Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:51

Əvəz Zeynallı: «Məndə Gülərlə bağlı heç bir məlumat olmayıb»


Əvəz Zeynallı
Əvəz Zeynallı
-
Əvəz Zeynallı:

- Bu adam mənə mesajlar yazırdı ki, «istəyirsinizsə, qızıl gətirim, qalsın sizdə, ya da maşınımı girov qoyum. Məni sındırmayın, bu, sizin xeyrinizədir, düşmənçilikdən nə çıxar axı». Mən isə dərhal işçilərimə zəng edirdim, tapşırırdım ki, «biz əməliyyatdayıq, Gülərə heç kim cavab verməsin».

Prokuror:

- Siz bu mesajlara cavab vermisiniz, ya yox?

Əvəz Zeynallı:

- Yox.

Noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəməsi prokuror Ramazan Hadıyevin sualları ilə davam etdi. Suallar deputat Gülər Əhmədovadan hədə-qorxu yolu ilə pul tələbetmə epizodu üzrə idi. Prokuror Gülər Əhmədova ilə Əvəz Zeynallı arasındakı SMS-ləri oxuduqca, Əvəz Zeynallı münasibət bildirirdi.

ONU REDAKSİYAYA DƏVƏT ETMİŞDİMSƏ...

Ə.Zeynallı bildirdi ki, «Mərkəz» qəzetinin keçmiş redaktoru Nigar Almanqızının müsahibəsi ilə əlaqədar anonsdan sonra G.Əhmədova ona yazdığı mesajlarda pul təklif edib və təcili görüşmək istədiyini bildirib.

Prokuror:

- Mən burda ondan Sizin telefona gələn, sizdən isə onun telefonuna gedən mesajları oxuyuram. Sizdən ona mesaj gedib ki, «sabah görüşərik». Niyə görüşəcəkdiniz?

Əvəz Zeynallı:

- Məndən ona cavab getməyib. Mən ona «sabah görüşərik» yazsaydım, gələrdi, görüşərdik. Onu redaksiyaya dəvət etmişdimsə, niyə sabahı gün dəvət olunduğu saatda bir də yazır ki, «qurban olum, gəlim, görüşək»? Çünki yazmamışam ona belə bir söz. Burda ifadə verən gündən deyirəm – məni ilk dindirən müstəntiq açıq şəkildə dedi ki, biz istənilən telefona mesaj da, o mesaja cavab da yazıb göndərə bilərik.

MÜSAHİBƏ KİMİN XAHİŞİ İLƏ DƏRC OLUNUB

Ə.Zeynallı bildirdi ki, G.Əhmədovanın yazdığı SMS və telefon zənglərinə görə yox, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlunun xahişinə görə Nigar Almanqızının müsahibəsini dərc etməyib:

- Nəhayət, Rauf Arifoğlu mənə zəng elədi. Onun xətrinə mən müsahibəni vermədim. Gülər mənə yenə mesaj yazdı ki, «məni başa düşdüyünüzə görə sağ olun, görəcəksiniz, mən bunun əvəzini necə ödəyəcəm».

Əvəz Zeynallı
Əvəz Zeynallı
Ə.Zeynallı (üzünü zala tutaraq həbsinə işarə ilə): «Gördük hamısını, necə ödədi».

Ə.Zeynallı bildirdi ki, G.Əhmədova ilə bağlı onda heç bir ifşaedici məlumat olmayıb:

– Məndə Gülər haqqında heç bir məlumat yox idi. Hələ də başa düşə bilmirəm ki, bu xanım özünü niyə «lezvalayırdı».

GİZLİ SƏS YAZISI DİNLƏNƏCƏK


G.Əhmədova epizodu ilə bağlı suallar bitdikdən sonra hakim 1 saatlıq fasilə elan etdi. Ancaq fasilədən sonra məlum oldu ki, dövlət ittihamçısı başqa məhkəmə prosesində iştirak etdiyinə görə məhkəmə iclası dekabrın 5-dək təxirə salınır. Növbəti məhkəmə iclasında G.Əhmədova ilə Ə.Zeynallı arasındakı gizli səs yazısı dinləniləcək.

Ə.Zeynallının «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu barədə dediklərinə adıçəkilən şəxsin mövqeyini almaq hələlik mümkün olmayıb.

Ə.Zeynallı ötən il oktyabrın 28-də həbs olunub. Baş redaktor barəsində Cinayət Məcəlləsinin rüşvətalma maddələri ilə cinayət işi başlanıb. İttiham aktında jurnalistin deputat G.Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Baş redaktor ittihamları qəbul etmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Bu ittihamlar sübut olunsa, Ə.Zeynallı əmlakı müsadirə olunmaqla 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum edilə bilər.

Keçmiş millət vəkili G.Əhmədovanın özü də hazırda istintaq altındadır. Keçmiş universitet rektoru Elşad Abdullayevdən deputat seçilməsi müqabilində 1 milyon dollar istədiyi deyilən video yayılandan sonra G.Əhmədova deputat mandatından imtina edib.
XS
SM
MD
LG