Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:40

«Prezidentin hansısa məsələni gizli saxladığının şahidi olmamışam»


Bahar Muradova
Bahar Muradova
«Hər şeydən əvvəl onu demək istəyirəm ki, danışıqlar prosesində prezidentlər iştirak edir. Və məsələnin bütün detalları, bütün incəlikləri məhz onlara bəllidir. Mən heç zaman Azərbaycan prezidentinin Qarabağla əlaqədar fikirlərin ifadəsində bu və ya digər məsələni gizli saxladığının şahidi olmamışam. O hər zaman Azərbaycan xalqı ilə səmimi olub və danışıqlar prosesində örtülü olsa da hansı məqamların olduğunu bildirməyə çalışıb. Biz də onun nə demək istədiyini anlamışıq».

Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova yaz sessiyasının yekununa həsr edilmiş mətbuat konfransında deyib. «Azadlıq» radiosunun «Sizin də rəhbərliyində təmsil olunduğunuz indiki parlamentin statusun müəyyənləşməsi üçün Dağlıq Qarabağda referendum keçirilməsi məsələsini müzakirəyə çıxarıb qəbul etməsini mümkün sayırsınızmı» sualına B.Muradova belə cavab verib:

«Ermənistan prezidentinin öz xalqına yönəlik bu və ya digər manevr hərəkətləri olubdur ki, danışıqlar prosesində iştirak edən tərəf kimi biz bunu bilmişik. Ona görə mənim hansısa bir şübhəm yoxdur. Cənab İhlam Əliyev necə deyirsə, deməli danışıqlar prosesində də o prinsiplərlə hərəkət edir».

O ki qaldı parlamentin bu məsələni müzakirəyə çıxarıb münasibət bildirməsinə, vitse-spiker deyir ki, qarşıda hələ bir il var:

«Ona görə də mən düşünmürəm ki, danışıqlar prosesindən kənar və onun mərhələlərini nəzərə almadan, yalnız son mərhələyə aid olan məsələ, bu bir il ərzində Azərbaycan parlamentinə daxil ola və biz də ona hansısa bir münasibət bildirək».

B.Mruadovanın sözlərinə görə mərhələli proses gedir və bunun da birinci, ikinci, üçüncü dərəcəli vəzifələri var:

«Ona görə də Ermənistan qoşunlarını geri çəkmədən, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Dağlıq Qarabağın azərbaycanlı icması öz yerinə-yurduna qayıtmadan, tam vətəndaş hüquqlarından istifadə etmədən referendum məsələsi gündəliyə gələ bilməz. Bu məsələni kontekstdən ayıraraq ayrıca qiymətləndirmək ədalətsizlikdir».

İyulun 5-də prezident İlham Əliyev Rusiyanın «Vesti» telekanalına müsahibəsində deyib ki, danışıqlar prosesində hazırda söhbət əvvəlcə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun, 5 ildən sonra isə daha 2 rayonun - Laçın və Kəlbəcərin boşaldılmasından gedir. Dağlıq Qarabağın statusunun müəyyənləşməsi məsələsi isə 1 ildən sonra da həllini tapa bilər, 10 və ya 100 il sonraya da qala bilər, heç olmaya da bilər.

Bəzi politoloqlar isə hesab edir ki, əslində, bu, problemin nizamlanması üçün təklif edilən Madrid prinsiplərinin Azərbaycana aid olan hissəsidir. Bunların əvəzinə Ermənistanın nə əldə edəcəyi barədə Azərbaycan prezidenti heç nə deməyib. Halbuki, Madrid prinsiplərində müəyyən müddətdən sonra Dağlıq Qarabağda statusun müəyyən edilməsi üçün referendum keçirilməsi nəzərdə tutulur. Konfliktoloq Arif Yunus və bəzi başqa politoloqlar hesab edirlər ki, bu, Azərbaycanın milli maraqlarına uyğun deyil.
XS
SM
MD
LG