Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 23:37

Belarusda hələ də Azərbaycanın yardımı müzakirə olunur


İlham Əliyev və Aleksandr Lukaşenko
İlham Əliyev və Aleksandr Lukaşenko

Ötən ilin təxminən bu vaxtları Belarusu Rusiya ilə qaz mübahisəsindən çıxaran ölkə məhz Azərbaycan olmuşdu. Qaz borcunu ödəyə bilmədiyi üçün «Qazprom» Minski qazını kəsəcəyi ilə hədələyirdi. Bir il əvvəl bircə zəng – Belarus prezidenti Aleksandr Lukaşenkonun azərbaycanlı həmkarına zəngi bir sutkadan da tez müddətdə bu ölkəyə 200 milyon dollar borc verməsi ilə nəticələnmişdi və mübahisə həll olunmuşdu.

Belarusdakı «Azərbaycan İcmaları Konqresi»nin sədr müavini Mirəli Mirəliyev dar ayaqda Azərbaycanın Belarusa əl tutmasının bu günədək xatırlandığını deyir:

«Bir dəfə də qaz problemi olmuşdu, o zaman hörmətli prezidentimiz İlham Əliyevin köməyi ilə yardım oldu. Burada nəinki mətbuatda, hətta küçələrdə də bu sözlər indiyə qədər müzakirə olunur. Və bizə bunu nəzərə alaraq böyük hörmətlə yanaşırlar. Adi vətəndaşlara, insanlara çox böyük müsbət əks-sədası oldu, hələ də davam edir».

NÖVBƏTİ BORC?

Qaz mübahisəsindən bir il sonra Belarus yenidən Rusiya ilə böhran yaşadı, bu dəfə elektrik borcunu ödəyə bilmədiyinə görə. Hərçənd artıq borc məsələsi həll olunsa da Belarusun baş naziri Mixail Myasnikoviçin Azərbaycana səfəri ilə bağlı mətbuatda müxtəlif fikirlər səslənməkdədir. Xarici mətbuat da bu səfərin Azərbaycandan növbəti dəfə kredit alınmasına hesablandığını yazsa da, bir neçə gün əvvəl jurnalistlərin suallarını cavablandıran Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iddiaları təkzib edib.

İyulun 7-də Minskdən birbaşa Gəncəyə uçan Myasnikoviçin Bakıda danışıqları sabaha planlaşdırılıb. Danışıqlarda «Azərbaycan investisiyalarının Belarusa cəlb edilməsi perspektivləri, neft-kimya, istehsal kooperasiyası, arxitektura və tikinti, təhsil sahəsində və elmi-texniki sahədə əməkdaşlığın genişləndirilməsi də daxil olmaqla ikitərəfli əlaqələrin aktual məsələlərinin geniş müzakirə ediləcəyi gözlənilir», - deyə Belarus hökuməti məlumat yayıb.

Səfərin yekununda isə bir sıra ikitərəfli sazişlərin imzalanması nəzərdə tutulur.

Elxan Şahinoğlu
Təxminən bir il əvvəl Belarusu üzləşdiyi maliyyə çətinliyindən çıxaran Azərbaycan Belarusla bu dəfə nəyi razılaşdıra bilər?

«AZƏRBAYCAN RƏHBƏRLİYİ EHTİYATLI DAVRANMALIDIR»

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, həm Qərb, həm də Şərqdən basqı altında olan Belarus iqtisadi vəziyyətini düzəltmək üçün üçüncü ölkələrlə təmas qurmağa çalışır. Ancaq politoloq hesab edir ki, Azərbaycanın Lukaşenko rejimi ilə əlaqələri genişləndirməsi Qərb kimi Rusiya ilə də münasibətləri gərginləşdirə bilər:

«Azərbaycan rəhbərliyi ehtiyatlı davranmalıdır. Çünki indiki vəziyyətdə Belarusa maliyyə yardımı etmək həm Qərblə, eləcədə də Rusiya ilə münasibətlərin gərginləşməsi deməkdir. Düşünürəm ki, Belarus baş nazirinin Azərbaycana səfəri bu yardımla bağlıdır. Ola bilsin kreditlər istəyə bilərlər, müəyyən enerji resurslarına ehtiyac var, bu istiqamətdə də danışıqlar apara bilər. Əgər dünya qiymətləri ilə Azərbaycanın enerjisini almağa hazırdırsa, bu əməkdaşlıq mümkündür, ancaq bilirik ki, Belarusun maliyyə vəziyyəti çox ağırdır, əlavə maliyyə ehtiyatları yoxdur. Demək ki, Azərbaycandan ya kredit, ya da çox aşağı qiymətə mazut, neft istəyə bilərlər»
Ekspert bu cür yardımın Azərbaycanın mənafeyinə zidd olduğunu deyir.

AVTORİTAR DÖVLƏTLƏRİN ÇABALAMASI

Müsavat başqanı İsa Qəmbərin fikrincə, iki ölkə arasında münasibətlər ancaq siyasi və iqtisadi azadlıqlar istiqamətində ciddi dəyişikliklərdən sonra inkişaf edə bilər:

«İqtisadiyyatın idarəçiliyində avtoritar üsulların davamı və s.- bununla proses çox uzağa gedə bilməz. İndiki mərhələdə isə bu, siyasətləri ilə özlərini dünyadan getdikcə daha çox təcrid edən iki ölkənin çabalamalarına bənzəyir. Hesab etmirəm ki, bu çox böyük uğur gətirəcək».

Nazim Məmmədov
Hakim Yeni Azərbaycan partiyasının üzvü, iqtisadçı Nazim Məmmədov isə fərqli fikirdədir. O hesab edir ki, bir ölkənin dövlət başçısı və ölkə ilə əməkdaşlıq başqa-başqa məsələlərdir. Onun fikrincə, Belarusla iqtisadi münasibətlər sırf bazar münasibətləri əsasında qurulmalıdır:

«Hər bir ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirməyin yeri var. Belarusla hərbi-müdafiə və digər sahələrdə iqtisadi əməkdaşlıq etmək üçün iqtisadi maraqlarımız var. O cümlədən Belarusla. Əgər hər hansı ölkənin rəhbəri ilə xarici münasibətlər gərgindirsə, həmin ölkə ilə münasibətlərə son qoya bilmərik. Biz ölkələrdən danışırıq».

N. Məmmədov Belarusa aşağı faizli kreditlərin verilməsi, enerji daşıyıcılarının güzəştli qiymətlərlə satılması ehtimalını da bölüşmür. Azərbaycanın daxilində kredit resursları bahalı olduğu halda hər hansı xarici ölkəyə uzun müddətli kredit verəcəyini güman etmir.

Belarusun baş naziri Mixail Myasnikoviçin Gəncədən başlanan səfəri isə iyulun 8-də Bakıda başa çatacaq.

HƏMÇİNİN OXU:

Azərbaycanda «Belarus» markalı traktorlar yığılacaq
«Azərbaycan Belarus və Qazaxıstanın yolu ilə gedir»
Azərbaycan - Qafqazda Belarus?
XS
SM
MD
LG