Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 07:21

«Qrantı üç-dörd oliqarxın qəzet və təşkilatına veriblər»


Şəkidə qəzetləri pulsuz oxuyurlar, noyabr 2008
Şəkidə qəzetləri pulsuz oxuyurlar, noyabr 2008
ƏDALƏT PRİNSİPİ NƏDƏ POZULUB?

55 qəzet, agentlik və təşkilat aldığı qrantın bayramını etməyə hazırlaşır. Qrant ala bilməyənlərsə bunun davasını. Sentyabrın 1-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilk müsabiqənin nəticələrini açıqladı. Narazılıq da bundan cəmi bir neçə saat sonra üzə çıxdı. Artıq ona yaxın qəzet, təşkilat rəhbəri müsabiqənin nəticələrinə etiraz edir, apellyasiya komissiyasına şikayət verəcəyini bildirir.

Maraqlısı budur ki, narazıların arasında Rəşad Məcid də var. Onun redaktoru olduğu «525-ci qəzet» həm müsabiqədə qalib gəlib, həm də Rəşad Məcid özü Fondun Müşahidə Şurasının üzvüdür. Onu narazı salan nədir?

«Niyəsini deyəcəm. Ədalət prinsipi pozulub. Amma konkretliklərə qədər öyrənim, sonra dəqiq danışım. Bəzi şeylər eşitmişəm və baxıram ki, ədalət prinsipinin pozulması gözə dəyir. Amma daha sonra təhlil edib deyəcəm».

Rəşad Məcid deyir ki, Müşahidə Şurası yekdilliklə icraçı direktorun təqdim etdiyi siyahıya səs verib. Amma isti-isti hadisələri qiymətləndirmək mümkün olmayıb. İndisə düşünüb-daşınıb danışmaq qərarına gəlib. Hərçənd, o, bu haqda daha geniş bir neçə gün sonra danışmağı planlaşdırır -
Rəşad Məcid
qalib layihələrlə bağlı məlumat Fondun saytına yerləşdiriləndən az sonra.

«ÜÇ-DÖRD OLİQARXIN QƏZETLƏRİ QRANT ALIB»

Narazılardan biri də layihəsi qalib gəlməyən «Xural» qəzetinin redaktoru Əvəz Zeynallıdır. O deyir ki, dörd-beş nəşri çıxmaqla qrant alanların hamısı tanınmayan qəzet və təşkilatlardır:

«Dörd-beş oliqarxın qəzetlərindən ibarət siyahı açıqlayıblar. Kriterya müəyyənləşdirmişdilər ki, gündəlik tirajı mindən yuxarı olan qəzetlərə qrant verilsin. Amma siyahıya baxaq. Orda «Mövqe» və «Sport plyus qol» qəzetləri Vüqar Səfərlinin özünündür. «Artım» qəzeti ümumiyyətlə çıxmır, «Oxu məni» şou qəzetidir».

Fondun icraçı direktoru Vüqar Səfərlidən deyilənlərə münasibət öyrənə bilmədik. Amma Fondun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu deyir ki, qrant alan iki qəzetin Vüqar Səfərliyə məxsus olması haqda deyilənlər əsassızdır.

«NİYƏ DEMİRLƏR Kİ, KİM NƏ QƏDƏR ALIB?»

Əvəz Zeynallı isə bir məqama da diqqət çəkir: qaliblərlə bağlı məlumatlar Fondun saytına niyə yerləşdirilmir?

«Hiylənin, saxtakarlığın üstünün açılmasından qorxurlar. Nə qalib layihələrin adları açıqlanıb, nə qrantın məbləği açıqlanıb, nə də həmin qəzetin və ya təşkilatların təsisçisinin adı. Hər üç məqam da önəmlidir. Çəkinirlər. Bizdə dəqiq siyahı var, Müşahidə Şurasının üzvlərinin hamısının, ekspert deyib adlarını gizli saxladıqları adamların qəzet və ya təşkilatları da qrant alıb.
Əvəz Zeynallı
Bir on qəzet Əli Həsənovundur, beş-altı qəzet Kəmaləddin Heydərovundur, səkkiz-doqquz qəzet Eldar Mahmudovundur. Azərbaycan mətbuatını bu qədər biabır etmək olmaz axı. Yəni azad təşkilatlara üç-beş min manatı da qıymırlar?».

«MÜŞAHİDƏ ŞURASININ ÜZVLƏRİ QRANT ALA BİLƏRLƏR»

Fondun Məsləhət Şurasının sədri Umud Rəhimoğlunun sözlərinə görəsə, məmurların qəzetlərinin maliyyələşməsi haqda deyilənlər «absurd və qeyri-ciddi fikirlər»dir. O ki qaldı müsabiqədə Müşahidə Şurası üzvlərinin və ekspertlərin təmsil etdiyi qəzet və təşkilatların qrant almasına, Umud Rəhimoğlu deyir:

«Hər kəsin müsabiqədə iştirak hüququ var. Müşahidə Şurasının üzvüdür deyə iştirak edə bilməz kimi qayda yoxdur. Amma layihələri qiymətləndirən ekspertlərin təşkilatı olarsa, bu haqda məlumat verməlidir».

NARAZILAR ARTA DA BİLƏR

Umud Rəhimoğlu deyir ki, müsabiqədə qalib gələn qəzet və təşkilatlarla bağlı yerli-yataqlı məlumatlar isə bu gün-sabah sayta mütləq yerləşdiriləcək.

Rəşad Məcidin sözlərinə görəsə, nəticələr tam açıqlanandan sonra narazıların sayı bir az da arta bilər. Çünki qalib təşkilat və ya qəzetlərə elə məbləğ ayrıla bilər ki, onunla layihəni reallaşdırmaq mümkün olmasın.

Müsabiqəyə 112 layihə təqdim olunmuşdu. Onlardan 25-i müsabiqəyə buraxılmayıb. 15 layihə zəruri keçid balını toplaya bilməyib, 17 layihə isə ümumilikdə zəruri keçid balını toplasa da, başqaları ilə müqayisədə az bal topladığı üçün qalib ola bilməyib.
XS
SM
MD
LG