Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 12:30

İntihar, yoxsa, işgəncə?


Atası Fəyyaz Zərbəliyev oğlunun intihar etməsinə inanmır
Atası Fəyyaz Zərbəliyev oğlunun intihar etməsinə inanmır
Martın 25-də Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında intihar etmiş Cəlilabad rayon sakini, 22 yaşlı Ceyhun Zərbəliyevin özünü asmasına qohumları şübhə edir. Qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən Ceyhun Zərbəliyev iki gün imüş ki, həmin təcridxanada saxlanılırmış.

Atası Fəyyaz Zərbəliyev oğlunun intihar etməsinə inanmır. Deyir ki, ailəsi dindar olduğundan oğlunun intihar etməsini ağlına gətirmir. Üstəlik, qohumları oğlunun bədənində ona işgəncə verilməsiylə bağlı şübhələrini artıran izlər də görüblər. Ona görə də ata oğluna işgəncə verilib-verilməməsinin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib:

«Qohumlarım morqa da getmişdilər. Biri deyir sinəsində qara iz vardı, biri deyir qırmızımtıl ləkələr vardı».

DEDİ Kİ, HƏR ŞEYİ BOYNUMA YIXIRLAR

Fəyyaz Zərbəliyevin işgəncələrlə bağlı şübhələrini artıran telefon zəngi də olub. Martın 24-ü o polis şöbəsində olan oğluyla telefonla danışıb:

«Oğlum müstəntiqin yanından müstəntiqin telefonu ilə zəng eləmişdi. Ayın 24-ü saat 16.10 dəqiqədə ölümündən qabaq, həmin gecənin gündüzü zəng vurmuşdu. Rəhmətlik dedi ki, burda hər şeyi mənim boynuma yıxırlar, bütün hadisələrdə məni günahkar eləyiblər. Mən burda təkəm, əlimdən bir şey gəlmir. Bu sözü də dedi ki, burda mənim bunlara gücüm çatmır. Hər şeyi boynuma yıxırlar. Axşam da bu hadisə oldu. Həyəcanlandım, bildim ki, burda nəsə var. Vəkil tutmaq istədim, ancaq gec oldu».

Fəyyaz Zərbəliyev deyir ki, oğlu 2 gün müvəqqəti təcridxanada saxlansa da vəkillə təmin olunmayıb.

Bakı Şəhər Prokurorluğu və Baş Polis İdarəsinin martın 29-da yaydığı birgə məlumatda isə deyilir ki, haqqında həbs-qətimkan tədbiri seçilən Ceyhun Zərbəliyev martın 24-də saat 18.00 radələrində Nəsimi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına göndərilib. Martın 25-i gecə saat 1 radələrində təcridxananın əməkdaşları onu saxlandığı kameranın pəncərəsindən asılmış vəziyyətdə tapıblar. Məlumatda deyilir ki, onun boyun nahiyəsində özünü asma nəticəsində əmələ gəlmiş şırımdan başqa bədənində başqa xəsarət aşkar edilməyib. Hadisəylə bağlı növbədə olmuş 3 polis əməkdaşı sayıqlığı itirdiklərinə görə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Bu faktla bağlı hazırda Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. İşi aparan müstəntiq Elnur Cəfərov ancaq istintaq getdiyini bildirdi. Nəsimi Rayon Prokurorluğu mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə dedi ki, hadisəylə bağlı bütün xüsusatlar araşdırılır:

BÜTÜN HALLAR ARAŞDIRILIR

Elçin Behbudov
«Bütün hallar araşdırılır. Onun özünü asmasına nə səbəb olub? İşgəncədən tutmuş, psixoloji təsirə qədər hər şey araşdırılacaq».

Ceyhun Zərbəliyevin intihar eləməsiylə bağlı hələlik heç kim saxlanmayıb.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə hadisədən sonra həmin saxlanma təcridxanasında olub. Kameraya baxış keçirib. Elçin Behbudov deyir ki, polislər adətən monitor vasitəsi ilə kameralara nəzarət edirlər. Əgər saxlanan şəxs intihar edibsə, bu monitorda görünməliydi. Onda sual çıxır ki, niyə intiharın qarşısı alınmayıb. Elçin Behbudov məsələylə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edib. Elçin Behbudov bu haqda ictimaiyyətə məlumat verdiyi üçün hədə-qorxulara məruz qaldığını da bildirdi.

MƏNƏ HƏDƏ-QORXU GƏLİBLƏR

«Məni çağırıb tapşırıblar ki, bu barədə mən heç kimə məlumat verməyim. Dünən məni dəvət edib hədə-qorxular gəliblər. Ola bilsin dediklərim kimlərisə qıcıqlandırır. Ancaq mən öz işimi görmüşəm, görəcəyəm də».

Vəkil İradə Cavadova isə deyir ki, polis idarələrinin saxlanma təcridxanalarında adətən saxlananlara hüquqları izah olunmur. O deyir ki, əgər intihar hadisəsi baş verirsə, buna görə hüquq-mühafizə orqanı məsuliyyət daşıyır:

«Şəxs intihar edibsə, bu çox böyük məsuliyyətdir. Onun qohumlarının işgəncədən şübhələnməyə haqqı var. Əgər orada monitor varsa, baş verənləri çıxarıb göstərsinlər. Əgər o zaman monitor işləməyibsə, yenə işgəncəylə bağlı şübhələrə əsas var».

Hazırda faktla bağlı istintaq davam edir.

Azərbaycanda işgəncə nəticəsində ölüm halları yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da əks olunur. Ötən il polis bölmələrinin müvəqqəti saxlanma təcridxanalarında 4 nəfərin işgəncə nəticəsində ölməsini ABŞ Dövlət Departamenti İnsan Haqlarıyla bağlı İllik Hesabatına da salmışdı.
XS
SM
MD
LG