Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:08

Vaşinqton konfransı: «Azərbaycan etibarlı tərəfdaş deyil!»


Xeyr, Azərbaycan etibarlı tərəfdaş deyil», - çıxışçılar qeyd ediblər.
Xeyr, Azərbaycan etibarlı tərəfdaş deyil», - çıxışçılar qeyd ediblər.
-
Noyabrın 7-də Vaşinqtonda AZAD-ın (Amerika Azərbaycanlıları Demokratiya Uğrunda) təşkilatçılığı ilə keçirilən konfransda Qərb ölkələri, xüsusilə ABŞ İlham Əliyev hakimiyyətinə etibar etməməyə, bu ölkədə insan haqları pozuntularına qarşı sərt tədbirlər görməyə çağırılıb.

«Qərbin «sevimli yanacaq doldurması»nda vəziyyət sabitdirmi?» adlı tədbirin əsas məruzəçiləri Vaşinqtonda yerləşən Şərqi Avropada Demokratiya İnstitutunun prezidenti Irena Lasota, Amerika-Britaniya insan haqları fəalı Rebecca Vincent və Bakıdakı İnsan Haqları Evinin rəhbəri, «Art for democracy» layihəsinin koordinatoru Rəsul Cəfərov olub.

Müzakirələrdə bu suallara cavab axtarılıb: Azərbaycan enerji və təhlükəsizlik məsələsində Qərbin stabil tərəfdaşı olaraq qalacaqmı? Ən ciddi daxili və xarici təhlükələr nədir?

«Xeyr, Azərbaycan etibarlı tərəfdaş deyil», - çıxışçılar qeyd ediblər.

Rebecca Vincent fikrini belə izah edib ki, insan haqlarını kobud pozmaqla, yerli və beynəlxalq öhdəliklərini tapdalayan, bu azmış kimi, neft pulları hesabına özü haqqında müsbət imic formalaşdırmağa çalışan Azərbaycan «həqiqətdə demokratiyadan çox uzaq düşüb».

«Təkcə ifadə azadlığı sahəsində vəziyyət illərdir ki, geriləməkdədir. 2005-ci ildə «Monitor» jurnalının redaktoru Elmar Hüseynovun öldürülməsindən bu yana media əhlinə qarşı 200 zorakı hücum qeydə alınıb. Onların əksəriyyəti, ümumiyyətlə, istintaq edilməyib. Ölkədə 140 siyasi məhbusdan 9-u jurnalist, biri bloqqerdir», - o deyib.

«AVROPA SİYASƏTÇİLƏRİ YA «KÜRÜ DİPLOMATİYASI» İLƏ SUSDURULUR, YA DA…»

Təhlilçinin fikrincə, hakimiyyətin teleradio məkanını tamamilə nəzarətdə saxlaması insanları alternativ xəbərdən uzaq salıb. Yeganə ümid internetədir, ancaq burada da vəziyyəti pisləşir. Belə ki, rəsmilər onlayn tənqidçilərinə qarşı sərt cəzalar tətbiq etməklə göz qorxutmağa çalışırlar.

Vincent-ə görə, bu vəziyyət Bakının beynəlxalq təşkilatları ələ almaq siyasəti fonunda daha dramatik görünür. Belə ki, Azərbaycanda insan haqlarını dərindən araşdırmağa çalışan Avropa siyasətçiləri ya «kürü diplomatiyası» ilə susdurulur, ya da ölkəyə buraxılmır. Məsələn, siyasi məhbuslar üzrə Avropa Şurasının məruzəçisi kimi.

«Düzdür, ölkənin Avropa Birliyi ilə münasibətləri bu il müəyyən qədər güclənib, amma yenə insan haqları bahasına», - təhlilçi belə deyir.

Vincent yada salıb ki, prezident Əliyev mart ayında Brüsseldə olarkən, onunla insan haqları əsas prioritet kimi müzakirə edilməyib. Əksinə, birlik rəhbərliyi ilə birgə mətbuat konfransında Əliyev özünü o qədər arxayın hiss edib ki, ölkəsində heç bir siyasi məhbus olmadığını bəyan etməkdən, media və internet azadlığından gen bol danışmaqdan çəkinməyib.

AB-dən fərqli olaraq, ATƏT ilə də münasibətlərdə müəyyən gərginlik yaşanır. Azərbaycan rəhbərliyinin təkidi ilə təşkilat Bakıdakı ofisinin rəhbəri statusunu koordinator səviyyəsinə endirib. Üstəlik, bu, əvvəlcə ideyanın əleyhinə çıxan Qərb müttəfiqlərinin razılığı fonunda baş tutub.

Vincent-ə görə, daxildə və xaricdə cəzasızlıq mühiti Azərbaycan rəsmilərinin öhdəliklərinə əməl etməməsini şərtləndirir. Bunun qarşısını almaq üçün mütləq siyasi təzyiqə ehtiyac yaranıb:

«İlk növbədə, ölkənin daşıdığı bütün öhdəliklər onlara tez-tez xatırlanmalıdır. Qanunları tapdalayan məmurlar, bu işlərin başında duran nazirlər Avropa və ABŞ şəhərlərində dincəlib sevimli işləri olan bazarlıq etməkdən məhrum olunmalıdırlar».

«İLK BAXIŞDAN NORMAL GÖRÜNƏN NÜMAYİŞLƏR...»

Azərbaycanda insan haqları pozuntularının sistematik xarakter aldığını deyən digər çıxışçı Rəsul Cəfərova görə, bu o anlama gəlir ki, Bakı nəinki daxili səslərə, hətta beynəlxalq tənqidə məhəl qoymur və bunda heç maraqlı da deyil.

Əslində isə, onun fikrincə, hökumətin siyasəti iki məqsədə yönəlib: Cəmiyyətdə qorxu və özünüsenzura atmosferi yaratmaq.

Qanunlara baxmayaraq, ölkədə faktiki olaraq, toplaşma azadlığının olmadığın deyən Cəfərov diqqəti ilk baxışdan normal görünən nümayişlərə yönəldib:​

«Kənardan baxanda belə təsəvvür yaranır ki, hakimiyyət bu nümayişlər üçün lazımi şərait yaradıb və insanların təhlükəsizliyini təmin edir. Əslində isə, son 8 ildə nə Bakıda, nə də rayonlarda yerli hakimiyyətlər konkret yerlərdə aksiyalar keçirməyə icazə verməyiblər. Bütün icazəli aksiyalar şəhər mərkəzindən 10 kilometrlərlə kənarda, ictimai nəqliyyatın çata bilmədiyi yerlərdə təyin olunub».

Ölkədə vətəndaş cəmiyyəti və hüquq müdafiəçilərinin fəaliyyəti də, Cəfərovun fikrincə, son illərdə məhdudlaşıb. Hazırda 100-dən artıq qeydiyyatsız QHT hakimiyyətin təzyiq altında fəaliyyət göndərməyə məcburdur.

«Bütün bunlara baxmayaraq, insanlar dəyişikliyə ümidlə baxır və son seçki buna əyani sübut olub», - Cəfərov belə deyib.

O, vətəndaş cəmiyyətinə dəstəyin mühümlüyünü vurğulayıb. Bu fəaliyyət təkcə paytaxtda yox, rayonlarda da davam etməlidir.

«Hərçənd, bölgələrdə fəaliyyət daha qorxuludur. Ora təşrif aparan hüquq müdafiəçiləri və siyasətçilər birbaşa təzyiq hədəfinə çevrilir, adətən həbs olunur. Məsələn, İlqar Məmmədov kimi», - Rəsul Cəfərov əlavə edib.

AZAD təşkilatının sədri Elmar Şahtaxtinski və sədr müavini Qorxmaz Əsgərov çıxışlarında diqqəti ABŞ və Avropanın Azərbaycandakı seçkilərə münasibətinə, İlham Əliyevə göndərilən «gecikmiş təbrik məktublarına» yönəldiblər.

Onların fikrincə, bütün hallarda, Azərbaycanın gələcəyi azərbaycanlıların özlərindən asılıdır. Xaricdən edilən diplomatik jestlər isə ölkədə demokratiya ilə bağlı vəziyyətin pisləşməsinə dəlalət edir.
XS
SM
MD
LG