Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:46

Neft satan və alan ölkələr dollardan imtina edə bilər


ABŞ dollarından imtina yaxın illərin işi deyil, hətta 2020-ci illərə qədər bitən prosesə oxşamır
ABŞ dollarından imtina yaxın illərin işi deyil, hətta 2020-ci illərə qədər bitən prosesə oxşamır
DOLLARDAN İMTİNA ÜÇÜN GİZLİ DANIŞIQLAR APARILIR

Neft satan və alan ölkələr dollardan imtina üçün gizli danışıqlar aparırlar. Britaniyadakı «Independent» qəzeti belə yazıb. Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Qətər Rusiya, Çin, Yaponiya, Braziliya və Fransayla birgə gizli məsləhətləşmələrə başlayıblar. Bu məsləhətləşmələrdə ölkələrin maliyyə nazirləri və ya mərkəzi bankların rəsmiləri iştirak edib. Əsas məqsəd isə neft alqı-satqısında valyuta kimi ABŞ dollarının istifadəsinə son verməkdir.

Qəzet iddia edir ki, artıq bu ölkələr 2018-ci ildə dəyişikliyə getməklə bağlı ciddi razılıq əldə ediblər və proses qarşısıalınmazdır.

Məsələ bundadır ki, məhz 9 il sonra - 2018-ci ildə neft ticarətiylə bağlı valyutanın müəyyənləşdirildiyi il gəlib çatacaq. Bugünkü iqtisadi böhran zamanı ABŞ dollarının əvvəlki dəyərini itirməsindən narahat olan ölkələr Çin və Rusiyanın təşəbbüsü ilə neftin qiymətini müəyyənləşdirəcək yeni ödəmə vahidi yaratmağı qərara alıblar.

Hələ ki, yeni ödəmə vahidinin Çin yuanı, Yapon yeni, Rusiya rublu, ərəb ölkələrinin ortaq tədavülə buraxmaq istədiyi valyuta və qızılın əsasında yaradılması nəzərdə tutulur. Qəzet iddia edir ki, qızılın son 10 ildə rekord səviyyədə bahalanması da bunun nəticəsidir.

«Independent» qəzetinin adını açıqlamadığı etibarlı mənbələrə əsasən yazdığı məqalənin dərc edilməsindən cəmi bir neçə saat sonra adı çəkilən ölkələrdən biri-Səudiyyə Ərəbistanı məlumatı təkzib eləyib. Səudiyyə Ərəbistanının Mərkəzi Bankının rəhbəri Məhəmməd əl Yasser ölkəsinin bu cür danışıqlar aparmadığını deyib.

Neft sənayesi ekspertləri də iddia edirlər ki, bu cür xəbərlərin doğruluq payı elə də çox ola bilməz. Sadəcə, neftin və dolların dəyərinin artıb-azaldığı iqtisadi böhran dövründə bu xəbərlərin populyarlıq qazanması təbiidir. Amma dollardan imtina qərarı elə də asan deyil.

«BU, İLK NÖVBƏDƏ ONLARIN ÖZLƏRİNƏ İQTİSADİ ZƏRBƏDİR»


«Yaxın Şərq» İqtisadi Araşdırmalar Mərkəzindən Melani Lüve deyir ki, xəbərdə adı çəkilən dövlətlərin bu addımı atması, hansısa danışıqlara başlaması ilk növbədə onların özlərinə iqtisadi zərbədir:

«Məncə, istənilən imtina, xüsusən də ərəb ölkələrinin misalında dollardan imtina inandırıcı deyil. Çünki bütün Körfəz ölkələrinin valyutaları dollara bağlıdır. Hətta valyutası birbaşa dollara bağlı olmayan Küveytin valyuta zənbilində də dollar ağırlıq təşkil eləyir».

Hazırda Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Ərəb Əmirliklərinin təxminən 2 trilyon dollar valyuta ehtiyatı var. Mütəxəssislərin fikrincə, hətta dollardan imtinayla bağlı hansısa məsləhətləşmələrin başlanması belə ABŞ valyutasının ucuzlaşmasına və nəticədə bu ölkələrin özünün ehtiyatının alıcılıq qabiliyyətini itirməsinə səbəb ola bilər.

Eyni problem valyuta ehtiyatlarının 70 faizi, onlarla trilyon dolları olan Çini, əsas valyuta ehtiyatı dollar olan Rusiyanı da narahat eləmələdir. Amma dollardan imtina və dolların ucuzlaşması nəticəsində bu ölkələri gözləyən təhlükə təkcə alıcılıq qabiliyyəti və ehtiyatların azalması olmayacaq.

Neft almaq üçün yeni yaradılacaq ödəmə vahidinin zənbilinə daxil ediləcək milli valyutalar - Çin yuanı, Rusiya rublu, Yapon yeni bahalana bilər. Bahalı milli valyuta isə əsasən ixraca söykənən bu ölkələrin məhsulunun maya dəyərini artırıb, rəqabət qabiliyyətini aşağı sala bilər.

«PROSESLƏRİN ARXASINDA ÇİN DAYANIR»

Odur ki, ekspertlərin fikrincə, böhran başlayandan çoxlarının danışmağa başladığı ABŞ dollarının əsas valyuta rolundan imtinası yaxın illərin işi deyil, hətta 2020-ci illərə qədər bitən prosesə oxşamır.

Amma «Independent» qəzeti başqa iddia da irəli sürür. Qəzet Dünya Bankının prezidenti Robert Zoelikin İstanbulda dediyi sözləri xatırladır. Zoelik deyirdi ki, «bu böhranın nəticələrindən biri də, iqtisadi güclər arasında balansın dəyişməsi olacaq». «Independent» yazır ki, əslində dollardan imtina məsələlərinin arxasında Çin dayanır.

«Qəzet» iddia edir ki, dünyanın ən güclü inkişaf edən və enerjiyə hər kəsdən çox ehtiyac duyan ölkəsi olan Çin bir nömrəli neft alıcısına çevrilib. İndi Çin hökuməti ABŞ-ın iqtisadiyyatının ildən ilə neftdən olan asılılığını azaltmasını da özünə təhlükə kimi görən neft ixrac edən ölkələri öz tərəfinə çəkməklə, iqtisadi böhranın hər kəsin başını qatdığı bir vaxtda qüvvələr balansını öz xeyrinə dəyişməyə çalışır.
XS
SM
MD
LG