Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:35

Əliyevin ailəsinə bağlı London mülkləri ofşor trastların arxasında gizlədilir


Əliyevlər ailəsi
Əliyevlər ailəsi

Azərbaycan prezidenti İlham Əliyevin ailəsi və yaxınları Böyük Britaniyada dəyəri yüz milyonlarla dollarla dəyərləndirilən daşınmaz əmlak əldə ediblər. Onların həmin əmlak imperiyası hələ də dururmu? Şəffaflıqla bağlı yeni islahatlara baxmayaraq, ictimaiyyətin bunu bilməsinin elə bir yolu qalmayıb, çünki ofşor fondlara xüsusi yanaşma var. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (OCCRP) yazır.

Rusiya 2022-ci ildə Ukraynaya ərazisinə təcavüz edəndən sonra Böyük Britaniyada qəbul olunan yeni qanunvericiliyin məqsədi ölkədəki əmlak üzərində gizli xarici sahibləri aşkara çıxarmaq idi. Məsələn, OCCRP yeni məlumatlara istinadla Əliyevin qızlarının Londonda altı dəbdəbəli mənzili olduğunu yazır.

Di gəl, ailəyə məxsus 160 milyon dollarlıq 10 əmlakın hazırkı sahibləri naməlum qalır, çünki ofşor trastın idarəetməsinə verilib.

OCCRP vurğulayır ki, şəffaflıq tələb edənlər bunu korrupsiya ilə mübarizə səylərinə zərbə vuran ciddi boşluq sayırlar. Sənaye qrupları, bəzi siyasətçilər isə şəffaflığın artırılmasına qarşıdırlar, gizliliyin saxlanmasının gərəkdiyini vurğulayırlar.

OCCRP hələ 2021-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin və yaxın ətrafının Londonda dəyəri 700 milyon dollara yaxın daşınmaz əmlak əldə etdiyini üzə çıxarmışdı. Həmin mülklərin sahibləri isə onlarla gizli ofşor şirkətləri idi. Bu, əsl sahiblərin kimliyini gizlətməyə imkan verirdi. "Pandora Papers" adlı gizli ofşor sənədlərinin sızması həmin mülklərin Əliyevlərlə əlaqələndirilməsinə imkan verib.

Mülkiyyəti indi ofşor trastın arxasında gizlədilən Əliyevin mülkləri arasında Hayd- parkdan bir neçə addımlıq məsafədə yerləşən lüks "Knightsbridge" binasında dörd mənzil və iki penthaus var.
Mülkiyyəti indi ofşor trastın arxasında gizlədilən Əliyevin mülkləri arasında Hayd- parkdan bir neçə addımlıq məsafədə yerləşən lüks "Knightsbridge" binasında dörd mənzil və iki penthaus var.

Londondakı altı mənzil

2022-ci ildə qəbul olunmuş İqtisadi Cinayət Aktı Britaniyada əmlak sahibi xarici şəxslərdən benefisiar (əsl) sahibləri açıqlamağı tələb edir.

OCCRP və "Transparency International UK" daha əvvəl Əliyevlərlə əlaqələndirilən 23 London mülkünü yenidən araşdırıb. "Dənizaşırı Qurumlar Reyestri" prezidentin qızları Leyla və Arzu Əliyevaların Hayd-parkla üzbəüz küçədə altı dəbdəbəli mənzilin sahibi olduğunu göstərir.

Ancaq reyestrdə Əliyevlər və yaxınlarının 160 milyon dollara aldığı 10 əmlakın əsl sahiblərini görmək mümkün deyil. Bu halda Əliyevlərin əmlakları xüsusi ofşor trastlarla idarə etdiyi üzə çıxıb. (Trastın təsisçisi mülkiyyətini menecerə təhvil verir və əslində mülkiyyət hüququnu, onu idarə etmək qabiliyyətini itirmiş olur. Mülkiyyətin tək sahibi menecer olur. O, təsisçinin seçdiyi şərtlər əsasında gəlirləri bölüşdürür. Bu işə görə menecer mükafat da alır).

Azərbaycan prezident administrasiyası məsələni şərh etməyib. Ancaq prezident Əliyev vaxtilə sözü gedən əmlakları uğurlu biznes ilə əlaqələndirmişdi. 2021-ci ildə OCCRP-nin araşdırması yayılandan az sonra o, bir müsahibəsində prezident postuna gələrkən yoxsul olmadığını, sərvətini övladlarına transfer etdiyini deyirdi.

Britaniyada 700 milyon dollarlıq əmlak prezident ailəsinə məxsusdur
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

XS
SM
MD
LG