Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

"...Bu o demək deyil ki, mən sadizm, mazoxizm tərəfdarıyam"


Cavid Zeynallı
Cavid Zeynallı
-

Yazıçı Cavid Zeynallının tənqidlərə münasibəti:


"Yaxşı, mən Leyla çapında olan məşhur müğənni ilə yatmamışam deyə, şou biznes mühiti haqda heç nə yazmamalıydım?

Mətanət Vahidin qüsur kimi göstərdiyi o məqamları oxuyanda təəssüf etdim. Vallah, tənqidçi bu cür sadəlövh…

Əli Novruzovun məntiqi ilə Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Sabir Əhmədlinin də əsərlərindən kolxoz iyi gəlir…"


Cavid Zeynallının “Leyla” romanının Azadlıq Radiosunun “Oxu zalı”nda müzakirəsi başa çatdı. Ənənəmizə uyğun olaraq sonda yazıçı tənqidlərə münasibət bildirir.


- Cavid, sənin “Leyla” romanını oxuyandan sonra, istər-istəməz insanı o düşündürür ki, bu gün cəmiyyətimizdə bu qədər çox problem ola-ola sən romanına ən yüngül sahəni - şou-biznesi seçibsən. Bu nəylə bağlıdır?

- Seçdiyi mövzuya görə yazıçıya irad tutmaq, göstəriş vermək mənim aləmimdə qəbuledilməzdir. Yazıçının ürəyi nəyi istəyirsə, onu yazmaqda azaddır. Yəni klassik tərifdəki kimi “əsas məsələ nə yazmaqda deyil, necə yazmaqdadır”. Məni və bugünkü cəmiyyəti maraqlandıran əsas mövzulardan biri məhz şou-biznes mövzusudur və bu mövzunu bilərəkdən seçmişəm. Çünki insanlar şou-biznes nümayəndələrinin həyatına maraqla yanaşırlar. Televiziyadakı şou-biznes verilişlərinin reytinqi, cəmiyyətdə onlara qarşı münasibət bunu göstərir. Bunu ədəbiyyata gətirmək mənim məqsədim olub.

- Axı, yazıçı ictimai varlıqdır, oxucularının gözləntiləri ilə hesablaşmalıdır. Qəbul edirəm ki, şou-bizneslə maraqlanan oxucular da var, amma şou-biznes cəmiyyətin üçüncü dərəcəli problemlərindəndir. Səncə, yazıçının mövzu seçimində cəsarəti nə dərəcədə rol oynayır?


- Mənim hələ 28 yaşım var, bəlkə gələcəkdə elə mövzular seçəcəm ki, sənin kimi oxucuların da tələblərinə cavab verəcəm. Mətbuat problemi, mətbuat azadlığı, siyasiləşmiş cəmiyyətdə jurnalistlər, bir insanın taleyinin ölkəni idarə edən generallardan birinin qızından asılı olması kimi məqamlar mənim romanımda var. Əslində şou-biznes də ictimai hadisədir, deməzdim ki, bu üçüncü-dördüncü dərəcəli məsələdir. Bu gün şou-biznes cəmiyyətdə çox ciddi problemlərdən biridir və bunu yazmaq lazım idi.

- Sən bu romanı kitab kimi çap etməzdən əvvəl “Azərbaycan” jurnalında çap etdirmişdin, onda romanın qəhrəmanı Leylanın prototipi olduğu haqda söhbətlər yox idi, amma mətbuat nədənsə romanın müğənni Röyanın həyatından bəhs etdiyini elan edir. Bu, kitabı yaxşı satdırmaq üçün düşünülmüş bir şeydir, yoxsa həqiqətən də romandakı Leyla Röyanın prototipidir?

- Roman doğrudan da vaxtilə “Azərbaycan” jurnalında çap olunub. Amma Röya özü də bir verilişdə bildirdi ki, bu romanın ona aidiyyatı yoxdur. Belə bir xəbəri mən yaymamışam. Sadəcə, bu, saytların və mənim çevrəmdəki bir neçə nəfərin bir növ romanla bağlı piarı idi. Bu məsələni şişirtmək daha çox saytların marağında idi. Məsələn, təsəvvür edirsənmi, mən ANS-ə zəng vururam ki, pulsuz-pənahsız gəlin, mənim əsərimin piarını qurun? Bir neçə dəfə demişəm, bir də təkrar etmək istərdim: Leyla obrazı bir neçə müğənnimizin ümumiləşmiş bir obrazıdır. Kim burda özünü görə bilirsə, bu artıq mənim yox, həmin adamın günahıdır.

- Bu yaxınlarda romanın “Oxu Zalı”nda müzakirə olundu. Tənqidlərlə tanış oldun. Tənqidlərə münasibətin necədir?

- Səmimi deyim ki, heç vaxt əlimə qılınc götürüb əsərimi müdafiə etməyə həvəsim olmayıb. Elə yazıçılar var, özündən və yazdıqlarından o qədər narahat olur ki, əsəri tənqid olunanda onu beşəlli müdafiə edir. Mən dünyanın ən yaxşı romanını da yazsam və o əsər tənqid olunsa, tənqidlərdən heç vaxt qıcıqlanmaram, çalışaram öz arqumentlərimlə cavab verim. Necə deyərlər, böyük çıxmasın, potensialımdan və yazdığım mətndən arxayınam deyə, tənqidləri daxilən çox rahat qarşılayıram.

- Nərgiz Cabbarlı “Leyla”nı ümumilikdə müsbət qiymətləndirir, romanın yalnız bir neçə qüsurunu qeyd edir. O, jurnalistika kimi ağır bir mövzuya həsr edilməsinə baxmayaraq, romanda daha çox şou-biznesdən bəhs edilməsini müsbət qarşılamır və bildirir ki, hətta şou-biznes kimi bir mövzuda da ciddi yazmaq olardı. Buna münasibətin necədir?


- “Leyla”nı tənqid edən iki bloqçunu çıxmaq şərtiylə, orda yazanların savadına, istedadına qətiyyən şübhəm yoxdur. O ki qaldı Nərgiz xanımın fikirlərinə, əslində, “Leyla”da roman içində roman texnikasından istifadə edilib. Mənim əvvəlcədən məqsədim vardı ki, qəhrəmanların başına gələnləri bu şəkildə göstərim. Kimsə bu mövzuda məndən daha yaxşı yazmaq cəsarəti hiss edirsə, qoy yazsın. Qoy Nərgiz xanım özü yazsın, Nərgiz xanımın qələminə inandığı adamlar yazsın. Təbii ki, mən romanda hər şeyi ən xırdalığına qədər hesablayıb yazmışam və məhz bilərəkdən bu şəkildə yazmışam. Nərgiz xanımın tənqidçi kimi tələbləri başqadır, mənim yazıçı kimi tələblərim başqadır. Əli Novruzov da təqribən bu cür yazmışdı ki, jurnalistin başına gətirilənləri şou-biznesin fonunda qurmadan da yazmaq olardı, amma mənim məqsədim məhz o qəhrəmanı, “Leyla”nı yaratmaq olub.

- Azərbaycanda bir jurnalistin başına gələn faciələri yazmaqla, eyni zamanda Leylanın obrazını da yaratmaq olmazdımı?


- Olardı, niyə olmur. Mənim məqsədim Azərbaycan mühitində zahirən xoşbəxt görünən, çoxlu pul qazanan, adamların həsəd apardığı bir müğənninin faciəsini göstərmək idi. Mənə tutulan iradlardan biri də odur ki, sən şou-biznes mühitini yaxşı bilmirsən, amma ədəbiyyat, jurnalistika mühitinə bələdsən deyə, həmin hissələr daha yaxşı alınıb. Yaxşı, mən Leyla çapında olan məşhur müğənni ilə yatmamışam deyə, şou biznes mühiti haqda heç nə yazmamalıydım? Müqayisə yersiz çıxmasın, bu təxminən pedofil və zoofillərdən yazan yazıçıdan eyni şeyi tələb etməyə bənzəyir.

- Türk komediya aktyoru Cem Yilmaz stendaplarında tez-tez qeyd edir ki, hamının tanıdığı şou adamları, aktyorlar, müğənnilər bir qayda olaraq mətbuatda özlərinin keçmişdəki səfil və ümidsiz günlərindən bəhs edirlər, bununla özlərinin həm sadə xalqa yaxın olduqlarını, həm də faciəvi bioqrafiyaya sahib olduqlarını göstərərək tamaşaçılarda yalançı bir mif yaradırlar. Səncə, “Leyla” romanı da həmin ənənəvi mifin davamı deyilmi?

- Şou-biznes adamları da bizim kimi insandır, onların da həyatlarında çətinliklər var. İnanmıram ki, bu bütün hallarda mif olsun. Əlbəttə, kimsə öz piarı üçün bundan istifadə edir. Amma görünən gerçəklik odur ki, cəmiyyət məhz bu halda müğənniyə maraq göstərir. Əgər onların bioqrafiyaları uydurma olsa belə, ustalıqla uydurulub. Deməli, bunun özü də əsl ədəbiyyat mövzusudur.

- Azad Yaşar daha çox “Leyla”nın dil problemindən bəhs edir, söz, cümlə, deyimlərin xətalarını göstərir. O deyir ki, üslubda xətalar var, cümlələrdə məntiqi xətalar var. Doğurdanmı “Leyla” da redaktor işi zəif olub?

- Güman edirəm, əndazəni aşan özünütərif kimi qəbul etməzsən: mən gənc yazarların arasında Azərbaycan dilini ən yaxşı bilənlərdən biriyəm. Amma bu o demək deyil ki, mənim dilimdə qüsurlar ola bilməz. Yenə özündən razılıq bilmə: mən Azərbaycan dilinin bütün rənglərinə bələd olan Əkrəm Əylislinin və Mövlud Süleymanlının də cümlələrini redaktə edə bilərəm. Bunu bir dəfə demişəm: Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povesini oxuyanda onun cümlələrinə öz aləmimdə düzəlişlər edirdim ki, nə qədər artıq sözdən istifadə edilib. Əlqərəz, redaktə sonsuz və mübahisəli məsələdir. Mən Azad Yaşarı kifayət qədər peşəkar ədəbiyyatşünas, tərcüməçi hesab edirəm və o, öz məqaləsində bunu bir daha göstərdi. Amma bu o demək deyil ki, onun dediyi qüsurların hamısı ilə əlbəəl razıyam. Qətiyyən! Məsələn, o “köhnə-külə” sözünün yerində, “köhnə-kühnə”ni işlətməyi, “səhər ertə” sözünün yerinə “səhər çağı” yazmağı məsləhət görür. Bircə onu deyə bilərəm ki, mənim işlətdiyim sözlərin hamısı Azərbaycan dilinin izahlı lüğətində var. Kitabda bəzi dialekt sözləri də var, onları bilərəkdən işlətmişəm ki, o sözlər yaşasın.
Cavid Zeynallı
Cavid Zeynallı


- Azad Yaşar həmçinin bir neçə psixoloji məqamdan bəhs edir, məsəlçün, sənin qəhrəmanın Rəcəbin qadınlara münasibətini, qadınları “bir parça ət” kimi təsvir etməyini, qadına qarşı zorakı davranışların tərəfdarı olmasını müəllifin - yəni sənin çoxlu psixoloji komplekslərdən əziyyət çəkdiyini göstərdiyini vurğulayır. Doğurdanmı qadına qarşı romandakı örnək göstərilən davranışlar sənin üçün gerçək həyatda da keçərlidir?

- Azad Yaşar bir şeyi unudur ki, romandakı Rəcəb obrazı mən deyiləm, mənim qəhrəmanım elə fikirləşirsə, bu heç də mənim sadizm, mazoxizm tərəfdarı olduğumu göstərməz. Bu sadəcə, qəhrəmanın düşdüyü psixoloji vəziyyətə göstərdiyi adekvat reaksiyadır. Əsər boyu qəhrəmanın keçirdiyi sarsıntılar, əsəb qəhrəmanı bu həddə gətirib çıxardır.

- Mətanət Vahid öz məqaləsində suallar qoyur. “Cavid niyə yazır?” O bildirir ki, Cavid kütlə ədəbiyyatı yaratmaq niyyətində olub və bu baş tutub. O, birmənalı olaraq belə nəticə çıxarır ki, bu, ədəbiyyat naminə yazılmış bir əsər deyil. Bəlkə özün cavab verəsən, niyə yazırsan?

- Bunu bir neçə dəfə demişəm: məqsədim ciddi ədəbiyyatla belletristikanın vəhdətini tapmaqdır. Çünki hazırda ədəbiyyata, kitaba solaxay bir münasibət var, düşünürəm ki, itirilmiş oxucuları ədəbiyyata qaytarmağın yeganə yolu ciddi ədəbiyyatla belletristikanın ortaq məxrəcini tapmaqdır.

- Amma bununla hansı oxucularda maraq yaradırsan? Bir halda ki ölkədə mütaliə həvəskarı olan insanlarda televiziyaya, şou-biznesə bir ikrah var, səncə bu romanla insanlarda kitaba marağı daha da söndürmüş olmursanmı?


- Əksinə, mən sənin kimi düşünmürəm. Ola bilər sən televiziyaya baxmırsan, açığı, heç özüm də baxmıram, amma ölkədə televiziya izləyən insanların sayı çoxdur. Mənim məqsədim həmin izləyiciləri, xüsusilə də onların arasında olan gəncləri öz oxucuma çevirməkdir. Amma bu məqsədə heç də belletristika və bulvar ədəbiyyatı yaratmaqla nail olmaq fikrində deyiləm. Bu məqsədə yaxşı Azərbaycan dili və kəskin sujet xəttli iki kitabla nail olmaq istəmişəm. Kitabın satılıb başa çatmaq üzrə olması göstərdi ki, istədiyimə müəyyən qədər nail olmuşam.

- Səncə kitabın yaxşı satılmağı romanın uğurunun göstəricisidirmi? Ona qalsa Elxan Elatlının, Çingiz Abdullayevin də kitabları çox yaxşı satılıb, ancaq onlar haqda heç də böyük nəsr ustaları kimi bəhs olunmur. Bundan əlavə romanı mütaliə marağı olmayan, əksəriyyəti şou-biznesə, televiziyaya köklənmiş oxucuların gözləntiləri üzərində qurmaq, onların səviyyəsində mətn yaratmağa çalışmaq ədəbiyyatı inkişafdan saxlamırmı?

- Bilirsən, yazıçı kim olursa-olsun, nə yazırsa-yazsın, ona oxucu lazımdır. Kim deyirsə mən oxucu və mükafat üçün yazmıram, gözünün içinə qədər yalan danışır. Bəli, oxucunun kitabı oxumağı və axıra qədər oxumağı əsərin uğurunun əsas göstəricisidir. Biz orta-statistik oxucunu da ədəbiyyata cəlb etməliyik.
Namiq Hüseynov
Namiq Hüseynov


- Həm Mətanət Vahid, həm də İradə Musayeva romanda bir məntiqi uyğunsuzluğu ortaya çıxarır. Romanın ikinci adı “Taleyin üz çevirdiyi adamların hekayəti”dir. Əslində baş qəhrəman düz yolla gedib öz həyatını qura bilər, amma Leyla əxlaqsızlığa, fahişəliyə can atırsa, burda taleyin nə günahı var? Bu halda ondan qurban düzəltmək nə dərəcədə məntiqlidir?

- Mətanət Vahidin qüsur kimi göstərdiyi o məqamları oxuyanda təəssüf etdim. Vallah, tənqidçi bu cür sadəlövh və piyada suallar verməz: “Adamlar yanlış seçimlərinin, düşünmədən atılan məsuliyyətsiz addımların qurbanı olurlarsa, buna tale nə etsin?! Leylanı taleyin amansız qanunlarının qurbanı hesab etmək olarmı? Axı o, pul və şöhrət naminə ən pis yolu tutmuş, bunu şüurlu şəkildə etmiş biridir”. Absurd və tənqidçiyə yaraşmayan suallardır.

- İradə Musayeva sənin romanını oxuyarkən xeyli əziyyət çəkdiyini yazır və bunu sənə yaraşdırmır. Yenə də həmin əbədi müzakirəmizin üzərinə gəlib çıxırıq, ciddi müəllif, ciddi əsər yoxsa, qeyri-ciddi mövzulara həsr olunmuş, qeyri-ciddi əsərlər?

- İradə xanım yazısını bir növ mənə ürəyi yanırmış kimi yazıb. Bəri başdan mənə inandığına görə İradə xanıma təşəkkür edirəm. O, məqaləsində yazır ki, “Leyla”nı oxuyarkən əzab çəkdim. Əgər həqiqətən belə əzablı idisə, roman haqda yazmaq nə məcbur idi? Mənim romanımdan parçalar vermək, müsahibəmdən sitatlar gətirmək nə vacib idi? Vallah, açıq şəkildə sizə desəydi yazmaqdan imtina edirəm, qətiyyən inciməzdim.

- Əli Novruzov və Ramil Qafarov sənin romanının ən böyük qüsuru kimi aqrar estetikanı qabardıblar. Məsəlçün, Ramil Qafarov romanda hər addımbaşı əyalət vulqarlığının nəzərə çarpdığını yazır.

- Ramil Qafarovun yazısı səviyyəsiz yazıydı, ona görə də, geniş danışmaq istəmirəm. O adamın ədəbiyyata, kitaba münasibəti, kitabı elektron tərəziyə qoyub çəkməsi səviyyəsizliyin başqa adıdır. Kitabı yox, o bloqqerin öz başını tərəzidə çəkmək lazımdır.

- Əli Novruzov da sənin nəsr dilində eyni qüsuru sezib. Sənin üslubunu “kolxoz prozası” adlandırır. Həmçinin o qeyd edir ki, Cavid Zeynallı hətta o qədər püxtələşib ki, tipik şəhər mövzusunu, urbanistik tematikanı da kolxoz prozasının ən gözəl ənənələrində yazmağa müvəffəq olub. Səncə, bu haqlı tənqiddirmi?

- Bu iradı tutan adamlar bilmirlər ki, Azərbaycan dilinin kaloriti və zənginliyi var. Ona görə də, belə şeyləri qüsur kimi tuturlar. Yaxşı deyək ki, mən kənd uşağıyam, onlar özlərini şəhər uşağı kimi hiss edirlərsə, şəhər nəsri yazsınlar. Amma burda da hər şeyi ədəbi potensial həll edir. Əli Novruzovun yeddi hekayəsindən üçünü güclə oxudum. Orda dil deyilən şey yoxdur. Onun məntiqi ilə Əkrəm Əylislinin, Mövlud Süleymanlının, Sabir Əhmədlinin də əsərlərindən kolxoz iyi gəlir, nə olsun ki, kənddən bəhs edir. İkincisi də, Əli Novruzov məqaləsində mənim romanımdakı oxucunu maraqda saxlamaq texnikasından bəhs edir və bunu primitiv texnika hesab edir. Kaş Əli “7 hekayə”sində də bu “primitiv” texnikadan istifadə edib oxucunu maraqda saxlaya biləydi. Əli kitabımın arxa qapağını qüsur kimi tutmuşdu, bu, sırf bazara hesablanmış bir şeydir ki, oxucu vitrində görəndə kitabı alsın, bunun istedada, potensiala nə dəxli var? Bundan başqa Əli Novruzov jurnalistin əzablı taleyini bayağı şou-biznes mövzusuna çevirdiyimi yazır. Yazıçı olacağına gümanım olmasa da, bu mövzunu Əli Novruza həvalə edirəm. Təki yaxşı yaza bilsin və bizə bircə şey qalsın: uğura sevinmək.
XS
SM
MD
LG