Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:37

«Bəs onda şahı niyə yıxmışdıq, təzəsindən ötrü?»


İranda İslam inqilabı, 1979
İranda İslam inqilabı, 1979
İRANIN YENİ ŞAHI

İnqilabçılar əvvəllər qarşı çıxdıqları bir çox vərdişlər və üsullara sonradan alışırlar. Bolşeviklərin Çar rejiminin keçmiş agentlərinin taktikalarından sonradan Kommunist Partiyasının rəqiblərinə qarşı istifadə etməsi kimi. 30-cu illərdə SSRİ-də aparılan repressiyalar elə Çar dövrünü xatırladırdı. Hətta demokratik quruluşlarda da, iqtidarın bir çox siyasətinə qarşı çıxanlar hakimiyyətə gələndən sonra eyni siyasəti yürütməkdən çəkinmirlər.

12 iyundakı prezident seçkilərindən sonra, Mahmud Əhmədinejadın 2-ci dəfə rəsmən prezident olmasının élan edilməsinin ardından İranda 79-cu ilin İslam inqilabı zamanı baş verən miqyasda etirazlar oldu. O vaxt bu etirazlar şahın yıxılması, Ayətullah Ruhulla Xomeyninin hakimiyyətə gəlməsiylə nəticələnmişdi.

ADLARI İSLAHATÇIDIR, AMMA REJİMƏ SADİQDİRLƏR

İndi etiraz edənlər özlərini islahatçı kimi qələmə versələr də, əslində, 79-cu ildən sonra monarxiyanın yerində qurulan bir Ali dini liderin əsarətindəki sistemə qarşı da çox sadiqdirlər. Əslində, bu Ali dini liderin əlindəki hakimiyyət elə şahın əlində olan hakimiyyət kimidir. Ordu, təhlükəsizlik qüvvələri və gizli polis, məhkəmələr və hakimiyyətin bütün önəmli qollarının hamısı birbaşa olaraq dini liderə- Xameneyiyə tabedir. Bu da İrandakı prezident və Baş nazirin idarəetmədəki rolunu heçə endirir.

REJİMƏ QARŞI GEDƏNLƏRİN SONU YAXŞI OLMUR

Buna qarşı çıxanlar isə, seçicilərin 75 faizinin səsiylə seçilən İranın ilk prezidenti Abülhəsən Bənisədr kimi, hakimiyyətə yaxın buraxılmırlar. O vaxt Xomeyni nəinki Bənisədri veto elədi, hətta hakimiyyətin bütün qollarının yerinə qərar verdi.

XOMEYNİNİN İRANI

Əlindəki bu qədər geniş hakimiyyətə baxmayaraq, Xomeyni hər zaman ictimai rəyə qarşı təkbaşına çıxmaqdan çəkinməyib. 1979-cu ildə ABŞ səfirliyinin işçilərini girov götürəndə və azad eləmək istməyəndə, ölkə bu üzdən sanksiyalarla üzləşəndə Xomeyni yenə də öz bildiyini elədi. Nəticədə İran iqtisadiyyatı çətinliklərlə üzləşdi, uzun müddət neft-qaz ehtiyatlarını da beynəlxalq bazarlara çıxarmağa çətinlik çəkdi.

Hətta İraqla müharibə də Xomeyni üçün beynəlxalq aləmlə münasibətlərini qaydaya salmaq üçün yetərli olmadı. İran yenə də özünü təcrid siyasətinə davam elədi, insan haqlarının pozulması kimi tənqidlərə qulaq asmadı. İranın inqilabdan sonra normal münasibətləri olan yeganə dövlət isə Çin olub.

XAMENEYİNİN İRANI

Xomeyninin ölümündən sonra, 1989-cu ildə onun yerinə 1981-ci ildən İranın prezidenti olan Ayətullah Əli Xameneyi gəldi. Xomeyni kimi xarizmatik və populyar dini lider olmayan Xameneyi elə də üzdə deyildi. Sadəcə, 1997-ci ildə islahatçı prezident Məhəmməd Xatəminin hakimiyyəti vaxtı ona qarşı çıxdı.

Çünki Xatəmi İranda insan haqlarının, milli azlıqların hüquqlarının, qadın hüquqlarının genişləndirilməsi yönündə müəyyən işlər görürdü. Xarici siyasət məsələlərində isə ABŞ və Avropa Birliyilə münasibətləri yumşaltmağın tərəfdarıydı.

Ancaq Xameneyi bu islahatların heç birinin həyata keçməsinə imkan vermədi. Ancaq, islahatlara ac olan İran xalqı 4 il sonrakı seçkidə Xatəmiyə daha çox səs Verdi - 78 faiz.

XAMENEYİNİN SEÇKİLƏRİ

Bu da Xameneyini və mühafizəkar Tehran dini liderlərini narahat etdi. Hər şey onunla bitdi ki, Xameneyi 2005-ci ildə Tehranın meri olan Mahmud Əhmədinejadı keçmiş prezident Əli Əkbər Haşemi Rəfsancaninin namizədliyinə baxmayaraq prezident seçdirdi. Çünki İran inqilabının fəal fiqurlarından olan Rəfsancani real hakimiyyətin Ali dini liderin əlində cəmləşməsinə qarşı çıxırdı.

2004-cü ilin parlament seçkilərində Xameneyi parlamenti də ələ almışdı. Və Əhmədinejadı da prezident élan edəndən sonra, faktiki olaraq İrandakı hakimiyyətin bütün qollarına nəzarət təkcə onun əlində cəmləşdi. Əhmədinejad da dini liderin ümidlərini doğrultdu və bütün məsələlərdə, xüsusən də xarici siyasət məsələlərində Xameneyinin dediklərini etdi, sərt xətt siyasəti apardı. Əhmədinejad bunun qarşılığını ikinci dəfə seçilməklə aldı.

HƏR ŞEY ŞAH DÖVRÜNDƏKİ KİMİ

Bu gün İran bir daha mütləq monarxiyanın hakimiyyəti altındadır. Şahın zamanında olduğu kimi kütləvi həbslər, işgəncələr davam edir, rejimin tənqidçiləri susdurulur, həbsə atılır.

Fərq sadəcə rejimin başında şah sülaləsinin yox, dini liderlərin olmasıdır. Və şahın vaxtında olduğu kimi, indi də ölkədə ancaq bir nəfərin sözü, bir nəfərin səsi sayılır.

İranda indi bir vaxtlar SSRİ-də olduğu kimi hər şey dövlət nəzarətindədir, inhisarındadır. İqtisadiyyatı korrupsiyalaşmış məmurlar idarə edir, xitmət keyfiyyəti və iqtisadiyyatın real durumu günü-gündən pisləşir. Amma statistik rəqəmlər şişirdilir. Odur ki, indi İranda aparıla biləcək yeganə real islahat azad bazar iqtisadiyyatının yaradılması və gənc iranlılar üçün iş yerlərini yaratmaqla onları asılılıqdan qurtarmaq ola bilər. Musəvi də məhz belə vədlər verirdi. Və bu üzdən həm inqilabçıları, həm də islahatçıları öz ətrafında topalaya bildi.

BƏS ONDA ŞAHI NİYƏ YIXMIŞDIQ, TƏZƏSİNDƏN ÖTRÜ?

İndi İranda artıq çoxları sual verir ki, «yəni 1979-cu ildə inqilabı yeni şahlıq rejimi yaratmaq üçün eləmişdik?». Elədirsə, bu rejimin əvvəlkindən yaxşı fərqi nədir? Axı heç olmasa, bu 30 ildə camaatın dolanışığında heç nə dəyişməyib.

Son həftələrdə Xameneyi tərəfdarları Xomeyniçilərə qarşı ciddi hücuma keçiblər. Xameneyi anlayır ki, indi hərəkət etməsə, bu hakimiyyətin davamı olmaya da bilər. Bu üzdən özündə hətta inqilabın yaradıcılarına qarşı hücuma keçmək cəsarəti tapır. Çünki anlayır ki, İran xalqı bu 30 ildə heç dəyişməyib, qığılcım gözləyən barıt çəlləyi kimidir, yenə də şaha qarşı çıxıb inqilab eləmək üçün hər zaman hazırdır.
XS
SM
MD
LG