Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:06

Tanınmış yazıçılar Putinlə görüşdən imtina etdilər


Rusiya -- yazıçı Boris Akunin "Mixail Xodorkovski: Məqalələr, dialoqlar, müsahibələr" kitabını təqdim edir, Moskva, 20 yanvar, 2011
Rusiya -- yazıçı Boris Akunin "Mixail Xodorkovski: Məqalələr, dialoqlar, müsahibələr" kitabını təqdim edir, Moskva, 20 yanvar, 2011
-

"ONUNLA BİR ZALDA OTURMAQ İSTƏMİRƏM"

Populyar rus yazıçısı Boris Akunin prezident Putinin noyabrın 21-də yazıçılarla görüşündə iştirak etməkdən imtina eləyib.

Yazıçı bu haqda özünün Facebook səhifəsində yazıb. O, prezident Putinlə bir zalda əyləşmək istəmədiyini bildirib.

Akunin yazır ki, nə qədər ki, Rusiyadakı siyasi məhbuslar azadlığa buraxılmayıb, o, prezidentlə görüşməyəcək: "Bu o demək olardı ki, mən insanları siyasi görüşlərinə görə həbsdə saxlayan adamın gözəl işlər haqqında çıxışlarına qulaq asmağı mümkün sayıram".

Yazıçı siyasi məhbus deyəndə oliqarx Mixail Xodorkovskini, "Pussy Riot"dan olan musiqiçiləri, "kütləvi iğtişaşlarda iştirak etdiyi üçün" tutulanları nəzərdə tutur:
Vladimir Putin
Vladimir Putin

"Avtoritar rəhbər ətrafında kordebaletdə olmaqla yazıçı sanki onun idarəçilik metodları ilə razılaşmış olur".

"İCTİMAİ NİHİLİZM"

Putinin mətbuat katibi Peskov isə Akuninin görüşdən imtinasını "ictimai nihilizm" adlandırıb. Akuninin siyasi məhbus adlandırdığı şəxslərinsə qanun əsasında həbs edildiyini, bunun siyasətlə bağlı olmadığını bildirib.

Prezident Putinin qatılacağı tədbirə digər tanınmış yazıçı Eduard Limonov da imtina edib:

"MİN BAŞ YAZIÇI"

Limonov "Livejournal"dakı bloqunda dəvətnaməyə cavab olaraq yazdığı məktubu dərc edib:

"Mənə məlumat verilib ki, tədbirə min başa yaxın yazıçı dəvət edilib. Mən isə tam əminəm ki, hər bir epoxa əslində yalnız bir görkəmli yazıçı yetirir. O həm də mütəfəkkir və öz dövrünün beyinlərinə hakim şəxs olur. Ya da barmaqla sayılacaq qədər belə yazıçı olur. Düşünürəm ki, barmaqla sayılan yazıçıların bir yerə toplaşmasına ehtiyac yoxdur. İdeyaların dostluğundan, yaxud ideyaların mübarizəsindən danışmaq olar, amma min baş içkili (onlar həmişə içkili olur) yazıçının toplandığı iclas iyrənc bir şeydir".
Eduard Limonov polis tərəfindən saxlanıb. O, toplaşmaq azadlığının müdafiəsi ilə bağlı aksiyada iştirak etdiyi üçün tutulub, 31 may 2013
Eduard Limonov polis tərəfindən saxlanıb. O, toplaşmaq azadlığının müdafiəsi ilə bağlı aksiyada iştirak etdiyi üçün tutulub, 31 may 2013

Limonov məktubunda vurğulayır ki, səhnəyə hansısa vəzifəli şəxsin çıxdığı bir iclasda zaldakı kresloda oturmaq istəmir, çünki bu onun adının hakimiyyətin nüfuzunun artırılması üçün istifadə edilməsi demək olardı.

Rəsmən elan edilib ki, noyabrın 21-dəki toplantı prezident administrasiyasının təşəbbüsü və rus klassiklərinin - Dostoyevski, Puşkin, Tolstoy, Şoloxov, Pasternak, Soljenitsının törəmələrinin təşkilatçılığı ilə keçirilir. Məqsəd yazarların problemlərinin həllinə kömək etmək, ədəbi layihələrə qrantların ayrılması, ədəbiyyat tədrisinin miqyasınının azalması və keyfiyyətinin düşməsinə qarşı tədbir görməkdir.

Tədbirə 500 yazıçı, tərcüməçi, muzey işçisi, kitabxanaçı, naşir Moskvadan, 500 nəfər də regionlardan dəvət edilib.
XS
SM
MD
LG