Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 00:10

Vatikan arxivləri Azərbaycan tarixinə işıq salır


Fərid Ələkbərli
Fərid Ələkbərli
-
AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Fərid Ələkbərlinin Vatikan Məxfi Arxivinə və Apostol Kitabxanasına uzunmüddətli ezamiyyətləri başa çatıb.

Fərid Ələkbərli 2011-2014 illərdə Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin tapşırığı ilə Vatikanda ezamiyyətlərdə olub.

Səfərlərin əsas məqsədi Vatikan Məxfi Arxivlərində Azərbaycana aid tarixi sənədlərin aşkarlanması və ilkin araşdırmaya cəlb olunması idi.

700-DƏN ÇOX SƏNƏD ARAŞDIRILIB, 85 SƏNƏD AŞKARLANIB

Yenicə səfərdən dönən Fərid Ələkbərlinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, bu müddət ərzində Vatikan Məxfi Arxivlərində 700-dən çox sənəd araşdırılıb və Azərbaycan tarixinə aid 85 sənəd aşkar olunub.

Bu sənədlər italyan, latın, yunan, fransız, ərəb, fars, türk, monqol, erməni və sair dillərdədir.

Aşkarlanmış sənədlər X-XX əsrləri, yəni Azərbaycan tarixinin minillik dövrünü əhatə edir.

Sənədlərin arasında ortaçağ Azərbaycan hökmdarlarının (Elxani, Səfəvi, Əfşar, Qacar və b.) Roma Papaları ilə məxfi yazışmalarını əks etdirən məktublar var.

Başqa sənədlər Vatikan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır.

VATİKAN APOSTOL KİTABXANASI: 400-DƏN ÇOX ƏLYAZMA!

Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılıb.

Orada 400-dən çox qədim əlyazma əsəri tədqiqata cəlb olunub.

Bunun nəticəsində həmin kitabxanada orta əsr Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma və çox sayda xəritə tapılıb.

Bunlar Azərbaycan (türk), fars, ərəb dillərində olan ortaçağ əlyazma kitablarıdır.

Onların arasında məşhur Azərbaycan müəlliflərinin (Nizami, Füzuli, Nəsimi, Şəbüstəri, Sührəverdi və b.), eyni zamanda indiyədək adı bizə məlum olmayan orta əsr müəlliflərinin 11 əsəri var.

XƏRİTƏLƏR «AZƏRBAYCAN» ADLI ÖLKƏNİN VARLIĞINI TƏSDİQLƏYİR

Vatikana son ezamiyyət müddətində (2013-2014) Azərbaycan tarixinə aid orta əsr Avropa və Şərq xəritələri aşkar edilib.

Fərid Ələkbərlinin sözlərinə görə, XV-XVIII əsrləri əhatə edən bu coğrafi xəritələrin əhəmiyyəti ondan ibarətdir ki, həmin xəritələr qədimdə və orta əsrlər zamanı «Azərbaycan» adlı ölkənin mövcudluğunu təsdiqləyir. «Qarabağ», «Midiya», «Şirvan» və «Arran» kimi coğrafi ərazilərin sərhədləri də müəyyən edilir.

Burada erməni alimlərinin uydurmalarının əksinə – Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinədək uzanan ərazilər Azərbaycan torpaqları kimi göstərilir.

Bəzi xəritələrdə Xəzər Dənizi «Bakı Dənizi» kimi qeyd olunur.

Fərid Ələkbərli 2013-2014 illərdə Vatikan Apostol Kitabxanasında aparılan araşdırmalarda anadilli (türkdilli) əsərlərin tədqiqinə xüsusi fikir verdiyini bildirir.

100-DƏN ÇOX ANADİLLİ ORTAÇAĞ ƏLYAZMASI…

İlk dəfə olaraq 100-dən çox bu vaxtadək qeydə alınmamış və təsvir olunmamış türkdilli, o cümlədən azərbaycandilli orta əsr əlyazması aşkar olunub, onlar ilkin tədqiq və təsvir edilib.

Aşkar olunmuş əlyazmaların arasında nəzm və nəsr əsərləri, Azərbaycan tarixini işıqlandıran, Eldənizlər, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər və sair Azərbaycan dövlətlərinin tarixindən xəbər verən əlyazmalar var.

Aşkar olunmuş əlyazmaların kataloqunun hazırlanması üçün Vatikan Apostol Kitabxanası ilə əməkdaşlıq qurulub.

İKİ KATALOQ ÜZƏRİNDƏ İŞ GEDİR

Hazırda iki kataloq üzərində iş davam etdirilir: Vatikan Apostol Kitabxanasının Azərbaycan Əlyazmaları Kataloqu və Vatikan Apostol Kitabxanasında aşkar edilən yeni türkdilli əlyazmaların kataloqu.

Tədqiqatlar zamanı üzə çıxarılan Azərbaycan əlyazmalarının rəqəmləşdirilməsini təmin etmək üçün bu əlyazmaların siyahısı tutularaq Heydər Əliyev Fonduna və Vatikan Apostol Kitabxanasının müdiriyyətinə təqdim edilib.

Fərid bəyin fikrincə, əlyazmaların yüksək keyfiyyətli rəqəmsal surətlərinin hazırlanması, onların gələcək nəsillər üçün qorunub saxlanmasına daha böyük zəmanət yaradır.

ƏLYAZMALARIN RƏQƏMSAL SURƏTLƏRİ ARTIQ HAZIRDIR!

Heydər Əliyev Fondunun tapşırığı ilə Azərbaycan əlyazmalarının yüksək keyfiyyətli rəqəmsal surətləri artıq Vatikan tərəfindən hazırlanıb.

ƏLYAZMALAR BƏRPA OLUNUB

Fərid Ələkbərli aşkar olunmuş Azərbaycan əlyazmalarının Vatikan tərəfindən bərpa olunduğunu da bildirdi.
XS
SM
MD
LG