Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:05

De Waal: “Sazişin qabağını Azərbaycan aldı”


Thomas de Waal
Thomas de Waal

Amerikanın Beynəlxalq Sülh üzrə Karnegie Fondunun təhlilçisi Tomas De Waal:

Dağlıq Qarabağ üzrə sülh prosesi qeyri-adi çətin dövrünə daxil olub.

Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin 24 iyun görüşü qabağı böyük ümidlər var idi ki, nəhayət, Baza Prinsipləri üzrə sənəd, çərçivə sazişi imzalanacaq.

Ancaq heç nə baş vermədi.

Kazanda nə oldu və indi nə baş verir?

Bir çox mənbələr, o cümlədən Bakıdakı bir mənbə təsdiqləyir ki, Kazanda sazişin qabağını alan Azərbaycan olub.

Sazişin layihəsi üzərində intensiv işləyən Rusiyanın xarici işlər naziri Lavrov görüşdən sonra, bir şahidin dediyinə görə, darmadağın olmuşdu.

ABŞ prezidenti Barak Obamanın görüş ərəfəsi Azərbaycan və Ermənistan prezidentlərinə zəng etməsi Amerika rəsmilərini də görüşdən qabaq ruhlandırmışdı.

Ancaq belə görünür ki, Azərbaycan prezidenti danışıqlara layihəyə 9 ya 10 düzəlişlə gəlmişdi.
Erməni tərəfi buna etiraz etdi.
Görüş 4 saat çəksə də, danışqlar başlananda artıq bitmişdi.

Erməni tərəfi bildirdi ki, Kazanda müzakirə olunmalı son layihəni qəbul edir.
Bu, 2009-cu ilin sonunda-2010-cu ilin əvvəllindəki vəziyyətdən dönüş idi. O vaxt Bakı deyirdi ki, Afinada razılaşdırılmış layihəni qəbul edir, qəbul etməyən Yerevandır.


AZƏRBAYCANIN İRADLARI


Azərbaycanın iradlarını 3 yerə bölmək olar.

Birincisi, Lavrovun hazırladığı son layihədə Bakının spesifik narahatlıqları var. Onlardan əsası, Bakının dediyinə görə, “dəhliz olmayan Laçının” statusunun layihədə aydın yazılmamasıdır.

Burda məsələ Baza Prinsiplərinin ikisi arasında əlaqədədir. Prinsiplərdən biri 7 rayonun qaytarılmasına aiddir. Deyilir ki, 7 rayondan 5-i dərhal qaytarılmalıdır. 2-si isə - Kəlbəcər və Laçın 5 il sonra qaytarılmalıdır. Eyni vaxtda deyilir ki, Laçın Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhliz olmalıdır.

Bakının iradı odur ki, Kazandakı layihədə Laçın dəhlizinin bitməsinə vaxt qoyulmur.
Ona görə “qeyri-dəhliz Laçının” statusu dumanlıdır və Laçının 39 kəndinin sakinlərinə geri qayıtmağı vəd etmir.

Buna görə, layihədə əslində 7 yox, 6 rayonun qaytarılmasından söhbət gedir.

Başqa maddə Dağlıq Qarabağa müvəqqəti statusun verilməsidir- o, bununla beynəlxalq təşkilatlara qoşula bilər. Azərbaycanın buna iradı daha az oldu.

Azərbaycanın Laçın məsələsində iradı legitimdir. Ancaq İlham Əliyev bu məsələni niyə məhz Kazan görüşündən əvvəl yox, görüşdə qaldırdı?
Bununla da görüşü heçə endirdi?

Bu bizi Azərbaycanın ikinci qəbil iradlarına aparır. Belə görünür, Bakı rəhbərliyi Rusiyanın dediyi ilə razılaşmaqda, daha doğrusu, razılaşan kimi görsənməkdə özünü yaxşı hiss etmir.

Azərbaycan Rusiya prezidenti Dmitri Medvedevə hörmətlə yanaşır və onun təşəbbüsünü yüksək qiymətləndirir.

Medvedev Minsk qrupunun digər həmsədrləri ilə - ABŞ və Fransa ilə detallı məsləhətləşmələr aparıb.
Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin hər görüşündən sonra hər iki ölkənin xarici işlər nazirlərinə ətraflı məlumat verilib.

Bununla belə, Azərbaycanlılar indiyə kimi Rusiyaya Ermənistanın əsas trəfdaşı kimi baxırlar və Lavronun roluna şübhə ilə yanaşırlar, Lavrovun erməni mənşəyinə etibar etmirlər.

Medvedev bunu heç vaxt dilinə gətirməsə də, Azərbaycan qorxur ki, Rusiyanın məxfi planı ola bilər. Rusiya Dağlıq Qarabağa öz sülhümühafizə qüvvələrini yeridə bilər və sülh prosesini öz istədiyi kimi apara bilər.

Dağlıq Qarabağ sülh prosesində illərlə bir yazılmamış razılıq var ki, qonşular və Minsk qrupu həmsədrləri burda sülhümahifəzyə cəlb olunmamalıdırlar.
Ancaq bu, heç vaxt rəsmi yazılmayıb.

Bakı rəhbərliyi başa düşür ki, Medvedevin Kremldəki hakimiyyəti çox sürə bilməz və buna görə əlavə təminat istəyir ki, Medvedevin sülh planı həyata keçirilə biləndir.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kuril adları mübahisəsində Rusiya-Yaponiya nümunəsini misal gətirir ki, razılaşma 1950-ci illərdə olub. Ancaq tam sülh müqaviləsi heç vaxt imzalanmayıb.

Bütün bunlara görə, Bakının Kazandakı taktikası, belə görünür, Vaşinqtona və Parisə ( bir az da genişləndirsək, Avropa birliyinə) çatdırmaq olub ki, gələn layihənin hazırlanmasına onlar da qoşulsunlar.
Qeyri-formal olaraq söz verilsin ki, sülhümühafizə Avropa Birliyindən gələcək.

Azərbaycanın istədiyi təkcə beynəlxalq aləmin cəlb olunmasıdırsa, onda onlar tərəfdən “Medvedev anından” istifadə edilməsinə tələsilməlidir. Hələ ona toxunmuruq ki, erməni tərəfdə müsbət yanaşma əhvalı var, bu da daimi ola bilməz.

Yaxın bir neçə ayda Ermənistanda və Minsk qrupunun həmsədrləri olan hər üç ölkədə seçkilərdir.

Rusiyada prezident seçkilərində çox güman ki, Putin prezidentliyi özünə qaytaracaq.
Əliyevlə Medvedevin münasibətləri daha yaxşıdır, nəinki Əliyevlə Putinin. Putin heç vaxt Dağlıq Qarabağ problemini həll etməyə maraq göstərməyib.
Belə görünür, onun fikrincə, Dağlıq Qarabağ problemini həll etmək göstərilən səsylərə dəyməz və indiki status-kvo Rusiyaya xeyirdir.

Vaşinqtona gəlincə, narahatlıq var ki, Amerika rəhbərliyi bu problemə marağını itirə və keçən bu ildəkindən daha az səy göstərə.

Bunlar bizi Azərbaycanın Kazandakı 3-cü qəbil iradlarına aparır. Azərbaycan fikirləşir ki, zaman onun xeyrinə işləyir və tələsməyə dəyməz.

Bakıya sonuncu səfərdə belə təəsürat oyandı ki, Bakıda müharibə söz-söhbəti daha azdır. Kazan görüşündən iki gün sonra Bakıda keçirilən hərbi paradda İlham Əliyev sərt ton nümayiş etdirmədi. Bunu iki cür yozmaq olar.

Azərbaycan rəsmiləri deyirlər ki, Qafqazda silahlanma yarışı Ermənistanı müflis edir və bir neçə ildən sonra Ermənistan tərəfi qat-qat zəif olacaq və kompromissə daha meyilli olacaq.

Azərbaycan prezidenti İlham Əliyev iyulun 13-də nazirlər kabinetinin yığıncağında dedi ki, “Azərbaycanın maliyyə və siyasi çəkisi artır. Regional mövqeyi güclənir, ordusu daha güclü olur. Demoqrafik göstəriciləri artır. Azərbaycanın əhalisi çoxalır, Ermənistanın əhalisi azalır. 5 ildən -10 ildən sonra Azərbaycanda əhali 11 milyon olacaq, Ermənistanda 1 milyon. Hər bir adam başa düşür ki, bu nə deməkdir? Bu yolla Azərbaycan məsələni öz xeyrinə həll edəcək”.

Ancaq Ermənistan tərəfi də deyə bilər ki, onlar 20 il əvvəlidən qat-qat güclüdürlər. Ermənistan adambaşına düşən daxili məhsula görə Gürcüstan kimidir, yəni kasıb deyil. Üstəlik xaricdə güclü diasporaları var.
Dağlıq Qarabağ faktiki öz-özünü saxlayır.
Burda 30 yaşdan cavan olanların çoxusu azərbaycanlıları heç vaxt görməyiblər.

Buna görə, Azərbaycan höküməti neftdən, qazdan gələn nəhəng gəlirləri sülhün bərqərar olmasına sərf etsə daha yaxşıdır, nəinki daha yaxşı müqavilə üçün oturub illərlə gözləmək.

PROQNOZLAR

Əgər Azərbaycanı doğrudan da spesifik məsələlər narahat edirsə, bunlar bir neçə ay ərzində yəqin ki, yerbəyer ediləcək.

“Dəhliz olmayan” Laçına status müəyyən olunacaq, “qonşularsız və həmsədrlərsiz” sülhü mühafizə qüvvələri haqda maddə olacaq.

Tam sülh sazişinə doğru daha çox işləmək lazım gələcək. Tərəflər ola bilsin ki, bir-birinə doğru addımlar atmağa başlasın.

Ola bilər, erməni qüvvələri işğal etdikləri ərazilərin bir hissəsindən çıxsınlar, əvəzində Bakı Dağlıq Qarabağın müvəqqəti statusuna razı olsun.
Məsələn, xaricilər Dağlıq Qarabağ gələ bilərlər və ya BMT-nin burda nümayəndəliyi açıla bilər.

Bunlar Vaşinqtona və Parisə imkan verə bilər ki, Moskvanın körpü salma cəhdlərinə daha yaxından kömək etsinlər.
“Medvedev anı” hələ var.

Yox, əgər problem daha dərindədirsə və ya başqa səbəblərdən Azərbaycan daha çox vaxt istəyirsə və ya vaxtı uzadırsa, onda başqa yanaşma lazım gələcək.
Onda həmsədrlər geri çəkilə də bilərlər. Onlar deyə bilərlər ki, atəşkəsi monitor edəcəklər, sülhə təminatçı ola bilərlər, ancaq vasitəçilik imkanları artıq tükənib.


Təhlildəki mülahizələr De Waalın şəxsi fikirləridir.
XS
SM
MD
LG