Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:05

Siyasi partiya namizədləri seçicilərə nə vəd edirlər?


18 mart referendumu
18 mart referendumu
«Bizim platformamız belədir ki, kənd yeridir, yol problemi var, kanalların, kollektorların təmizlənməsi və s. məsələlər var onları həll etməyi qarşımıza məqsəd qoymuşuq»

Bu Salyan rayonun Arbatan kəndindən fərdi qaydada namizədliyini irəli sürmüş Azərbaycan Demokrat Partiyasının üzvü Vüqar Əliyevdir. Onun sözlərinə görə, Salyan rayonundan namizədliyini irəli sürənlərin hamısı elə eyni problemləri həll edəcəklərinə vəd verirlər. Vüqar Əliyev deyir ki, hələ təşviqat başlamayıb, amma başlayan kimi şəkillərilə birgə platformasını da yayacaq. Vüqar Əliyev deyir ki, onun təmsil olunduğu kənddə bələdiyyənin gəlir əldə etmək imkanları aşağı olduğundan onlar vəd verdikləri işlərin hamısını yerinə yetirə bilmirlər.

DEMOKRAT KANALLARIN TƏMİZLƏNMƏSİNİ QARŞISINA MƏQSƏD QOYUB…

«Hardasa görülməli olan işlərin 70-80 faizini görmək olur. Amma hər şey asılıdır bələdiyyənin vergini yığmasından, bilirsiniz bizim kənddə əhaliyə verilən pay torpaqlarının azlığına görə, vergi çox olmur, ona görə də görülməli olan işləri yüz faiz yerinə yetirmək olmur».

Rayonun digər bir kəndində Kürqaraqaşlı kəndindən namizədliyini irəli sürən Yeni Azərbaycan Partiyasının üzvü Rövşən Hüseynov isə deyir ki, o seçkiyə on ildən bəri yığılıb qalan problemləri həll etmək üçün gedir. Bu problemlər ADP üzvünün dediyi problemlərdən elə də fərqlənmir.

YAP-ÇI MONOPOLİYAYA QARŞI…

«Gedirik ki, qismən də olsa xalqın arzu və istəyini yerinə yetirək. Ötən 10 ildə tökülüb-qalan problemlər var. Adamların kəndlərdə vəziyyəti elə də ürəkaçan deyil. Kəndin işıq, qaz və su ilə bağlı problemləri var. Hansısa qeyri-qanuni və ya dövlətin nəzarətindən kənar qurumlar var onlar gübrəni monopoliyaya alıblar fermerə 50 faiz güzəştlə verilməli olan gübrəni ikiqat qiymətə satırlar. Ərazidə su kanalları tamamilə palçıqla dolub. İstəyirik bütün bu problemlərin həlli yollarını tapaq».

Əslində Rövşən Hüseynov deyir ki, problemlər eyni olduğundan onların platformalarında da elə ciddi fərq yoxdur. Onun fikrincə, bir də platforma əsas deyil, əsas olan verilən vədlərin yerinə yetirilməsidir.

Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin rəhbəri Emil Məmmədov deyir ki, bu ilki bələdiyyə seçkilərini əvvəlkilərindən fərqləndirən yeganə cəhət namizədlərin seçkiyə əsasən platformasız getməsidir. Təəssüf ki, əvvəlki seçkilərdən fərqli olaraq bu seçkilərdə platforma məsələsi ortalıqda olmayacaq.

Hüquq müdafiəçisi deyir ki, indiyə qədər keçirilən seçkilərdə irəli sürülən platformalar partiya mənsubiyyətindən asılı olmayaraq heç kim tərəfindən yerinə yetirilməyib. Ona görə də bu seçkidə platforma rol oynamayacaq.

VƏDLƏR KAĞIZ ÜZƏRİNDƏ QALIR…

«Mənim iqtidarlı-müxalifətli namizədlərlə söhbətlərim olub, onların təşviqat materiallarına da baxmışam orda yalnız namizədə səs vermə çağırışı və şəkilləri var».

Emil Məmmədov deyir ki, rayonda təşviqat materiallarının yayılması ilə bağlı problemlər var. Bu əsasən də müxalifət namizədlərilə bağlı özünü göstərir. Hüquq müdafiəçisinə görə, iqtidar düşərgəsindən olan namizədlər təşviqat materiallarını mağazaların, ticarət məntəqələrinin pəncərələrinə vurduqları halda, sahibkarlar müxalifətdən olan namizədlərə belə bir imkan verməyə ehtiyat edirlər. Hər halda acı təcrübə bunun yenidən belə olacağı gümanları yaradır.

Belə qeyri-bərabərlik olmasın deyə o, DSK da müraciət edib ki, bütün təşviqat materialları yalnız Komissiyanın əhatə etdiyi ərazidəki xüsusi lövhələrə vurulsun. Hüququ müdafiəçisi deyir ki, belə hallar ötən seçkilərdə olduğundan onlar indidən təşviqatdakı qeyri-bərabərliyin qarşısını almaq istəyirlər.
XS
SM
MD
LG