Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:04

«Nəhayət ki, ad gününü Xədicə ilə birlikdə qeyd edəcəm» [Foto/Video]


Xədicə İsmayılın anası: qızımın mahnı oxumağını eşitmək istəyirəm
Gözlə

No media source currently available

0:00 0:05:59 0:00

Xədicə İsmayıl doğum gününü həbsxanada keçirir

-

Dolmalar bükülür, plovun düyüsü islağa qoyulub, balıq sobada qızardılmaq növbəsini gözləyir, səhər tezdən çəkiləcək kabab üçün şişlər hazırlanıb... Bir sözlə, mayın 27-ə hazırlıq gedir….

Amma budəfəki ad günü hazırlığı bir qədər fərqlidir. Hazırlanan azuqələr birbaşa süfrəyə yox, zənbillərə yığılır. Səfər isə Kürdəxanı təcridxanasınadır .

​“Uzun müddətdən sonra nəhayət ki, ad gününü Xədicənin özü ilə birlikdə qeyd edəcəm” – deyən Elmira xanım bilmir bu hala acısın, ya ki sevinsin. Danışır ki, Xədicənin də iştirakı ilə bir masa arxasında ad günü keçirdikləri illər çox uzaqda qalıb, Xədicənin uşaqlıq illərində:

“TƏKİ AZADLIQDA OLSUN”

“Ad günündə heç vaxt evdə olmurdu. Çox vaxt ezamiyyətdə olurdu, ya da dostları ilə birlikdə qeyd edirdi. Həmişə ad günü yaxınlaşanda soruşurdum ondan ki, “bu dəfə hara gedirsən?”. Ancaq uşaq vaxtlarında ad günündə bir masa arxasında oturmuşuq. Biz özümüz həmişə süfrə açıb otururuq, o da bizə çox vaxt skaypla, ya telefonla qoşulurdu. İndi nəhayət ki, birlikdə qeyd edəcəyik” - deyir və gülür. Amma bu gülüşə ana ürəyi tab gətirmir, dərhal ardınca əlavə edir ki, “qoy tezliklə çıxsın, eybi yox, bizlə birlikdə qeyd etməsin, amma təki azadlıqda olsun”.

“HƏMİŞƏ İLK SORUŞDUĞU O OLUR Kİ…”

Elmira xanım zənbilinə təkcə yemək azuqəsi yığmır, həm də tələbə yoldaşları, dostlarından gələn təbrikləri də götür-qoy edir. Deyir səhər (mayın 27-də səhər) duran kimi ilk işi facebook təbriklərini toplayıb bir vərəqə qeyd etmək olacaq:

Dolmalar bükülür
Dolmalar bükülür

“Facebook təbriklərini də çatdıracam ona. Sevinirəm bu təbriklərə görə, səhər tezdən facebooku açacam, təbrikləri bir-bir yazıb çatdıracam ona. Bu ismarıclar onda ruh yüksəkliyi yaradır. Həmişə ilk soruşduğu o olur ki, “facebook səhifəmə nə yazırlar, kim zəng edir, maraqlanır””.

Ananın dediyinə görə, uşaq yaşlarından Xədicəni ən çox sevindirən hədiyyə kitabdır. Bundan xəbərdar dostlar indi də ona kitab hədiyyəsi alıb göndəriblər.

“ÇOX İSTƏYİRDİM Kİ, ŞAİRƏ OLSUN”

Elmira xanım deyir ki, qızını həbsxana mühitində, şüşə lövhə arxasından təbrik etməli olsa da, buna görə nə peşmançılıq keçirir, nə də təəssüf. Yeganə arzusu qızının azadlığa çıxacağı günü bayram etməkdir. Deyir Xədicə uşaq ikən arzusu onu şairə görmək olub, amma…

​“Uşaqlıqda şerlər yazırdı, düzdür sonradan təmir zamanı həmin şerlər it-bat oldu, amma yaxşı şerlər idi. Çox istəyirdim şairə olsun, məsələn Nizami kimi illər, əsrlər sonra da haqqında danışsınlar, yaddaşlarda qalsın. Amma nə etməli, jurnalist də pis deyil”.

“Qızınız kimi Xədicənin evdə yoxluğunu hiss etməniz təbiidir, bəs jurnalist kimi də onun mətbuatda yoxluğunu hiss edirsizmi” deyə Elmira xanıma sual edirik:

Elmira İsmayılova
Elmira İsmayılova

“Sözsüz, hiss edirəm. Mətbuatda, elə AzadlıqRadiosunda da onun yoxluğu hiss olunur. Xədicə çox peşəkar jurnalistdir” - deyir.

Elmira xanımın dediyinə görə, həbsxana divarları Xədicədə şairəlik ruhunu yenidən oyatmasa da, ən azından kitab yazmaq istəyi yaradıb. Amma bu istəyini reallaşdırmaq imkanı verilmədiyindən “kitabımı beynimdə yazıram” deyir.

Xədicə İsmayıl dekabrın 5-də həbs olunmuşdu və ilkin ittihamda Tural Mustafayevi intihar həddinə çatdırmaqdan söhbət gedirdi. Ancaq həmin şəxs sonra öz ittihamını geri götürdü,hakimiyyət isə Xədicə İsmayıla qarşı yeni ittihamlar irəli sürdü. Fevral ayında Xədicə İsmayıl vergidən yayınmaqda, qanunsuz biznes fəaliyyətində və səlahiyyətindən sui-istifadədə ittiham olundu.

X.İsmayıl ittihamları rədd edir. O, həbsini prezident İlham Əliyevin ailə biznesini araşdırması ilə əlaqələndirir.

XS
SM
MD
LG