Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 03:57

Vəkil: «Jurnalistin qanına narkotik kənar yollarla daxil edilib»


Eynulla Fətullayev, 9 aprel 2010
Eynulla Fətullayev, 9 aprel 2010
- Əvvəllər məhkum olunmusunuz?

- Üç dəfə. Bu dördüncüdür...

- Siz bu cinayətə görə hələ məhkum olunmamısınız...

- Yəqin ki, məhkum olunacam...

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev əmindir ki, onu dördüncü dəfə də məhkum edəcəklər.

Aprelin 9-da Qaradağ rayon Məhkəməsində Eynulla Fətullayevin növbəti məhkəməsinə hazırlıq iclası keçirilib. Baş redaktor bu dəfə saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində üzərindən heroin tapılmasında təqsirləndirilir.

Prosesi işıqlandırmağa gələn jurnalistlər bu dəfə də məhkəmə salonuna «tərksilah» olunmuş vəziyyətdə buraxıldılar. Audio və videoçəkiliş üçün texniki avadanlıqlar zala buraxılmadı. Prosesə hakim İsmayıl Xəlilov sədrlik edirdi.

HAKİMƏ ETİRAZ

Hazırlıq iclası başlayan kimi Eynulla Fətullayev ilk vəsatətini təqdim etdi. Bu vəsatət hakimə etirazla bağlı idi. Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırdı ki, 3 ay əvvəl saxlandığı cəzaçəkmə müəssisəsində üzərindən narkotik vasitə tapılması ilə bağlı qətimkan tədbiri seçilməsi və cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına göndərilməsinə dair qərarı məhz hakim İsmayıl Xəlilov çıxarıb. Eynulla Fətullayevin sözlərinə görə, barəsində həbs-qətimkan tədbiri seçmiş hakim məhkəmə araşdırmasına obyektiv yanaşa bilməz. İlk vəsatət baxılmamış saxlanıldı.

JURNALİSTLƏRƏ 10 DƏQİQƏ VAXT VERİLƏCƏK

İkinci vəsatət məhkəmə iclaslarının stenoqramının tam şəkildə yazılışı və jurnalistlərə proseslərdə audio-video cihazlardan istifadəyə icazə verilməsi ilə bağlı oldu. Vəsatət qismən təmin olundu. Hakim bildirdi ki, iclasların gedişində vəkillər hansısa ifadələrin stenoqramının yazılmasına zərurət olduğunu bildirərlərsə, o zaman həmin ifadənin stenoqramının yazılışı təmin ediləcək. Məhkəmə iclaslarının stenoqramlarının tam şəkildə yazılmasını isə məqbul saymadı. Jurnalistlərə gəlincə, hakim bildirdi ki, iclaslarda onların audio və videoçəkiliş aparmalarına 10 dəqiqə vaxt veriləcək.

Vəkil İsaxan Aşurov Eynulla Fətullayevin dəmir barmaqlıqlardan kənarda, öz vəkillərinin yanında oturdulmasını xahiş etdi.
İsaxan Aşurov
Bu xahiş də təmin olunmadı.

RƏYLƏRDƏKİ ZİDDİYYƏT ARAŞDIRILMALIDIR

Eynulla Fətullayevin sonrakı vəsatətləri təkrar və alternativ ekspertizanın keçirilməsi, ibtidai istintaq vaxtı iki ekspertiza keçirmiş ayrı-ayrı ekspertiza komissiyalarının üzvlərinin məhkəməyə əlavə şahid qismində dəvət olunması ilə bağlı idi. Eynulla Fətullayev məhkəməyə bildirdi ki, məhkəmə-narkoloji ekspertizasının rəyində onun narkotiklərdən istifadə etmədiyi göstərilib. Məhkəmə kimyəvi ekspertizası isə rəy verib ki, o, psixotrop və heroin qəbul edib, özü də ölümcül dozada. İki ekspertiza komissiyasının rəyi bir-birinə ziddir. Ona görə də hər iki komissiyanın üzvləri məhkəməyə dəvət olunmalı, rəylərdəki ziddiyyət araşdırılmalıdır:

«Hörmətli məhkəmə, bu mənim ümumiyyətlə, 33-cü, ya 34-cü məhkəməmdir. Yəni jurnalist fəaliyyətim ərzində həm mülkü, həm də cinayət işləri üzrə məhkəmələrimi nəzərdə tuturam. Ona görə də mən hüquqlarımı çox gözəl bilirəm».

Məhkəmə vəsatəti təmin etdi. Lakin təkrar və alternativ ekspertizanın keçirilməsi ilə bağlı vəsatət təmin olunmadı.

CAVABSIZ SUAL

Eynulla Fətullayevin «mən istintaq dövründə tələb etdim ki, alternativ ekspertiza keçirilsin. Dedilər bizdə belə ekspertiza yoxdur. Başa düşmürəm, bir tərəfdən qanun mənə alternativ ekspertiza keçirilməsini tələb etmək hüququ verir, digər tərəfdən deyirlər bizdə alternativ ekspertiza yoxdur, əgər yoxdursa bəs qanunda niyə yazılıb» - sualı cavabsız qaldı. O, məhkəmənin nəzərinə çatdırdı ki, ölkədə alternativ ekspertiza olmadığına görə, vəsatətinin gələcəkdə təmin edilməsinə də şübhə ilə yanaşır.

Lakin onun vəkillərindən biri Elçin Sadıqov deyir ki, əgər məhkəmə bu vəsatəti gələcəkdə təmin etsə, belə bir ekspertizanı keçirmək olar:

EYNULLA FƏTULLAYEVİN QANINA NARKOTİK KƏNAR YOLLARLA DAXİL EDİLİB

«Əgər məhkəmə təmin etsə, alternativ ekspertiza bizim mütəxəssisimizin iştirakı ilə keçirilə bilər. Belə bir ekspertiza keçirilsə, Eynulla Fətullayevdə narkotik aşkarlanmayacaq. Ona görə ki, ekspertiza vaxtı narkotik onun qanına mexaniki yolla daxil edilmişdi.
Elçin Sadıqov
Əvvəlki ekspertiza rəyi onu göstərir ki, Eynulla Fətullayevin qanına narkotik kənar yollarla daxil edilib. Ancaq kimyəvi ekspertizanın rəyində qeyd olunur ki, Eynulla Fətullayevin qanına daxil edilmiş narkotiklər insanı öldürə biləcək dozadan ən azı 10 dəfə artıqdır. Necə ola bilər ki, insanın qanında o qədər narkotik aşkar olunsun, insan sağ qalsın, bu mümkün deyil».

Elə Eynulla Fətullayev də prosesdə hakimə bildirdi ki, «məhkəməyə dəvət olunacaq ekspertlərdən soruşacam, necə olub ki, məni öldürə biləcək dozadan indiyə qədər sağ qalmışam».

Vəsatətlərdən biri Eynulla Fətullayevlə eyni barakda yaşayan məhkumların məhkəməyə əlavə şahid qismində gətirilməsi ilə bağlı oldu. Prokuror bu vəsatətə etirazını bildirdi. Məhkəmənin nəzərinə çatdırdı ki, dindiriləcək 18 şahid arasında cəzaçəkmə müəssisəsindəki məhkumlar da var. Lakin Eynulla Fətullayev prokurorla razılaşmadı. O, ibtidai istintaqın şahid qismində dindirdiyi məhkumlarla heç vaxt ünsiyyətdə olmadığını bildirdi:

MƏNİ ONLAR DAHA YAXŞI TANIYIRLAR

«Məni bütün günü ətrafımda olan məhkum yoldaşlarım daha yaxşı tanıyırlar. Əgər narkotikdən istifadə etmişəmsə, bunu onlar daha yaxşı bilər, nəinki heç vaxt ünsiyyətdə olmadığım dustaqlar. İstintaqın dindirdiyi dustaqlar Hacı Məmmədovun bandasında olmuş adamlardır, zorlamaya görə cəza çəkənlərdir».

Hakim vəsatəti qismən təmin etdi. Məhkəmə Eynulla Fətullayevin təqdim etdiyi siyahıda olanlardan yalnız birini – Fətullayev narkotiklə bağlı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinə aparılarkən yanında olmuş məhkum Anar Namazovu dindirəcək.

Və nəhayət, sonuncu vəsatət işin ibtidai istintaqa qaytarılması ilə bağlı oldu. Eynulla Fətullayev məhkəmənin nəzərinə çatdırdı ki, ibtidai istintaq zamanı hüquqları pozulub. Narkotiklə əlaqədar saxlandığı andan vəkil tələb etsə də, ona müdafiəni qurmağa imkan yaradılmayıb. Bu səbəbdən də o, işin təkrar istintaqa qaytarılmasını, başqa tərkibdə istintaq aparılmasını istəyir. Lakin bu vəsatət də təmin olunmadı və hakim məhkəmə baxışını aprelin 26-na təyin etdi.
XS
SM
MD
LG