta hökumət subsidiyanı indikindən fərqli 10 dəfə artırsa belə, istehsalın artımına bir elə nail ola bilməyəcək:

"Problem odur ki,..."

"Problem onda deyil ki, fermerlərə maliyyə resursu lazımdır. Problem odur ki, fermerlər yetərli istehsal vasitələri, ən vacibi suvarma suyu ilə təmin olunmurlar".

Goranboylu fermer: 'Biz pomidoru 20 qəpiyə satmağa məcburuq, Bakıdasa 1 manatdı'
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

Mütəxəssis hesab edir ki, oliqarx-məmurlar ölkədə böyük fermer təsərrüfatları yaradıblar, su mənbələrindən də əsas onlar istifadə edir: "Baxmayaraq ki, ən çox istehsal məhz kiçik və orta biznesin üzərindədir. Bu iri fermer təsərrüfatları məhsul istehsalının az bir hissəsini, ümumi tələbatın cəmi 30-40 faizini əhatə edir".

Onun fikrincə, daha bir problem ölkədə peşəkar kənd təsərrüfatı kadrlarının olmamasıdır.

V.Məhərrəmov onu da vurğulayıb ki, son 18 ildə örüş ərazilərinin əhalidən alınaraq azaldılması hesabına 250 min hektar əkin sahələrini genişləndiriblər. Onun fikrincə, hökumət çalışır ki, ekstensiv (keyfiyyətcə yox, kəmiyyətcə artıran-red.) yolla məhsul istehsalını artırsın, buna da nail olmaq mümkün deyil:

"Merkantil maraqlar güdülür"

"Ona görə ki, bu, daha çox xərc tələb edir, nəticədə bahalı məhsul yaranır. Əldə edilən məhsul isə rəqabətqabiliyyətli olmur. Üstəlik, məmurlar tərəfindən vəsaitlərin mənimsənilməsi, texnikanın ucuz alınıb baha sənədləşdirilməsi kimi hallarla merkantil maraqlar güdülür. Bir sözlə, ölkədə, sadəcə, inkişaf olması görüntüsü yaradılır".

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə də "Turan" agentliyinə açıqlamasında bəzi məhsullar üzrə idxalın artımını təsdiqləyib. Onun deməsinə görə, çay idxalı 4 min 400 tondan 4 min 500 tona, meyvə idxalı 50.6 min tondan 58 min tona qədər artıb. O əlavə edib ki, bunun 6 min tonu banan, min tona qədəri isə sitrus meyvələridir.

Fermer: 'Pambıq yanır, suyu bizə yox, məmurların sahələrinə verirlər'
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

F.Fikrətzadə qeyd edib ki, diri çəkidə kəsim üçün idxal edilən heyvanlar 5 min 100 tondan 4 min 900 tona düşdüyü halda, iribuynuzlu heyvan ətinin idxalı 2 min 800 tondan 3 min 400 tona yüksəlib. O vurğulayıb ki, süd məhsullarının da idxalında artım var. Onun deməsinə görə, süd məhsullarının idxalı min tondanmin 400 tona qalxıb. Mərkəz direktoru onu da əlavə edib ki, kərə yağı idxalı 4 min 100 tondan 5 min 300 tona yüksəlib:

"Trend rüblük yox, illik olduqda..."

"Bu göstəricilər, əsasən, bir rübü əhatə edir. Odur ki, bir rübün göstəricilərinə əsasən ümumi trendi müəyyən etmək mümkün olmur. Amma il tamam olduqda illəri müqayisə etməklə trendi müəyyən etmək olar".

Onun sözlərinə görə, bu məsələdə bazar konyunkturasını da gözardı etmək olmaz, rübün birində idxalı artan məhsulun növbəti rübdə idxalının azalması kimi hal da var. Mərkəz direktoru deyib ki, elə bəhs olunan bu dövrdə elə məhsullar var ki, onların ixracı artıb.

F.Fikrətzadə yekunda da qeyd edib ki, rəsmi açıqlamaya görə, bu ilin ilk rübündə ümumilikdə kənd təsərrüfatı 3.8 faiz inkişaf edib.

Prezidentin dedikləri...

Bu il aprelin 14-də 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videomüşavirədə dövlət başçısı da bu mövzuya toxunmuşdu.

Prezident İlham Əliyev həmin müşavirədə demişdi ki, kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır: "Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək".

XS
SM
MD
LG