Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Moskva bazarlarında çalışan azərbaycanlılar iş yerlərini itirirlər


Foto: Arxiv
Foto: Arxiv
-
Buna səbəb Rusiyanın paytaxtında bazarların bağlanması prosesinin sürətləndirilməsidir. Tezliklə daha bir neçə bazarın fəaliyyətinə son qoyulacağı haqda xəbərlər burada çalışan azərbaycanlıları təşvişə salıb. Narahatlıqlar bu günə kimi bağlanan bazarlarda çalışanlardan heç kəsə digər yerlərdə iş təklif edilməməsi ilə bağlıdır.

«Bizim Moskva şəhərində çalışdığımız bazar «Tuşinski» idi. Bu bazar bağlanandan sonra burdakı azərbaycanlılara bir tikə çörəkpulu üçün yer yoxdur. Moskvanın meri Sobyanin deyib ki, 2013-cü ilə qədər burdakı bütün bazarlar bağlanmalıdır. Bizim azərbaycanlılar da hamısı bu bazarla dolanır, bir tikə çörək qazanırıq, göndəririk Azərbaycana».

10 ildir Moskva şəhərində bazarda alver edən İbrahim Əliyev iki aydır ki, işsiz qalıb. Moskvada gündəlik qazanc yerindən məhrum olan azərbaycanlıların sayı artıq minlərlədir və bu sayın getdikcə artacağı gözlənir.

Rusiya paytaxtının meri Sergey Sobyanin Moskvada bazarları bağlamaq üçün 2013-cü il 1 iyun tarixinə kimi möhlət verib. Bu barədə S.Sobyanin ötən şənbə şəhərsalma üzrə keçirilən iclasda bildirib:

«Mən bütün bazarların bağlanması üçün 2013-cü ilin 1 iyun tarixinə kimi vaxt verirəm. Pərakəndə ticarət üzrə yeni sxemlər hazırlanmalı, müvafiq müsabiqələr keçirilməlidir. İri bazarlara gəlincə isə, onlar yaxın aylarda bizə öz ərazilərinin yenidən qurulmasına dair plan təqdim etməlidirlər».

Moskvada bazarların bağlanması məsələsi çoxdan gündəmdədir. Artıq son bir neçə ildə onların sayı 200-dən 53-ə endirilib.

Foto: Arxiv
Foto: Arxiv
Moskvanın istehlak bazarı və xidməti üzrə departamenti tərəfindən hazırlanan plana əsasən, 2015-ci ilə kimi bazarların sayı iki dəfə azaldılacaq və şəhərdə cəmi 26 bazar qalacaq.

AZƏRBAYCAN HÖKUMƏTİNİN VECİNƏ DEYİL

Moskva sakini Tünzalə Vəliqızı deyir ki, baş verənlər burada çalışan əksər azərbaycanlıları təşvişə salıb:

«Bazar haqqında mətbuatda bir çıxış olanda, bir qərar veriləndə, burdakı azərbaycanlılar çox əndişələnirlər, narahat olurlar. Çünki onların bazardan çıxmağı real iş yerlərini itirməkləri deməkdir. Azərbaycanlıların əksəriyyəti bu gün bazarda çalışır. 2013-cü ilə qədər Moskvanın standartlarına cavab verməyən, xüsusən açıq bazarların hamısının bağlanacağını deyirlər. Məsələn, ilin sonuna kimi Reutov, Mıtişin, Pokrovski meyvə-tərəvəz bazası bağlanacaq. Bazar bağlansa, düşünürəm ki, bu, azərbaycanlılar üçün sosial fəlakətə gətirər çıxardar».

Sahib İslamovun isə işlədiyi Karenfor bazarı yay aylarından bəri fəaliyyətini dayandırıb. Lakin o, bu günə kimi burda çalışanlara başqa yerlərin təklif olunmadığını deyir:

«Heç bir alternativ göstərmirlər, heç bir seçim yoxdur. Ümumiyyətlə, başqa bir söhbət etmək də mümkün deyil, müzakirə belə etmək istəmirlər.
Foto: Arxiv
Foto: Arxiv
Çünki ölkənin sahibi onlardır, biz hamımız gəlməyik burda, xarici vətəndaşıq».

Sahib Kərimov deyir ki, hər zamankı kimi, Azərbaycan rəsmiləri həmyerlilərinin qayğılarına biganə münasibət göstərir:

«Rusiyada yalandan bu qədər diaspor təşkilatları, səfirliyi var. Amma rəsmi və ya qeyri-rəsmi olaraq Azərbaycan tərəfindən hər hansısa bir kömək göstərilmir. Bu, tək bizimlə olan hal deyil. Qeyri-rəsm məlumatlara görə, burda Azərbaycanın 3 milyondan çox vətəndaşı fəaliyyət göstərir. Azərbaycan tərəfi hansı birinin hüququ ilə bağlı addım atıb ki? Öz vətəndaşının qeydinə qalmış olsaydı, 9 milyonluq əhalinin az qala 90 faiz işlək əhalisi, 3 milyonu burda olmazdı. Yalandan bütün günü Azərbaycanın radio-televiziyalarında analoqu olmayan inkişafdan danışırlar, bunların hamısı utopiyadır».

Son aylar bir neçə bazarın bağlanmasına rəğmən, burada çalışan azərbaycanlıların əksəriyyəti yeni iş yeri tapmağa çalışırlar.

AZƏRBAYCANA QAYITMAQ İSTƏYƏN AZDIR

Foto: Arxiv
Foto: Arxiv
Moskvada işləyən Teymur Hüseynov deyir ki, bazarların getdikcə sayının azalması həmyerlilərinin vəziyyətini daha da çətinləşdirməkdədir. Bununla belə, Azərbaycana qayıtmaq haqda düşünənlər azdır:

«Əlində pulu olan, kapitalı olan adam Azərbaycana qayıtmır. Elə hamı istəyir ki, buralarda bir iş görsün. Azərbaycanda durumun yaxşı olmadığı hamıya məlumdur. Orda bürokratiya, məmur özbaşınalığı var, buna görə də, heç kim ora geri qayıtmaq istəmir. Baxmayaraq ki, burda hava, iqlim şəraiti soyuqdur, ancaq işıq, qaz isti su var. Bunlar da vacib şərtdir. Məsələn, mən bu gün Sabirabada getmək istəmirəm, çünki bizim kənddə, ümumiyyətlə, rayonda qaz yoxdur».

Moskva bazarlarının bağlanması davam etdikcə, işini itirən azərbaycanlıların bir qisminin öz ölkəsinə dönməsi qaçılmaz ola bilər.

Artıq iki aydır işsiz qalan İbrahim Əliyev də Azərbaycana qayıtmağa tərəddüd edir və ümidlə yeni iş imkanının yaranacağını gözləyir:

«Əksəriyyət bazarlarda işləyənlərin, iş sahiblərinin hamısı azərbaycanlılardır. İş tapmasalar, camaatın çoxunun ölkəyə qayıtmaq fikri var. Onlardan biri də mənəm. Azərbaycanda iş olsa, nə iş təklif eləsələr, gedib işləməyə hazıram. Əsas odur ki, gedib orda ac qalmayım, balamıza çörək verməyə bir tikə çörəyim olsun».

Azərbaycanlı miqrant Sahib Kərimov deyir ki, Rusiyada işləyən azərbaycanlıların əksəriyyəti biri-birinə yardım etməklə çətin durumdan çıxmağa çalışır. Hələlik onlara iş yeri, çörəkpulu verən də öz həmyerliləridir. Lakin onların sırasında hələ ki, öz ölkəsindən rəsmi bir şəxs, qurum yoxdur.
XS
SM
MD
LG